AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda mərhum türkoloq alim filologiya elmləri doktoru Məhəbbət Mirzəliyevanın 75 illik yubileyinə həsr olunmuş “Yaşa sığmayan ömür” adlı tədbir keçirilib.
Dilçilik İnstitutunun direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli Məhəbbət Mirzəliyevanın həyat və elmi fəaliyyətindən danışıb. Bildirib ki, Məhəbbət Mirzəliyeva “Müasir Azərbaycan dilində felin məna növləri və həmhüdud kateqoriyalar” mövzusunda fəlsəfə doktoru, “Türk dillərinin frazeologiyasının nəzəri əsasları” mövzusunda doktorluq dissertasiyaları müdafiə edib. Məhəbbət Mirzəliyeva 1993-1996-cı illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının Humanitar siyasət şöbəsində məsləhətçi, 1996-2001-ci illərdə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyasının Humanitar və ictimai elmlər şöbəsinin müdiri vəzifələrində çalışıb.
Məhəbbət Mirzəliyevanın Dilçilik İnstitutunda şöbə müdiri, elmi işlər üzrə direktor müavini vəzifələrini icra etdiyini xatırladan Nadir Məmmədli onun yüksək biliyə, elmi-təşkilati bacarığa və zəngin həyat təcrübəsinə , dostluğa malik olduğunu söyləyib. Professor tədqiqatçı alimin Azərbaycan dilçiliyi, xüsusilə də türkologiya sahəsində “Müasir Azərbaycan dilində felin növləri və həmhüdud kateqoriyalar”, “Oğuz qrupu türk dillərində əvəzlik”, “Oğuz qrupu türk dillərində modal sözlər”, “Türk dillərinin frazeologiyasının nəzəri problemləri” kimi mühüm əsərlər ərsəyə gətirdiyini deyib.
İclasda filologiya elmləri doktoru, ADU-nun İngilis dilinin qrammatikası kafedrasının professoru Leyla Xanbutayeva “Məhəbbət Mirzəliyevanın həyat və yaradıcılığı”, filologiya üzrə fəlsəfə doktoru, dosent, BSU-nun Türkologiya kafedrasının müdiri Gülnarə Əliyeva Koşkun “Məhəbbət Mirzəliyevanın frazeoloji baxışları”, filologiya üzrə fəlsəfə doktoru, AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, dosent Zülfiyyə Musəvi “Məhəbbət Mirzəliyeva məktəbi” adlı məruzələrlə çıxış ediblər.
Bildirilib ki, Məhəbbət Mirzəliyeva 12 il “Tədqiqlər” jurnalının baş redaktoru çalışıb. O, bir çox yerli və beynəlxalq elmi forumlarda, o cümlədən Ankara (2008), Pekin (2008), İzmir (2010 mart və dekabr), Tekirdağ (2010), Ədirnə (2011) və İstanbulda (2012) keçirilən beynəlxalq simpozium və konfranslarda məruzələrlə çıxış etmişdir. Bu gün professor Məhəbbət Mirzəliyevanın ardıcılları onun qoyub getdiyi irsi uğurla davam etdirir, onun adını daima yaşadır və uca tuturlar.
Tədbirdə çıxış edən alimlər Məhəbbət Mirzəliyeva ilə bağlı xatirələrini bölüşüblər.
Sonra “Hər zaman xatirəmdədir” adlı videoçarx göstərilib. Türkiyə, Doqquz Eylül Universitetinin bölüm başqanı professor Gülmirə Kuruoğlunun çıxışı dinlənilib.
Sonda alimin ailəsi adından qardaşı Yaşar Mirzəliyev və bacısı Aybəniz Mirzəliyeva çıxış edərək tədbir təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.