Mayın 15-də AMEA-nın Folklor İnstitutunda elmi müəssisənin Qadınlar Təşkilatının dəstəyi ilə 15 may - Beynəlxalq Ailə Gününə həsr olunmuş “Folklorda milli-mənəvi dəyərlər və ailə” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan institutun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, fil.e.d., dos. Leyla Məmmədova bildirib ki, BMT Baş Assambleyası 1993-cü ilin sentyabrında 15 may tarixini 1994-cü ildən etibarən hər il Beynəlxalq Ailə Günü kimi qeyd etməyi qərara alıb. O qeyd edib ki, Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub. Ümummilli Lider Heydər Əliyev Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayıb. Bu münasibət indi də dövlət başçımız cənab İlham Əliyev tərəfindən davam etdirilir. Təsadüfi deyildir ki, Ulu Öndər 1998-ci il yanvarın 14-də Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi, cənab Prezident isə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.
Ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ailə, qadın və uşaq məsələlərinə, bu sahədə aktual problemlərə həssas münasibəti bunu bir daha təsdiq edir. Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi nəhəng proqram və layihələr ailələr üçün, sözün əsl mənasında, böyük dayaqdır. “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” çərçivəsində görülən işlər də əslində, Azərbaycan ailəsinin rifahına, möhkəmlənməsinə xidmət edir.
Sonra tədbirin məruzələri dinlənilib. Dosent Leyla Məmmədova “XIX əsr Azərbaycan dramaturgiyasında milli-mənəvi dəyərlər ailə kontekstində” mövzusunda məruzəsini təqdim edib. Məruzədə bildirilib ki, XIX əsr Azərbaycan dramaturgiyasında aktuallıq kəsb edən məsələlərdən biri də milli-mənəvi dəyərlərin təbliği idi. Milli dramaturgiyanın banisi Mirzə Fətəli Axundzadə səhnə əsərlərinin əksəriyyətində, eləcə də Nəcəf bəy Vəzirovun pyeslərində milli-mənəvi dəyərlər məhz ailəl kontekstində təqdim olunur. Xüsusən Nəcəf bəy Vəzirovun pyeslərində vurğulanan həqiqət ondan ibarətdir ki, faciəyə aparan yolun başında sağlam düşüncəyə malik olmayan, öz şəxsi maraqlarından başqa heç nəyi fikirləşməyən, doğmalarını arxa planda saxlamağa çalışan ailə başçıları durur.
“Nəticə olaraq deyə bilərik ki, əsl ailə başçısı milli-mental dəyərlərə hörmətlə yanaşmalı, rəftarda heç zaman zorakılığa üz tutmamalı və bütün bu kimi müsbət keyfiyyətləri də ailə üzvlərinə ötürməyi bacarmalıdır. Məhz belə olduqda gedişat müsbət tərəfə yönələr, cəmiyyətdə sağlam düşüncəli insanlar üstünlük təşkil edər”, – deyə alim vurğulayıb.
Daha sonra Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Gülnar Osmanovanın “Azərbaycan folklorunda və yazılı ədəbiyyatda ailə dəyərlərinin təcəssümü” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi qeyd edib ki, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği günümüzün aktual problemlərindəndir.
G.Osmanova bildirib ki, ailə dəyərlərinin, insanlararası münasibətlərin ən çox təbliğ olunduğu sahələrdən biri də yazılı ədəbiyyat nümunələridir. Məruzədə, həmçinin bədii əsərlərdə ailə-məişət problemləri, ailədaxili münasibətlər, davranış normaları, milli-mənəvi dəyərlərin təzahürü məsələsindən, o cümlədən sağlam ailə modelinin bariz nümunələrindən söz açılıb.
“Dastanlarımızda ailə dəyərləri” mövzusunda məruzə edən Folklor İnstitutunun Qadınlar Təşkilatının sədri, fil.ü.f.d. Xəyalə Ağayeva qeyd edib ki, ədəbiyyat digər təsisatlardan, dindən, fəlsəfədən götürdüyü modelləri konkret olaraq həyat materialının əsasında mənəvi-əxlaqi dəyərlərin təbliğinə yönəldir. Yazılı ədəbiyyatda milli-mənəvi dəyərlərin təbliği yazıçının şüurlu şəkildə qarşısına qoyduğu məqsəd ola bilər. Folklorda isə janrın etnik yaddaşda mövcudluğunun səbəbi elə bu dəyərlərin nəsildən-nəslə ötürülməsi və mənimsənilməsidir. Mənəvi-əxlaqi dəyərlərin təbliği və tərənnümü Azərbaycan folklorunun demək olar ki, bütün janrlarında var. Bu dəyərlər folklorumuzun epik janrlarında geniş şəkildə əks olunub. “Kitabi-Dədə Qorqud” eposunda da türkün ailəyə bağlılığı hər şeydən öndədir. Dastanın boylarında diqqətçəkən əsas məqamlardan biri də ailədə, cəmiyyətdə qadına münasibətdir. Sufi-irfani eşq dastanlarından fərqli olaraq, boylarda sevgili kimi (elə ana, bacı kimi də) qız, qadın daim uca tutulur, kişi ilə bərabərhüquqlu, sədaqətli, fədakar və cəsurdur.
Tədbirdə institutun əməkdaşları – şöbə müdiri Afaq Mustafayeva “Qaliblər anası – Azərbaycan qadını”, böyük elmi işçi Lalə Şabanova “Məişət mərasimlərində milli stereotiplərə bağlı ailə dəyərləri” və Gənc Alim və Mütəxəssislər Şurasının sədri Səadət İbrahimli “Ailə dəyərləri və folklor: unudulmazlıqla yaşayan mədəniyyət” mövzularında çıxış ediblər.
Sonda çıxış üçün söz alan institutun Təhsil şöbəsinin baş mütəxəssisi Sevinc Hüseynova mövzu ilə bağlı fikirlərini bölüşüb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.