Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.11.2022 09:02
  • A-
  • A
  • A+

Xalqa bağışlanmış ömürdən anlar: 1987-ci il

Xalqa bağışlanmış ömürdən anlar: 1987-ci il

AzərTac müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

Heydər Əliyevin Moskva həyatı

1969-1982-ci illərdə Azərbaycana uğurla rəhbərlik edən, yüksək təşkilatçılıq qabiliyyəti və cəsarətli ideyaları ilə SSRİ məkanında tanınan Heydər Əliyev 1982-ci il noyabrın 22-də Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçildi, noyabrın 24-də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi. Bununla da dahi rəhbərin Moskva həyatı başladı. Ulu Öndər həmin illəri sonralar “Kreml beşilliyi” adlandırdı.

8 yanvar. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev Polşa Xalq Respublikasının nümayəndə heyətini qəbul etdi.

7 mart. Efiopiyanın milli müdafiə naziri general-leytenant Tesfaye Gebre-Kidan ilə görüşdü.

15-18 mart. Volqoqrad vilayətində səfərdə oldu.

14 oktyabr. Kremldə Küveytin neft naziri Əli əl-Xəlif ilə görüşdü.

21 oktyabr. Sov.İKP MK-nın plenumu Heydər Əliyevi səhhəti ilə əlaqədar Sov.İKP MK-nın Siyasi Bürosunun üzvlüyündən azad etdi.

24 oktyabr. SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən azad olundu.

Xronologiyadan göründüyü kimi, 1987-ci il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev üçün əvvəlki dövrlə müqayisədə o qədər də məhsuldar olmayıb. Bu da səbəbsiz deyildi.

SSRİ kimi böyük bir ölkədə tutduğu yüksək vəzifənin öhdəsindən bacarıqla gələn, yeni ideyaları ilə tanınan Heydər Əliyevin İttifaqda və dünya miqyasında nüfuzu gündən-günə artırdı. O, SSRİ-də, həmçinin milyonlarla sadə vətəndaşın rəğbətini qazanmışdı. Bütün bunlar onun bədxahlarında qısqanclıq doğururdu. Xüsusən Sov. KP MK-nın Baş katibi Mixail Qorbaçov Heydər Əliyevi özünə siyasi rəqib hesab edir, onu hər vasitə ilə sıxışdırırdı.

Bu, həm də o dövr idi ki, Ermənistan Azərbaycana qarşı ərazi iddiası irəli sürür və Dağlıq Qarabağda baş qaldıran separatizm Mərkəzi hökumət tərəfindən dəstəklənirdi. Hələ 1985-ci ilin əvvəlində Ermənistan KP MK-nın birinci katibi Karen Dəmirçiyan Sov.İKP MK-nın Siyasi Bürosuna müraciət edərək, qondarma “erməni soyqırımı”nın tanınmasını, yəni 24 aprelin “anım günü” elan olunmasını təklif etmişdi. Siyasi Büronun iclasını aparan Qorbaçov bu təkliflə razılaşsa da, Heydər Əliyevin, Nikolay Tixonovun və Andrey Qromıkonun sərt və prinsipial mövqeyi ilə qarşılaşmışdı. Belə bir vaxtda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini postunu Heydər Əliyev kimi şəxsiyyətin tutması Qorbaçov-erməni qruplaşmasına əsla sərf etmirdi və onların hədəfi Azərbaycanın böyük oğlunu vəzifədən uzaqlaşdırmaq idi. Ermənipərəst Qorbaçov buna nail olacağı təqdirdə Azərbaycana qarşı mənfur siyasətini asanlıqla həyata keçirəcəyinə ümid edirdi. Ona görə də 1985-ci ildən başlayaraq Heydər Əliyevin Mərkəzi hökumətdəki fəaliyyətinə maneələr yaradılırdı. Ona qarşı bədnam kampaniya 1987-ci ildə kulminasiya nöqtəsinə çatdı. Bu səbəbdən də Heydər Əliyevin fəaliyyəti məhdudlaşdırılır, süni maneələr yaradılırdı.

Siyasi Büronun iclaslarında İttifaq daxilindəki vəziyyət müzakirə ediləndə Heydər Əliyev Mərkəzi rəhbərliyin səhvlərini cəsarətlə söyləyirdi. Arqumentlər o dərəcədə güclü olurdu ki, Qorbaçov etiraz etməyə bəhanə tapa bilmirdi. Heydər Əliyevə qarşı qısqanc münasibət getdikcə kin-küdurətə çevrilirdi. Qorbaçov çıxış yolunu onu vəzifədən uzaqlaşdırmaqda görürdü. O vaxt SSRİ rəhbərləri arasında fiziki cəhətdən sağlam, enerjili bir adamı istefaya göndərmək üçün həmin şəxsdə “ağır xəstəlik” tapılmalı idi. 1987-ci ilin may ayında halı qəfil pisləşən Heydər Əliyevə müəmmalı infarkt diaqnozu qoyuldu. Məqsəd onun könüllü surətdə istefaya getməsinə nail olmaq idi. Müəmmalı diaqnoza gəlincə, həmin hadisədən on il sonra Heydər Əliyev ABŞ-ın Klivlend xəstəxanasında müayinə edilərkən həkimlər onun bu vaxtadək infarkt keçirmədiyini təsdiqlədilər.

Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yürütdüyü siyasi xəttə etiraz olaraq, Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev 1987-ci il oktyabrın 21-də tutduğu vəzifələrdən istefa verdi. Türk publisist İrfan Ülkü “Qızıl ulduzdan hilala doğra” kitabında bu barədə yazırdı: “Əliyevin Siyasi Büro üzvlüyündən istefa verməsi, bütün vəzifələrindən əl çəkməsi xəbəri Azərbaycana yayılanda bütün ölkəni yas və gərginlik bürüdü. Azərbaycanın “müasir Dədə Qorqudu” sayılan şair Bəxtiyar Vahabzadə bu xəbəri eşidəndə oturduğu kreslosunda çöküb: “Eyvah, Moskvadakı yeganə və ən böyük qalamız yıxıldı”, - deyə təəssüflənmişdi”.

Azərbaycanın böyük oğlunun Mərkəzi hökumətdə istefasından bir neçə gün sonra Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri A.Aqanbekyan Parisdə müsahibə verərək Dağlıq Qarabağı Ermənistana birləşdirməyin iqtisadi cəhətdən daha sərfəli olduğunu və bu məsələ üzərində xüsusi komissiyanın işlədiyini bəyan etdi. “L'Humanite” qəzetində dərc olunmuş həmin müsahibə ermənilərin Dağlıq Qarabağda separatçılıq hərəkatının başlanması üçün bir siqnal oldu. Mərkəzi hökumət isə nəinki bunun qarşısını almadı, hətta Qorbaçov və onun komandası erməniləri dəstəkləməkdə davam etdi.

Bununla eyni vaxtda Mixail Qorbaçov və onun ermənipərəst ətrafı Heydər Əliyevə qarşı qarayaxma kampaniyasını daha da gücləndirdi. Ulu Öndər bilirdi ki, Moskvada onun hər addımına nəzarət olunur, ona qarşı təxribat hazırlanırdı. Həmin böhranlı günlərdə Bakıya qayıtmaq istəsə də, Qorbaçov buna imkan vermirdi.

  • Paylaş: