Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) 8 Noyabr – Zəfər Günü qeyd edilib.
İlk öncə tədbir iştirakçıları şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan institutun baş direktoru akademik Vaqif Abbasov bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Liderliyində Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində və nəhayətində 2023-cü ilin sentyabrında bir sutkadan da az müddətə davam edən antiterror tədbirləri ilə suverenliyimizi tam bərpa etdi.
Tariximizdə görünməmiş Dövlət-Xalq birliyi məhz müdrik Prezidentimiz İlham Əliyevin sayəsində yaranıb. Otuz ilə yaxın müddətdə ermənilərin xarabalığa çevirdiyi cənnət məkanımızda misli görünməmiş quruculuq-abadlıq işləri görülür. Üçrəngli bayrağımız indi işğaldan azad olunmuş torpaqlarda zəfər bayrağı olaraq dalğalanır.
Akademik Vaqif Abbasov qeyd edib ki, Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin müdrik siyasəti ilə torpaqlarımızın işğaldan azad olunması, Şuşanın, Laçının, Qubadlının, Kəlbəcərin, Zəngilanın, Füzulinin, Cəbrayılın, Ağdamın, Xankəndinin, Ağdərənin, Xocalının səmasında Azərbaycan bayrağının dalğalanması çox qürurvericidir. “Dəmir yumruq” sahibi elə bir tarixi Zəfər çaldı ki, bu Zəfərin bənzəri olmayıb və yəqin ki, olmayacaq. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin xalqımıza bənzərsiz əmanətidir. Onun rəhbər olduğu ölkədə yaşamaq şərəfdir, qürurvericidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.