Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.10.2024 13:58
  • A-
  • A
  • A+

Professor Mehdi Kazımovun 70 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

Professor Mehdi Kazımovun 70 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri, professor Mehdi Kazımovun 70 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Əvvəlcə professor Mehdi Kazımovun ömür yoluna həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı dosent Aydan Xəndan açaraq professor Mehdi Kazımovun elmi yaradıcılığı barədə məlumat verib. O, görkəmli alimin Azərbaycan ədəbiyyatşünaslıq və şərqşünaslıq elmində özünəməxsus yerindən, yeni tədqiqatçı alimlər nəslinin yetişdirilməsindəki yorulmaz fəaliyyətindən danışıb.

BDU-nun elm və inovasiyalar üzrə prorektoru, professor Hüseyn Məmmədov Mehdi Kazımovun elmi fəaliyyətini yüksək qiymətləndirib, onun ömrünün böyük bir hissəsini Şərq ədəbiyyatının tədqiqinə həsr etdiyini deyib. Prorektor qeyd edib ki, Mehdi Kazımov farsdilli ədəbiyyat, müqayisəli ədəbiyyatşünaslıq, nizamişünaslıq, mənbəşünaslıq sahələrində tanınmış alimlərdəndir. O, nəinki İranın, eləcə də Azərbaycan, Hindistan, Əfqanıstan,Tacikistan və başqa ölkələrin şair və mütəfəkkirlərinin yaradıcılığı ilə məşğul olub. Böyük Azərbaycan şairi Nizaminin, eləcə də onun çoxsaylı davamçılarının yaradıcılığı alim tərəfindən geniş tədqiq olunub.

Daha sonra Milli Məclisin sədr müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, BDU-nun Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının professoru, akademik Rafael Hüseynov "Klassik Şərq və Qərb araşdırıcılıq ülgülərinin Azərbaycan şərqşünaslığında qovuşmasından yaranan çevik elmi tədqiqat tərzi" adlı məruzə ilə çıxış edib. Məruzəçi  Azərbaycanda şərqşünaslıq elminin inkişaf yoluna nəzər salıb, o xəttin yetirdiyi professor Mehdi Kazımovun çoxşaxəli yaradıcılığından bəs edib. Bildirib ki, Mehdi Kazımov farsdilli ədəbiyyat, müqayisəli ədəbiyyatşünaslıq, nizamişünaslıq, mənbəşünaslıq sahələrində tanınmış və aparıcı mütəxəssislərdən biridir. O, akademiklər Əbdülkərim Əlizadə, Ziya Bünyadov, Vasim Məmmədəliyev, professorlar Aida İmanquliyeva, Rüstəm Əliyev, Mübariz Əlizadə kimi klassik Azərbaycan şərqşünaslığı məktəbi nümayəndələrinin ənənələrini layiqincə davam etdirir. Mehdi Kazımov həm akademik mühitdə, həm də professor-müəllim heyəti və tələbələr arasında böyük hörmətə malikdir.

Konfransda, həmçinin AMEA-nın vitse-prezidenti, Ziya Bünyadov adına Şərqşünaslıq İnsitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, AMEA-nın müşaviri, akademik Möhsün Nağısoylu, BDU-nun Ərəb filologiyası kafedrasının məsləhətçi-professoru Elxan Əzizov, Şərqşünaslıq İnsitutunun aparıcı elmi işçisi, dosent Aygün Əlizadə, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Komparativistika və bədii tərcümələr şöbəsinin müdiri, professor Şəfəq Əlibəyli və Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının baş müəllimi Cavanşir Məmmədzadə çıxış ediblər.

Çıxışlarda qeyd edilib ki, professor Mehdi Kazımov Ziya Bünyadov, Vasim Məmmədəliyev, Mübariz Əlizadə, Aida İmanquliyeva kimi klassik Azərbaycan şərqşünaslığı məktəbinin nümayəndəsi, Azərbaycan şərqşünaslığına olduqca əhəmiyyətli töhfələr vermiş bir alimdir. O, 14 kitab, 160-dən çox (15-i xaricdə) elmi məqalənin müəllifidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: