Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.11.2024 17:24
  • A-
  • A
  • A+

Memarlıq və İncəsənət İnstitutunda Zəfər Gününə həsr edilmiş tədbir keçirilib

Memarlıq və İncəsənət İnstitutunda Zəfər Gününə həsr edilmiş tədbir keçirilib

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda 8 Noyabr - Zəfər Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Qələbə XXI əsrin hərbi texnikası, mükəmməl strategiya və taktika baxımından bütün dünyaya səs saldı. 

Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır.  

İnstitutun rəhbəri böyük tarixi əhəmiyyət kəsb edən Zəfər Gününün Azərbaycan xalqının və dövlətinin qüdrətinin rəmzinə çevrildiyini, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təmin edilməsi ilə Azərbaycan xalqına çoxsaylı milli fəlakətlər gətirən erməni şovinizminə və ekspansionizminə sarsıdıcı zərbə endirildiyini söyləyib.  

Daha sonra İncəsənətin qarşılıqlı əlaqələri şöbəsinin aparıcı elmi işçisi kulturologiya üzrə fəlsəfə doktoru, dosent Yeganə Əliyeva “Zəfər salnaməsinin kulturoloji diskursu” adlı məruzəni təqdim edib. Y.Əliyeva öz məruzəsində Zəfər Gününə gedən yolun 44 günlük Qələbə əzmindən, milli qürurumuzun təntənəsindən bəhs edib. Ölkəmizin qarşısında duran sosial-mədəni vəzifələr çərçivəsində azad edilmiş ərazilərdə davam edən genişmiqyaslı bərpa işləri çərçivəsində mədəniyyət obyektlərinin, İşğal və Zəfər muzeylərinin inşasından danışıb. Məruzəçi, həmçinin Şuşada “Xarıbülbül” Beynalxalq Musiqi Festivalının, Vaqif Poeziya Günlərinin və digər mədəniyyət tədbirlərinin keçirilməsindən söz açıb. Şuşada keçirilən festivalların məqsədinin Azərbaycanın multikultural mühitini nümayiş etdirmək və Şuşanı beynəlxalq mədəni dialoq məkanına çevirmək  olduğunu söyləyib.  

Tədbirdə, həmçinin Teatr, kino və televiziya şöbəsinin böyük elmi işçisi sənətşünaslıq üzrə fəlsəfə doktoru Məlahət Ağayeva “Azərbaycan səhnəsində Zəfər nəfəsli tamaşalar” mövzusunda çıxış edib. M.Ağayeva Zəfər Gününə həsr edilən tamaşaların səhnələşdirilməsindən, Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən teatrlarda quruluş verilən tamaşalardan ətraflı bəhs edib. Tamaşaların hər birində ölkəmizin 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərdən, şəhidlərimizin qəhrəmanlığından bəhs olunduğunu bildirib.  

Tədbirin sonunda Akademik Musiqili Teatrında səhnələşdirilən, müəllifi və rejissoru Zaur Əliyev olan “44 gün” tamaşası nümayiş etdirilib.     

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: