AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) dünyanın aparıcı elmi nəşriyyat və informasiya təchizatçılarından biri olan “Informascope” şirkətinin Türkiyədə elektron bazalar üzrə satış müdiri Ümid Yonterlə görüş keçirilib.
Tədbirdə AMEA-nın elmi tədqiqat institutlarının kitabxana rəhbərləri, Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin və Mərkəzi Elmi Kitabxananın əməkdaşları iştirak ediblər. Görüşdə alim və mütəxəssislər üçün dəyərli informasiya mənbəyi olan “ScienceDirect” bazasının imkanları və digər beynəlxalq bazalarla müqayisədə üstünlükləri müzakirə olunub.
Mərkəzi Elmi Kitabxananın direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov çıxışında Azərbaycan alimlərinin elmi nəticələrinin beynəlxalq elmi ictimaiyyətə çıxarılması baxımından elmmetrik və tammətnli elmi məlumat bazalarla əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, Ankara və İstanbula ezamiyyəti zamanı yaradılan əlaqələrin nəticəsi olaraq “Informascope” nümayəndəsinin Bakıya dəvət edildiyini bildirib.
Direktor, həmçinin MEK-də elektron kataloqların inkişafı və AMEA-nın institutlarında beynəlxalq miqyasda istifadə olunan “Koha” Kitabxana İnformasiya İdarəetmə Sisteminin tətbiqi perspektivlərindən bəhs edib.
Daha sonra “Elsevier” nəşr evinin təmsilçisi Ümid Yonter təqdimatla çıxış edib. O, “ScienceDirect” bazasının abunəlik şərtləri, funksionallığı və təqdim etdiyi resurslar barədə ətraflı məlumat verib. Bildirilib ki, “Elsevier” ötən il 720 min məqalə dərc edib ki, bu da qlobal elmi məqalələrin 17%-dən çoxunu və sitatların 29%-ni təşkil edir. Bazada, həmçinin 50 minə yaxın elektron kitab yer alır. Şirkət 180-dən çox ölkədə akademik və hökumət institutlarına, tədqiqat mərkəzlərinə, səhiyyə qurumlarına və tələbələrə xidmət göstərir. Bazada, o cümlədən ən son səhiyyə məlumatları və anlayışlarına dair 1,700 klinik icmal və 99 min tibbi video yer alıb.
Görüş zamanı “ScienceDirect” bazasında effektiv axtarış və təhlil üsulları nümayiş etdirilib və platformanın yeni süni intellekt modulu da təqdim olunub.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.