Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.11.2022 17:24
  • A-
  • A
  • A+

Biofizika İnstitutunda beynəlxalq elmi seminar keçirilib

Biofizika İnstitutunda beynəlxalq elmi seminar keçirilib

Noyabrın 25-də AR Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda beynəlxalq elmi seminar keçirilib.

Seminarı giriş sözü ilə institutun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov açaraq tədbir iştirakçılarına İtaliyadan olan alimlər - professor Laura Ragona, Simona Tomaselli və onların tədqiqat istiqamətləri haqqında məlumat verib. Bildirib ki, prof. L.Ragonanın laboratoriyası ilə Biofizika İnstitutu artıq 6 ildən çoxdur ki, əməkdaşlıq edir. O, bu əməkdaşlığın uğurlu və məhsuldar olmasında AMEA və İtaliya Milli Tədqiqat Şurasının (CNR) qrantlarının mühüm əhəmiyyətini vurğulayıb.

Sonra İtaliya Milli Tədqiqat Şurasının (CNR) Kimya Elmləri və Texnologiyaları İnstitutunun professoru Laura Ragona “Biophysical characterization of aggregation process of functional and pathological amyloids” mövzusunda məruzəsini təqdim edib. Məruzəçi çıxışının əsas hissəsinin Biofizika İnstitutu ilə birgə apardığı işlərlə əlaqəli olduğunu bildirib. O, Alzheymer xəstəliklərinin əmələ gəlməsinə səbəb olan beta-amiloid aqreqatlarının modeli kimi ipək fibroini üzərində aparılan tədqiqatların mühüm əhəmiyyət daşıdığını qeyd edib. Bu modeldən istifadə edərək aqreqatların əmələgəlmə kinetikası və onların yaranma tendensiyasının ləngidilməsi istiqamətində Biofizika İnstitutu ilə birgə aparılan elmi tədqiqatların yeni qrant layihəsi çərçivəsində davam etdirilməsi arzusunda olduqlarını bildirib. İtaliyalı alim əldə olunan nailiyyətlərdən bəhs edərək, onun gələcək tibbi perspektivlərini də vurğulayıb.

Sonda seminara yekun vuran institutun baş direktoru Oktay Qasımov məruzəçiyə Biofizika İnstitutu adından təşəkkür edib. Bildirib ki, bu əməkdaşlığın bundan sonra da uğurla davam etdirilməsində Biofizika İnstitutunun da böyük marağı var.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: