Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.11.2022 15:08
  • A-
  • A
  • A+

Hüseyn Cavid poeziyasının linqvopoetik xüsusiyyətləri və obrazları adlı elmi sessiya keçirilib

Hüseyn Cavid poeziyasının linqvopoetik xüsusiyyətləri və obrazları adlı elmi sessiya keçirilib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 140 illiyi ilə bağlı “Hüseyn Cavid poeziyasının linqvopoetik xüsusiyyətləri və obrazları” adlı elmi sessiya keçirilib.

İnstitutun baş direktoru, professor Nadir Məmmədli bildirib ki, elmi sessiya Prezident İlham Əliyevin “Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən təşkil edilib.

Qeyd olunub ki, XX əsrin əvvəllərində ümumbəşəri problemləri işıqlandıran Hüseyn Cavid tarixi dramları ilə Azərbaycan ədəbiyyatında yeni mərhələ yaratdı.

Hüseyn Cavidin zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının, dramaturgiyasının inkişafında mühüm rol oynadığını bildirən professor ədibin böyük bir məktəb yaratdığını, ədəbiyyata, dilimizə ciddi təsir etdiyini vurğulayıb.

Nadir Məmmədli çıxışında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə ədibin cənazəsinin Sibirdən Azərbaycana gətirildiyini, Naxçıvanda məqbərəsinin, Naxçıvanda və Bakıda ev-muzeylərinin açıldığını bildirib.

Sonra filologiya elmləri doktoru, dosent Lütfiyyə Əsgərzadə “Hüseyn Cavid şeirinin dil və üslubu”, dosent Şəbnəm Həsənli “Hüseyn Cavid yaradıcılığında qadın obrazı”, filologiya üzrə fəlsəfə doktoru Kəmalə Ələkbərova “Hüseyn Cavid və ortaq türkcə” mövzularında məruzə ilə çıxış ediblər.

Bildirilib ki, bəşəri ideyalarla yaşayıb yaratmış Hüseyn Cavid Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur. Onun şeirlərinin başlıca məzmununu lirik-fəlsəfi düşüncələr təşkil edir. Hüseyn Cavid Turan düşüncəsi ilə türkcə yazmış, mövzuları daha çox türk xalqlarının həyatından almış, qəhrəmanlarını türk ellərinin igid oğul və qızlarından seçmişdi.

Professorlar Sayalı Sadıqova və Mayıl Əskərov, dosentlər Qətibə Quliyeva və Elçin İsmayılov qeyd ediblər ki, Hüseyn Cavid dövrün tələbləri və ziddiyyətlərinə qarşı çıxıb, bu günlə deyil, gələcəklə yaşayıb və bunun nəticəsidir ki, onun “Topal Teymur”, “İblis” və s. əsərləri bu gün də aktuallığını itirməyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: