AR Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun Elmi şurasının iclası keçirilib.
İclasa sədrlik edən institutun icraçı direktoru, g.-m.e.d., professor Vaqif Qurbanov gündəlikdə duran elmi-təşkilati məsələlər ilə Şura üzvlərini tanış edib.
Tədbirdə t.ü.f.d. Bünyad Kazımov 2022-ci ildə başa çatan “Süxurların reologiyası nəzərə alınmaqla karbohidrogen yataqlarının işlənilməsinin və ehtiyatların idarə edilməsinin proqnozlaşdırılması üçün yeni üsulların yaradılması” və f.-r.e.d. Ədalət Həsənov “Azərbaycanın neft-qazlı komplekslərinin stratiqrafik identifikasiyası” elmi-tədqiqat işləri üzrə yekun hesabatın müzakirəsi barədə çıxış ediblər.
İclasda Neft və Qaz İnstitutunun şöbələrinin 2022-ci ilin elmi-təşkilati fəaliyyəti haqqında hesabatları dinlənilib. Karbohidrogen yataqlarının işlənilməsinin texniki-texnoloji və iqtisadi problemləri şöbəsinin hesabatını t.ü.f.d. Bünyad Kazımov, Neftli-qazlı hövzələrin analizi şöbəsinin hesabatını f.-r.e.d. Ədalət Həsənov və Neft-qaz geofizikası şöbəsinin hesabatını g.-m.e.d. Namaz Yusubov təqdim edib.
Sonda bir sıra cari məsələlərə baxılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.