Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.11.2024 16:08
  • A-
  • A
  • A+

Lənkəran Regional Elmi Mərkəzində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Lənkəran Regional Elmi Mərkəzində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində 8 Noyabr Zəfər Gününə həsr olunmuş “Cənub bölgəsinin yazarları: Mirzə İsmayıl Qasirdən bu günə kimi” mövzusunda slaydın təqdimatı  keçirilib.

Tədbirdən əvvəl Lənkəran REM-in əməkdaşı, şəhid Mahsun Bağırzadənin hərbi xidmətdən məzuniyyətə gələn qardaşı Güləli Bağırzadə və Mərkəzin kollektivi şəhidin xatirə guşəsini ziyarət edib, önünə qərənfillər düzüblər.

Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Mehman Qaraxan oğlu Əliyev Zəfər Günü münasibətilə təbriklərini çatdırıb, I və II Qarabağ müharibələrində şəhid olan  həmvətənlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıb. Sonra direktor bildirib ki, XX əsrin əvvəllərində yaranan yeni maarifpərvər nəsil Sovet hakimiyyətinin ilk illərində mədəniyyətin müxtəlif sahələrini inkişaf etdirdi. Mirzə Ağali Əliyev, Teymur bəy Bayraməlibəyov, İbrahimxəlil İsazadə, İsgəndər Səmədzadə, Zülfiqar Əhmədzadə, Müzəffər Nəsirli, Teymur Şahverdiyev, Mirzə İsaq Möhsünzadə, Böyükağa Talışxanov və başqaları bölgədə maarifi inkişaf etdirməklə yanaşı, ədəbiyyatın inkişafında da böyük rol oynayıblar. 1930-cu illərdə Lənkəranda yerli mətbuat orqanının yaranması və  Dövlət Dram Teatrının fəaliyyətə başlaması bu mədəni inkişafı daha da sürətləndirdi.

Sonra Mərkəzin Tarix və ədəbiyyat şöbəsinin müdiri Sərraf Talıbov müzakirə olunan mövzu ilə əlaqədar məruzəsini slaydlarla təqdim edib. Bildirib ki, əsrarəngiz təbiətə malik “Cənub mirvarisi” sayılan Lənkəranın ədəbi həyatı da olduqca maraqlı, çoxşaxəli və zəngindir. O, başlanğıcını Mirzə İsmayıl Qasir tərəfindən 1850-ci ildə Lənkəranda təşkil edilən "Fövcül-füsəha" adlı ədəbi məclisdən götürür desək, səhv etmərik. Belə ki, 1850-ci ildə Lənkəran qəzasına məhkəmə katibi təyin olunan şuşalı maarifpərvər Sadıq bəy Mehmandarov Lənkərana gedərkən əslən ağdaşlı, şair və müəllim Mirzə İsmayıl Qasiri də Lənkərana dəvət edir. Burada müəllimliklə məşğul olan Qasir tezliklə Lənkəranda "Fövcül-füsəha" ("Natiqlər yığıncağı") ədəbi məclisini yaratmaqla şairləri öz ətrafına toplayır. Beləliklə, Cənub bölgəsinin mədəni mərkəzi sayılan Lənkəranda ədəbi həyatın ilk daşları qoyulur. Mirzə İsmayıl Qasirlə yanaşı, Mirzə Əziz Əliyev, Usta Məmmədhəsən Nəccar, Molla Fəttah Səhban, Molla Ələkbər Aciz, Mirzə İsa Xəyali və başqaları məclisin işində fəallıqları ilə seçilirlər.

Sərraf Talıbov qeyd edib ki, Cənub bölgəsinin ədəbi həyatından pərvazlanan bir çox nasir və şairlər respublikada məşhurlaşıblar. Şairlərdən Şəkər Aslan, Vaqif Hüseynov, Əhəd Muxtar, Zülfüqar Qodmanlı, Novruz İbadoğlu, Azad Talışoğlu, Camal Yusifzadə, Məmməd Kazım, Böyükağa Azərtürk, Ayaz Vəfalı, Zeydulla Ağayev, Allahverdi Məmmədli, Maarif Teymur, yazıçılardan Firudin Ağayev, Ağəddin Mansurzadə dünyalarını dəyişsələr də, ədəbi nümunələri yaşamaqdadır. Bu gün də yazıb-yaradan Əlisa Nicat, Aslan Quliyev, Fəxrəddin Ziya, Zöhrab Zövünlü, Mehman Qaraxanoğlu, Aqil Yaqub, Kəramət Kəramət, Etibar Əhədov, Sevda Əlibəyli, Aliyə Seyidqızı, Ağacəfər Həsənli, Baloğlan Cəlil, Qardaşxan Əziz, Balayar Sadiq, Qardaşxan Fərzi,  İlham İlhami, Məsudi Dövran, Hafiz Mirzə, Əhməd Haqsevər, Meyxoş  Abdulla, Bilal Alarlı, Ədalət Salman, Qardaş Əlişoğlu, Ziya Dilsuz, Aytəkin Əziz və başqalarının imzaları respublika oxucularına da yaxşı tanışdır.

Məruzə ətrafında müzakirələrdə Mərkəzin əməkdaşlarından Mayis Cəfərov, Sevinc Hüseynova, Ağamir Cavad, Mərdan Şirəliyev, İsaq Məmmədov və başqaları mülahizələrini bölüşüb, təkliflərini irəli sürüblər.

Tədbiri yekunlaşdıran Mərkəzin direktoru Mehman Əliyev iştirakçılara minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: