AzərTac müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.
Heydər Əliyevin Moskva həyatı
1969-1982-ci illərdə Azərbaycana uğurla rəhbərlik edən, yüksək təşkilatçılıq qabiliyyəti və cəsarətli ideyaları ilə SSRİ məkanında tanınan Heydər Əliyev 1982-ci il noyabrın 22-də Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçildi, noyabrın 24-də SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edildi. Bununla da dahi rəhbərin Moskva həyatı başladı. Ulu Öndər həmin illəri sonralar “Kreml beşilliyi” adlandırdı.
18 yanvar. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev Dəniz Donanması Nazirliyinin geniş kollegiya iclasında çıxış etdi.
4 mart. Baykal-Amur dəmir yolu xəttinin tikintisi üzrə hökumət komissiyasının ilk iclasına sədrlik etdi.
14 aprel. İttifaqlar Evində görkəmli Azərbaycan dirijoru və bəstəkarı Niyazinin 70 illiyinə həsr olunmuş gecədə iştirak etdi.
18 iyul. Kremldə Macarıstan Xalq Respublikasının Nazirlər Sovetinin sədri D.Lazarla görüşdü.
2 avqust. Kremldə Meksika Milli Konqresinin nümayəndə heyətini qəbul etdi.
6 avqust. Kremldə Suriya Ərəb Respublikasının nümayəndə heyətinin rəhbəri, Xalq Şurasının sədri Mahmud Zuabi ilə görüşdü.
12 avqust. Kremldə Yəmən Ərəb Respublikasının səhiyyə naziri M.Kababanı qəbul etdi.
25 avqust. Kremldə ABŞ-ın dövlət nümayəndə heyəti ilə görüşdü.
5 sentyabr. Bakıda Şərq xalçaları sənətinə dair beynəlxalq simpoziumun keçirilməsi ilə əlaqədar Azərbaycan Dövlət Rəsm Qalereyasında açılmış Azərbaycan xalçaları sərgisini ziyarət etdi.
24 sentyabr. Bakıda böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 100 illiyinə həsr edilmiş “İblis” tamaşasına baxdı.
1 oktyabr. M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyov adına Dövlət Simfonik Orkestrinin Beynəlxalq musiqi dünyasına həsr edilmiş konsertində oldu.
15 oktyabr. Kremlin Qurultaylar sarayının səhnəsində Fikrət Əmirovun 60 illiyi münasibətilə tamaşaya qoyulmuş “Min bir gecə” baletinə baxdı.
27 oktyabr - 2 noyabr. Heydər Əliyevin rəhbərliyi ilə SSRİ nümayəndə heyəti Vyetnamda səfərdə oldu.
19 noyabr. Kremldə Yaponiyanın 4 siyasi partiyasının nümayəndə heyətini qəbul etdi.
Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi illərdə Sovet İttifaqının nəqliyyat, rabitə, elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinə, eləcə də ölkənin xarici siyasətinə böyük dəyişikliklər gətirdi.
1982-ci ilin dekabrında ona İttifaqın Yollar Nazirliyi, Dəniz Donanması Nazirliyi, Yol Tikinti Nazirliyi, Rabitə Nazirliyi, eləcə də müttəfiq respublikaların avtomobil, çay nəqliyyatı və yol təsərrüfatı məsələlərinə nəzarət, Baykal-Amur dəmir yolu tikintisi məsələləri üzrə daimi komissiyaya rəhbərlik həvalə edilmişdi. 1983-cü ilin fevralında isə bu sıraya Ümumittifaq Səhiyyə Nazirliyi, Tibb Sənayesi Nazirliyi, Mədəniyyət Nazirliyi, Maarif Nazirliyi, Ali və Orta İxtisas Təhsili Nazirliyi, Dövlət Texniki-Peşə Təhsili Komitəsi, Dövlət Teleradio Verilişləri Komitəsi, Dövlət Kinematoqrafiya Komitəsi, Dövlət Nəşriyyatı, İdman Komitəsi, SİTA, Dövlət Arxiv və Müəlliflik Hüququ Agentliyi üzrə məsələlər əlavə olundu.
1982-ci il dekabrın 13-də SSRİ Yollar Nazirliyinin geniş kollegiya iclasına sədrlik edən Heydər Əliyev bu sahədəki problemləri üzə çıxardı və qarşıda duran vəzifələri müəyyənləşdirdi. Onun nəqliyyat məsələlərinə nəzarət etməsi tezliklə müsbət nəticəsini verdi. Heydər Əliyev 1983-cü ildə istər SSRİ Dəniz Donanması Nazirliyinin, istərsə də SSRİ Rabitə Nazirliyinin geniş kollegiya iclaslarında bu sahələrin inkişafında yeni istiqamətlər müəyyənləşdirdi.
Həmin dövrdə SSRİ miqyasında ən böyük layihələrdən biri Baykal-Amur magistralının (BAM) tikintisi idi. 1983-cü il martın 4-də SSRİ Nazirlər Sovetinin bununla bağlı komissiyasının Heydər Əliyevin sədrliyi ilə keçirilən ilk iclasında magistralın tikintisində ciddi çatışmazlıqlar üzə çıxarıldı. Yollar Nazirliyi və Nəqliyyat-Tikinti Nazirliyi qarşısında təcili olaraq çatışmazlıqların aradan qaldırılması və perspektiv inkişaf proqramı işləyib-hazırlamaq vəzifəsi qoyuldu.
Heydər Əliyev BAM-ı Sibirin və Uzaq Şərqin faydalı qazıntılarının təsərrüfat dövriyyəsinə daxil edilməsi baxımından yüksək qiymətləndirir, tikinti işlərinin gedişini nəzarətdə saxlayırdı.
1983-cü ilin martında Ulyanovskda “Suvorov” gəmisi qəzaya uğradı. Qəza nəticəsində təqribən 160 nəfər həlak oldu. Bununla bağlı yaradılan dövlət komissiyasına rəhbərlik Heydər Əliyevə tapşırıldı. O, həlak olan hər bir dənizçinin qohumları və yaxınları ilə görüşdü, bütün təşkilati məsələləri yoluna qoydu.
Sovet İttifaqının rəhbərlərindən biri olan Heydər Əliyevin fəaliyyət dairəsinə, həmçinin SSRİ-nin Yaxın Şərq, Mərkəzi və Cənub-Şərqi Asiya, Latın Amerikası ölkələri ilə münasibətləri məsələləri daxil idi. Kreml dövrü görkəmli siyasi xadimin həmin ölkələrə rəsmi səfərləri, dövlət rəhbərləri ilə keçirdiyi məhsuldar görüşlərlə də yadda qalıb. Fransız politoloqu Alan d'ESKAR SSRİ-nin Yaxın Şərq siyasətində Heydər Əliyevin xidmətlərini belə qiymətləndirmişdi: “Cənab Əliyev! 1982-ci ildə Sizin Kremlə gəlişinizlə Sovetlər Birliyinin Yaxın Şərqdəki siyasəti kökündən dəyişdi, ona yeni impuls verildi”.
Heydər Əliyev 1983-cü il avqustun 6-da Kremldə Suriya Ərəb Respublikasının nümayəndə heyətinin rəhbəri, Xalq Şurasının sədri Mahmud Zuabini, avqustun 12-də Yəmən Ərəb Respublikasının səhiyyə naziri M.Kababanı qəbul etdi. Görkəmli siyasi xadimin 1983-cü ildə Kremldə Macarıstan Xalq Respublikasının Nazirlər Sovetinin sədri D.Lazarla, Meksika Milli Konqresinin, Yaponiyanın siyasi partiyalarının nümayəndə heyətləri ilə görüşləri də İttifaqın beynəlxalq əlaqələrində yeni ab-hava yarandığından xəbər verirdi.
1983-cü ilin avqustunda ABŞ-ın kənd təsərrüfatı naziri Con Blokun başçılığı ilə nümayəndə heyəti Moskvaya səfər etdi. Heydər Əliyevlə görüş zamanı Sovet – Amerika münasibətlərinin vəziyyətinə və xüsusilə, taxıl üzrə yeni müqavilənin əhəmiyyəti məsələsinə toxunuldu. C.Blok Vaşinqtona qayıtdıqdan sonra səfərinin nəticələrinə dair məlumatda Heydər Əliyevlə apardığı danışıqlardan razılığını ifadə etmişdi. Həmin görüşün nəticələri sentyabrın 8-də Sov.İKP MK Siyasi bürosunun iclasında da müzakirə edildi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin ABŞ-ın kənd təsərrüfatı naziri ilə söhbətinin məzmunu bəyənildi.
Sovet İttifaqı Vyetnam Sosialist Respublikası ilə dostluq və əməkdaşlıq yaradılmasına böyük əhəmiyyət verirdi. 1983-cü ilin oktyabrında iki dövlət arasında dostluq və əməkdaşlıq haqqında müqavilənin beşilliyi münasibətilə Vyetnamda tədbirlər keçirildi. Tədbirlərdə iştirak etmək üçün Vyetnama Heydər Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti göndərildi. Həmin səfər zamanı Heydər Əliyev Cənub-Şərqi Asiyada Vyetnam Sosialist Respublikasının xətti ilə sülh, əməkdaşlıq zonasının yaradılması işinə böyük tarixi xidmət göstərmiş oldu.
Heydər Əliyev Moskvada son dərəcə gərgin iş rejiminə baxmayaraq, Azərbaycanı da yaddan çıxarmır, doğma Vətənindəki vəziyyətlə daim maraqlanırdı. Moskvada yaşayan azərbaycanlılarla, eləcə də vaxtilə şəxsən özünün buraya ali məktəblərdə təhsil almağa göndərdiyi azərbaycanlı tələbələrlə görüşür, onların problemlərinin həllinə kömək edirdi. Dahi rəhbər, eyni zamanda, Azərbaycan mədəniyyət və incəsənətinin təbliğinə dəstək göstərir, İttifaqın ən nüfuzlu salonlarında görkəmli mədəniyyət xadimlərimizin yubileylərinə həsr edilən tədbirlərin keçirilməsinə nail olurdu. 1983-cü il aprelin 14-də İttifaqlar Evində görkəmli Azərbaycan dirijoru və bəstəkarı Niyazinin 70 illiyinə həsr olunmuş gecə keçirildi. Oktyabrın 15-də Kremlin Qurultaylar sarayının səhnəsində Fikrət Əmirovun 60 illiyi münasibətilə bəstəkarın “Min bir gecə” baleti nümayiş etdirildi. Heydər Əliyev həmin tədbirlərdə şəxsən iştirak etdi.
Kremldə işləyərkən vaxt tapıb Azərbaycana da gələn dahi rəhbərin burada keçirdiyi görüşlər, iştirak etdiyi tədbirlər onun Vətəninə və xalqına qəlbən bağlı olduğunu bir daha nümayiş etdirirdi.
1983-cü il sentyabrın 5-də Şərq xalçaları sənətinə dair beynəlxalq simpoziumu çərçivəsində Azərbaycan Dövlət Rəsm Qalereyasında Azərbaycan xalçaları sərgisi açıldı. Sentyabrın 24-də böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 100 illiyi münasibətilə “İblis” tamaşası nümayiş edildi. Oktyabrın 1-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Beynəlxalq musiqi dünyası münasibətilə Üzeyir Hacıbəyov adına Dövlət Simfonik Orkestrinin konserti oldu. Dahi rəhbər bu tədbirlərin hamısında iştirak etdi.
Heydər Əliyev dərin biliyi, nadir təşkilatçılıq bacarığı, natiqlik məharəti, cəsarətli addımları və ideyaları ilə SSRİ məkanında böyük rəğbət və şöhrət qazanırdı. O, sadə insanlar arasında da olur, onların qayğıları ilə maraqlanır, nə düşündüklərini öyrənirdi. Bu keyfiyyətləri, səmimiliyi Heydər Əliyevi hamının sevimlisi etmişdi.