Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.11.2022 15:01
  • A-
  • A
  • A+

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli “Xarıbülbülün vətəni - Şuşa” adlı sərginin açılışında iştirak edib

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli “Xarıbülbülün vətəni - Şuşa” adlı sərginin açılışında iştirak edib

Milli Azərbaycan Tarixi Muzeyində “Xarıbülbülün vətəni - Şuşa” adlı sərginin açılış mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının millət vəkilləri, dövlət və ictimai qurumlarının nümayəndələri, alimlər, tədqiqatçılar, muzey əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı qonaqları salamlayaraq, tədbirin əhəmiyyəti barədə ətraflı məlumat verib. Akademik muzey tərəfindən Qarabağa həsr olunmuş tədbirlərin mütəmadi olaraq keçirildiyini xüsusi vurğulayıb. Qeyd edib ki, ölkəmizdə “2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq, Tarix Muzeyində Şuşa şəhərinin tarix və mədəniyyətinin təqdim edilməsi ilə bağlı silsilə tədbirlər və sərgilər keçirilib, onlardan biri hazırda muzeydə nümayiş olunan “Xarıbülbülün vətəni - Şuşa” adlı sərgidir.

N.Vəlixanlı sərginin ərsəyə gəlməsində muzey əməkdaşlarına, xüsusilə sərginin kuratoru, muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d., dosent Səbuhi Əhmədova xüsusi təşəkkürünü bildirib.

Sonra AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Milli Azərbaycan Tarixi Muzeyində keçirilən sərgilərin, tədbirlərin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib. Akademik vurğulayıb ki, bu sərgi Şuşaya aid maddi-mədəniyyət nümunələrimizin ziyarətçilərdə tariximizin və mədəniyyətimizin bu günədək keçdiyi inkişaf yolu barədə ətraflı təsəvvür formalaşdırmasına imkan verəcək. İ.Həbibbəyli sonda sərginin təşkil olunmasında əməyi keçən muzey əməkdaşlarına öz minnətdarlığını bildirib.

Sonda qonaqlar sərgi ilə tanış olublar.

Qeyd edək ki, sərgi Şuşanın tarix və mədəniyyətinin müxtəlif dövrlərini əks etdirən, muzeyin zəngin kolleksiyası əsasında hazırlanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: