AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Çoxəsrlik tariximizin şanlı Zəfər Günü” adlı elmi sessiya keçirilib.
Tədbirdən öncə institutun kollektivi İkinci Fəxri xiyabana gələrək, 44 günlük Vətən müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın məzarını ziyarət ediblər. Şərqşünas alimlər Zəfər Günü ərəfəsində şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anaraq, məzarları üzərinə gül dəstələri düzüblər.
Elmi sessiyanın əvvəlində tədbir iştirakçıları Qarabağ müharibəsi şəhidlərinin ruhunu 1 dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva 80-ci illərdə Qarabağda baş qaldıran erməni separatçılarının 90-cı illərin əvvəllərində torpaqlarımızın 20 faizini işğal edərək 1 milyondan çox azərbaycanlını doğma yurdlarından qaçqın və köçkün saldığını deyərək, 30 ilə yaxın bu torpaqların işğal altında qaldığını xatırladıb. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə hərc-məcliyə, xaosa son qoyulduğunu və ordu quruculuğuna başlanıldığını vurğulayan Gövhər Baxışəliyeva, 2003-cü ildən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda iqtisadi islahatların sürətləndiyini, beynəlxalq münasibətlərin inkişafına, modern ordu quruculuğuna başlanıldığını qeyd edib. Bütün bunların nəticəsində hakimiyyət və xalq birliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində şanlı zəfər çalaraq, torpaqlarımızı işğaldan azad edib.
Bu müharibədə canlarından keçən şəhidlərin qəhrəmanlıqlarından danışan G.Baxşəliyeva Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında 3 dekabr 2020-ci il tarixli Sərəncamını xatırladıb.
İnstitutun icraçı direktoru, f.ü.f.d. Ruhəngiz Cümşüdlü elmi sessiyada çıxış edərək Vətən müharibəsində qazanılan tarixi zəfərin əhəmiyyətindən danışıb. R.Cümşüdlü 44 günlük müharibənin dünya palitrasında Azərbaycan və azərbaycanlı obrazının dəyişdiyini ifadə edən qəhrəmanlıq səhifəsi olduğunu, bu müharibədə müzəffər ordumuzun öz hərbi qüdrəti və mənəvi əzmi ilə düşmənə tarixi ibrət dərsi verdiyini deyib. R.Cümşüdlü Ali Baş Komandan İlham Əliyevin söylədiyi “Bizim şanlı ordumuzun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir. 44 günlük müharibənin hər bir günü zəfər günü idi” fikrinin Vətən müharibəsinin reallıqlarını özündə əks etdirdiyini bildirib və ölkə başçısının bu sözlərini də diqqətə çatdırıb: “Şəhidlərimizin qanı yerdə qalmadı. Döyüş meydanında qisasımızı aldıq. Ərazi bütövlüyümüzü təmin etdik.”
İnstitutun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Namiq Məmmədov şanlı zəfərin qazanılmasında Türkiyə - Azərbaycan strateji əməkdaşlığının rolundan, İran filologiyası şöbəsinin aparıcı elmi işçisi, f.ü.f.d. Şəmsi Əhmədov Vətən müharibəsində qələbəyə gətirib çıxaran amillərdən, Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin elmi işçisi, Vətən müharibəsinin iştirakçısı Pərviz Ağayev öz keçdiyi döyüş yolundan danışıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.