Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda illik Mülki Müdafiə tədbirlər planına əsasən, rəhbər heyətin Mülki Müdafiə məşqi keçirilib.
İnstitutun Mülki Müdafiə Qərargah rəisi Murad Şahmuradov tərəfindən məşq iştirakçılarının toplanışı və yoxlanılmasından sonra, müəssisənin icraçı direktoru, t.e.d. Nizami Mürsəlov məşqi açıq elan edib. N.Mürsəlov fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili mövzusunda fikirlərini bildirib və tədbirin əsas məqsədinin rəhbər heyət tərəfindən Mülki Müdafiə planının öyrənilməsi və dəqiqləşdirilməsi, Mülki Müdafiə tədbirlərini yerinə yetirərkən rəhbər, komandir, rəis heyətinin bacarığının artırılması olduğunu deyib.
Daha sonra institutun Mülki Müdafiə Qərargah rəisi Murad Şahmuradov toplantı iştirakçılarına fövqəladə hadisələrin nəticələrini aradan qaldırarkən xəbərdarlıq və idarəetmə qaydalarının sxemi üzrə məşq edilməsini diqqətə çatdırıb.
Məşq iştirakçıları Mülki Müdafiə tədbirlərini yerinə yetirməkdə fəallıq göstərərək müəyyən biliklərə və əməli vərdişlərə nail olublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.