AMEA-nın Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoyun ““Dədə Qorqud” eposu. III kitab. Şaman-Qəhrəmanın Xaos dünyasına yolçuluğu” kitabı çapdan çıxıb.
Çağdaş Azərbaycan folklorşünaslığının tanınmış simalarından olan professor Seyfəddin Rzasoy qorqudşünaslıqla bağlı fundamental tədqiqatları ilə də tanınır. Onun “Dədə Qorqud” eposu” seriyasından 2022-ci ildə I kitab kimi “Qəhrəmanın ölüb-dirilməsi”, 2024-cü ildə II kitab kimi “Dastanın Alp Aruz variantının ilk bərpa təcrübəsi” monoqrafiyaları işıq üzü görüb. Alimin bu yaxınlarda nəşr olunan “Şaman-Qəhrəmanın Xaos dünyasına yolçuluğu” monoqrafiyası da “Dədə Qorqud” eposu” seriyasının davamı – 3-cü kitabıdır.
Müəllifin 2015-ci ildə nəşr olunmuş “Azərbaycan dastanlarında şaman-qəhrəman arxetipi” adlı monoqrafiyasının ““Salur Qazanın evinin yağmalanması” boyunun kosmoloji struktur modeli” adlanan üçüncü fəsli əsasında hazırladığı bu kitabda Azərbaycan/Oğuz/Türk etnokosmik düşüncəsinin əsas struktur modellərindən olan Şaman/Qəhrəman arxetipi “Kitabi-Dədə Qorqud” dastanının ikinci boyu əsasında bərpa olunub. Qeyd edək ki, tədqiqat mətn informasiyası üzərində qurulub, mətnin verdiyi ritual-mifoloji informasiya əsasında kosmoloji düşüncənin arxetip, formul və sxemləri rekonstruksiya edilib.
Annotasiyada müəllifin özünün də qeyd etdiyi kimi, bu kitab alimin “Azərbaycan dastanlarında şaman – qəhrəman arxetipi (“Əsli və Kərəm” və “Dədə Qorqud”)” adlı monoqrafiyasının (“Elm və təhsil”, 2015) “Salur Qazanın evinin yağmalanması” boyu”nun kosmoloji struktur modeli” adlanan 3-cü fəsli əsasında hazırlanıb. 10 ildən artıq davam edən elmi araşdırmalarının məhsulu kimi araya-ərsəyə gələn bu kitab Seyfəddin Rzasoyun digər əsərləri kimi ciddi elmi araşdırmaların nəticəsi olaraq özünün orijinallığı və əsaslı yenilikləri ilə seçilir.
Müəllif kitaba yazdığı genişhəcmli giriş yazısında “Azərbaycan dastanlarında şaman – qəhrəman arxetipi” probleminin nəzəri-metodoloji əsaslarına aydınlıq gətirib, beləliklə, oxucuları bəhs açılacaq mövzu ilə bağlı elmi-nəzəri biliklərlə ətraflı məlumatlandırıb. Eyni zamanda tədqiqatın əsas məqsədinin nədən ibarət olmasına diqqəti yönəldən alim göstərir ki, “dastanların “düşüncə” strukturu ilə şaman düşüncəsinin strukturu arasında identifikasiya (eyniləşdirmə) modeli qurmaqla bu modelin funksional hərəkəti, bu hərəkəti yaradan mexanizmlər, onların quruluşu, işlənmə prinsipləri və s. haqqında düşünməkdir”. Bu yanaşma, əslində müəllifin problemə baxışının, demək olar ki, açarıdır. Alim şaman düşüncəsinin strukturunu və dastan mətninin alt qatında gizlənən metaforik düşüncə strukturunu paralel müstəviyə gətirməklə müqayisələr yolu ilə identifikativ kodları tutuşdurmaqla təhlil aparıb. Professor Seyfəddin Rzasoy özünün uzunmüddətli, gərgin elmi axtarışları nəticəsində haqlı olaraq belə qənaətə gəlib ki, “Azərbaycan dastanları ənənəvi düşüncənin strukturunu inikas edir. Şaman da eyni ənənəvi düşüncə strukturuna malik olub. Bu cəhətdən şaman qamlamasının strukturunun Azərbaycan dastanlarının poetik strukturunda “təkrarlanması” bunları vahid düşüncə sisteminə aid edir. Demək, istər dastanlarımızın, istərsə də şamanın düşüncəsinin strukturunun əsasında eyni etnoenergetik sxemlər durur”.
Professor S.Rzasoyun gəldiyi bu fundamental qənaət işığında “Kitabi-Dədə Qorqud” dastanında Qazan xanın hərəkət və davranışlarının daşıdığı mifik məna səviyyələrinin şamanların magik davranış aktları – qamlama ritualları ilə paralel sxemlər olduğu görünür. Başqa sözlə, xalqın arxaik mifik görüşlər sistemi tarixin nisbətən sonrakı inkişaf mərhələlərində xalq yaradıcılığının nəhəng ədəbi hadisəsi olan dastan janrlarında dünyagörüşü hadisəsi olaraq bədii mətn dilinə transformasiya olunub. Bugünkü dünyanın gözü ilə yanaşanda, bizə Ezop dili kimi sirli-müəmmalı görünən dastan mətnindəki rəmzi-metoforik – mifik görünüş və davranışları isə, görkəmli mifoloq-alim Seyfəddin Rzasoy böyük ustalıqla oxuya bilib. Alim, Qazan xanın xaos dünyasına səfərinin (yolçuluğunun) alt məna qatlarını sirli-sehrli mifik dünyagörüş qanunlarına söykənərək açıqlamağa müyəssər olub.
Hər şeydən öncə, o, Oğuz/türk insanının mifoloji şüurunda dünyanın üçqatlı səviyyədə təsəvvür olunması barədə dünya modelinə əsaslanaraq belə bir nəticəyə gəlir: “Kosmoloji çağ insanının (oğuzlunun) mənimsəyə bildiyi dünya onun düşüncəsində üç qatdan: “Kosmos – Aralıq dünya – Xaos”dan ibarət struktur şəklində obrazlaşır”. Məhz Dünya Modelinin mifoloji şüurdakı bu universal səviyyəsini əsas kod kimi götürən Seyfəddin Rzasoy Qazan xanın – dastan qəhrəmanının xaos dünyasına yolçuluğunu açıqlayır və bunun əslində mifoloji (eləcə də real) qanunauyğunluq olduğunu və dastanda da bu cür ifadəsini tapdığını göstərir. Mifoloji dünya modeli real dünyada da özünü bu şəkildə göstərir, desək yanılmarıq. Qazan xanın xaos dünyasına səfəri, orada qaranlıq dünyada qalması və sonradan öz zoru – qəhrəmanlığı və s. hesabına yenidən qayıdıb öz hakimiyyətini bərpa etməsini – xanolma ritualını (folklorşünas S.Qarayevin təbirincə, Qazan xanın “taxta çıxıb taxtdan enməsi”ni) S.Rzasoy məhz bu mifoloji qanunauyğunluqla əsaslandırır.
Qeyd edək ki, S.Rzasoyun “Elm və təhsil” nəşriyyatında işıq üzü görən ““Dədə Qorqud” eposu. III kitab. Şaman-Qəhrəmanın Xaos dünyasına yolçuluğu” kitabının redaktoru filologiya elmləri doktoru Sərxan Xavəri, rəyçiləri isə filologiya elmləri doktoru Qalib Sayılov, filologiya üzrə fəlsəfə doktoru Səfa Qarayev və filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyevdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.