Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.11.2022 16:20
  • A-
  • A
  • A+

Toponomist alim Mahirə Abbasovanın 75 yaşı tamam olub

Toponomist alim Mahirə Abbasovanın 75 yaşı tamam olub

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Coğrafi fikir tarixi və toponimika şöbəsinin aparıcı elmi işçisi, Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimiya Komissiyasının  üzvü, coğrafiya üzrə fəlsəfə doktoru Mahirə Abbasovanın 75 yaşı tamam olub.

Bu münasibətlə institutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminovun sədrliyi ilə iclas keçirilib. Yubilyarın  həyat və elmi fəaliyyəti haqqında məlumat verən baş direktor M.Abbasovanın ömrünün 54 ilini Coğrafiya İnstitutu ilə bağladığını diqqətə çatdırıb. O bildirib ki, Mahirə Abbasova Azərbaycan coğrafiyaçıları arasında  toponimika sahəsində tanınmış ən məhsuldar və ilk qadın mütəxəssislərdən biridir. Azərbaycanın yerli coğrafi adlarının toplanması, qorunması və toponimik fondunun zənginləşməsində, eləcə də xəritələşdirilməsində, toponimik lüğətlərin tərtibində, toponimika elminin tədrisində, bu sahədə  cavan kadrların  yetişməsində, toponimik nəticələrin bir çox sahələrdə tətbiqində və s. Mahirə Abbasovanın böyük əməyi danılmazdır.

M.Abbasova “Böyük Qafqazın cənub-şərq hissəsinin toponimikası” adlı ilk monoqrafiyanın, “Azərbaycan toponimləri” ensiklopedik lüğətinin həmmüəlliflərindən biri, “Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsü” məlumat toplusu (2013) kitabının elmi-redaksiya heyətinin üzvü, 20-dən çox elmi hesabatın, 50-dən artıq müxtəlif səpkili elmi məqalənin müəllifidir. 1992-ci ildən Azərbaycan Respublikasının Milli Məclisi yanında fəaliyyət göstərən Toponimiya komissiyasının üzvü seçilib. 2015-ci ildə Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

Baş direktor M.Abbasovanı yubileyi münasibətilə institut kollektivi adından təbrik edərək ona can sağlığı və yaradıcılıq uğurları arzulayıb.

Tədbirdə çıxış edən institutun Həmkarlar Təşkilatının sədri, c.ü.f.d. Habil Haqverdiyev, elmi katib, c.ü.f.d. Zərnurə Həmidova, Qadınlar şurasının sədri Luiza Salayeva, Coğrafi fikir tarixi və toponimika şöbəsinin böyük elmi işçisi, c.ü.f.d. Natiq Babayev və başqaları çıxış edərək Mahirə Abbasovanın yüksək insani keyfiyyətlərindən, vətəndaş mövqeyindən, elmi savadından, söhbət açıb, onun əməksevər, məsuliyyətli, təvazökar, qayğıkeş insan olduğunu xüsusi qeyd ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: