Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.11.2022 14:59
  • A-
  • A
  • A+

Ədəbiyyat Muzeyində Dövlət Bayrağı Günü və Zəfər Gününə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib

Ədəbiyyat Muzeyində Dövlət Bayrağı Günü və Zəfər Gününə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində bu qurumun Elmi inkişaf və tədris layihələri şöbəsinin və Həmkarlar Təşkilatının birgə təşkilatçılığı ilə Bakı məktəbliləri arasında Dövlət Bayrağı Günü və Zəfər Gününə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib. 

Müsabiqə Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.

Tədbiri giriş sözü ilə muzeyin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri, f.ü.f.d. Nəzmiyyə Yiğitoğlu açaraq qarşıdan gələn Zəfər Günü münasibətilə iştirakçıları təbrik edib. 2020-ci il sentyabrın 27-də başlayan və noyabrın 8-də parlaq qələbə ilə nəticələnən Vətən müharibəsindən söz açan Nəzmiyyə Yiğitoğlu Azərbaycan xalqının Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini və mübarizliyini nümayiş etdirdiyini vurğulayıb. Bildirib ki, bütün bu uğurların önündə Prezident İlham Əliyevin düzgün qurulmuş iqtisadi siyasəti dayanır. N.Yiğitoğlu Azərbaycan xalqının Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyəti və ordumuzun rəşadəti sayəsində bu gün qalib ölkənin vətəndaşları kimi Zəfər Gününü qeyd etdiyini diqqətə çatdırıb.

Vətənpərvərlik mövzusunda keçirilən müsabiqədə Bakı şəhərinin 12 rayonundan 24 məktəbli (hər birindən iki olmaqla 4-11-ci sinif şagirdləri) və 12 müəllim (hər məktəbdən bir müəllim) iştirak edib.

Müsabiqədə Bakı məktəblilərinin ifasında şeirlər səsləndirilib. Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdləri mahnılar ifa ediblər.  

Bədii qiraət müsabiqəsinin münsiflər heyətində təmsil olunan şair, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu, şair və nasir Qəşəm İsabəyli, Əməkdar artist, bədii qiraət ustası Azad Şükürov məktəblilərin mahnı və şeir ifalarını obyektiv olaraq qiymətləndirib, çıxışlarla bağlı fikir və mülahizələrini ifadə ediblər.

Azad Şükürov uşaqlara məktəblərdə düzgün orfoepiya qaydalarının öyrədilməsinin əhəmiyyətli məsələlərdən olduğunu bildirib, müsabiqədə iştirak edən şagirdlərin mahnı və şeir ifaları zamanı orfoepiya qaydalarına əməl etməsinin, sözləri ahəngdar tələffüz etməsinin, monotonluğa yol verməməsinin zəruriliyindən danışıb.

Münsiflər heyətinin üzvü Rafiq Yusifoğlu Zəfər Gününə həsr olunmuş şeirlər kitabını muzeyə, “Göyərçin” jurnalını və “Zəfər dastanı” kitabını isə şagirdlərə hədiyyə edib. 

Sonda müsabiqədə iştirak edən bütün şagirdlərə Fəxri fərman və Təşəkkürnamələr, onları müsabiqəyə hazırlaşdıran müəllimlərə isə hədiyyələr təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: