Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

14.11.2022 09:38
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunda Əkrəm Bağırovun 70 illik yubileyi qeyd olunub

Əlyazmalar İnstitutunda Əkrəm Bağırovun 70 illik yubileyi qeyd olunub

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırovun 70 illik yubileyi qeyd olunub.

Tədbiri giriş nitqi ilə institutun icraçı direktoru, filologiya elmlər doktoru Paşa Kərimov açaraq yubilyarın elmi, elmi-təşkilati, bədii yaradıcılıq və tərcüməçilik fəaliyyətindən danışıb, ona gələcək işlərində uğurlar diləyib.

Sonra əsas məruzə üçün sözü institutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İbrahim Quliyevə verib. Məruzəçi “Əkrəm Bağırov - 70” adlı məruzəsində şərqşünas alimin elmi yaradıcılığının çoxşaxəliliyindən, elmi təfəkkürünün dərinliyindən, bədii tərcümələrindən və şairlik fəaliyyətindən, müəllifi olduğu monoqrafiyalardan, nəşrə hazırladığı müxtəlif əsərlərdən bəhs edib, Ə.Bağırovun unudulmuş mənəvi xəzinələrimizin tədqiqində və təbliğində əvəzsiz xidməti olan nadir əlyazmaşünas mütəxəssis kimi tanındığını vurğulayıb.

Daha sonra Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə institutun baş direktoru, akademik Teymur Kərimlinin adından Əkrəm Bağırova məhsuldar elmi fəaliyyətinə və 70 illik yubileyi münasibətilə Əlyazmalar İnstitutunun Fəxri fərmanını təqdim edib.

Tədbirdə f.e.d., professor Raqub Kərimov, f.ü.f.d., dosent Firudin Qurbansoy, mənbəşünas-şair, t.e.d., professor Şahin Fazil, şair-publisist, şərqşünas-tərcüməçi Hafiz Rüstəm, yazıçı Kənan Hacı, t.ü.f.d. Bayram Quliyev, yazıçı Süleyman Həziyev, tarixçi Əkbər Nəcəf və institutun dizayner-rəssamı Nərmin İbrahimli çıxış edərək yubilyara öz ürək sözlərini və təbriklərini çatdırıblar.

Sonda Əkrəm Bağırov tədbir iştirakçılarına və gələn qonaqlara öz təşəkkürünü bildirib. Qeyd edək ki, yubiley mərasimində Ə.Bağırovun fars dilindən tərcümə edib, geniş “Ön söz” və şərhlərlə nəşrə hazırladığı Sami Mirzənin “Töhfeyi-Sami” təzkirəsinin də təqdimat mərasimi baş tutub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: