Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.05.2025 09:20
  • A-
  • A
  • A+

AMEA-da gənc alim və tədqiqatçıların respublika elmi konfransı keçirilib

AMEA-da gənc alim və tədqiqatçıların respublika elmi konfransı keçirilib

Mərkəzi Elmi Kitabxanada Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və AMEA-nın birgə təşkilatçılığı ilə faşizm üzərində qələbənin 80 illiyinə həsr olunmuş “Faşizm üzərində qələbədə imzamız” mövzusunda gənc alim və tədqiqatçıların respublika elmi konfransı keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan AMEA prezidenti akademik İsa Həbibbəyli İkinci dünya müharibəsində keçmiş İttifaqa daxil olan hər bir xalqın öz millətinin şücaətini, qəhrəmanlığını və vətənpərvərliyini bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb.

AMEA prezidenti Azərbaycan xalqının bu müharibədə göstərdiyi misilsiz xidmətlərdən danışaraq xalqımızın faşizm üzərində tarixi Qələbənin qazanılmasına mühüm töhfələr verdiyini, minlərlə oğul və qızlarının döyüşlərdə qəhrəmanlıqla həlak olduğunu, müharibə zamanı göstərdikləri igidliyə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüklərini, eləcə də əsgər və zabitlərimizin müxtəlif orden və medallarla təltif edildiklərini qeyd edib.

“Hesab edirəm ki, faşizm üzərində qazanılan Qələbənin təcrübəsi, Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıq nümunəsi xalqımızın vətənpərvərlik, azərbaycançılıq ideyalarının inkişaf etdirilməsi baxımından əhəmiyyətli bir təcrübədir”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb.

AMEA rəhbərinin sözlərinə görə, həmin təcrübənin sınaqlarından uğurlar çıxmış xalqımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman Azərbaycan Ordusunun şücaəti ilə ərazi bütövlüyümüzün bərpası istiqamətində əsl qəhrəmanlıq nümayiş etdirmiş, İkinci Qarabağ Müharibəsində tarixi Zəfər qazanmışdır.

Akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan qazandığı tarixi zəfərlərlə bütün dünyada dövlətinə sədaqətli, vətənpərvər bir xalq kimi nüfuz qazanmışdır.

O, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının istək və tələbi ilə hakimiyyətə qayıdışından sonra müharibə veteranlarına göstərdiyi diqqət və qayğını xüsusi qeyd edərək, Ümummilli Lider tərəfindən xalqımızın qəhrəmanlıq tarixinin gələcək nəsillərə çatdırılması üçün dövlət əhəmiyyətli sənədlər imzalandığını, qərarlar qəbul edildiyini diqqətə çatdırıb.

AMEA prezidenti İkinci Dünya Müharibəsində şəhidlik zirvəsinə ucalmış Azərbaycan oğullarının əziz xatirəsinin bu gün də xalqımız tərəfindən uca tutulduğunu, ehtiramla yad edildiyini bildirib.

O, çıxışının sonunda bugünkü tədbirin keçirilməsinin AMEA-nın AR Gənclər və İdman Nazirliyi, ölkəmizin aparıcı gənclər təşkilatları, eləcə də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, ortaq layihələrin hazırlanması baxımından əhəmiyyətini qeyd edib, konfransın işinə uğurlar arzu edib.

 

Sonra gənclər və idman nazirinin müavini İndira Hacıyeva çıxış edərək əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini bildirib.

Azərbaycan xalqının tarix boyu öz qəhrəmanlıq və döyüşkənlik ruhu ilə seçildiyini söyləyən nazir müavini qeyd edib ki, istər qədim dövrlərdə, istər İkinci dünya müharibəsində, istərsə də müasir çağlarda xalqımız öz Vətənini qorumaq, azadlıq və müstəqillik uğrunda fədakarlıq göstərməkdə davam etmişdir. Azərbaycan xalqı yalnız müharibə meydanında deyil, mədəniyyət, elm və sənətdə də mübarizə apararaq öz varlığını, milli kimliyini qorumuşdur. Bu gün də xalqımızın qəhrəmanlıq ruhu gənc nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında mühüm rol oynayır.

Konfransda, həmçinin Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Elmi Babayev çıxış edərək alman faşizminin antibəşəri mahiyyətindən, 9 May Qələbə gününün əhəmiyyətindən, müharibənin səbəb və nəticələrindən, o cümlədən qələbənin əldə olunmasında Azərbaycanın rolundan, xalqımızın qəhrəmanlıq və şücaətindən danışıblar.

Daha sonra konfrans seksiyalar üzrə davam etdirilib. Respublikanın 11 ali təhsil müəssisəsinin bakalavr, magistratura, doktorantura pilləsində təhsil alan gənc alim və tədqiqatçı tərəfindən 35 elmi məruzə təqdim edilib.

Tədbirdə “Şirin Şükürovun şərəfli döyüş yolu”, “İkinci Dünya müharibəsi: Bakı nefti uğrunda beynəlxalq güclərin maraqlarına dair tədqiqatlar”, “İkinci Dünya müharibəsində faşizm üzərində qələbədə Azərbaycanın rolu”, “Akademik Yusif Məmmədəliyevin faşizm üzərində qələbəyə töhfəsi (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında), “Artilleriyaçı Mehdi Mehdiyevin döyüş yolu”, “İkinci Dünya müharibəsi və Azərbaycan” və digər mövzularda məruzələr dinlənilib.

Qeyd edək ki, konfransın keçirilməsində məqsəd bakalavr, magistratura və doktorantura pilləsində təhsil alan gənc alim və tədqiqatçıların elmi-tədqiqat işlərinin müzakirəsini təşkil etmək, onların elmi yaradıcılığını stimullaşdırmaqdan ibarət olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: