Fizika İnstitutunun Elmi şurasının müəssisənin illik hesabatına həsr olunan iclası keçirilib.
İclasda, həmçinin AMEA-nın Rəyasət Heyəti aparatının Elmi, texniki və innovativ fəaliyyətin təşkili şöbəsinin baş mütəxəssisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov və Biofizika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov iştirak ediblər.
Tədbiri Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov açaraq bildirib ki, 2022-ci ildə müəssisənin əməkdaşları səmərəli elmi fəaliyyət göstərib, profil istiqamətlər üzrə araşdırmalar aparıb və elmi-tədqiqat planında nəzərdə tutulan bütün işləri yerinə yetiriblər. Bildirib ki, cari ildə institutda beynəlxalq elmi əlaqələrin genişləndirilməsi, elmi tədqiqat fəaliyyətinin əlaqələndirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun artırılması və digər istiqamətlərdə əhəmiyyətli işlər görülüb, elmin inkişafı üçün mühüm tədbirlər həyata keçirilib.
A.Həşimov qeyd edib ki, hesabat ilində institutun əməkdaşları tərəfindən 315 məqalə (xarici jurnallarda 145, respublikada 170) çap olunub. “Web of Science” və digər bazalarda dərc olunmuş məqalələrin sayı isə 136-dır. Onlardan 122-si yüksək impakt faktorlu jurnallarda, 14-ü isə “Scopus” bazasına daxil olan nəşrlərdə dərc edilib. İl ərzində institutun əməkdaşlarının məqalələrinə 3345 istinad olunub. 2022-ci ildə müəssisənin alimləri tərəfindən 3 monoqrafiya (“Kristal cisimlərin elektron strukturunun və dinamik xassələrinin tədqiqinin müasir metodları”, “Keçid elementləri əsaslı xalkogenidlər” və “A3B5 birləşmələri əsasında alınmış evtektik kompozitlərin xüsusiyyətləri”) və 18 preprint dərc edilib. Dövri nəşrlər sahəsində “Fizika” jurnalının 3 nömrəsi çapdan çıxıb və 4-cü nömrə çapa təqdim olunub. Həmçinin “Energetikanın problemləri” jurnalının 2 nömrəsi çap edilib, 3-cü nömrə çapa təqdim olunub, 4-cü nömrə isə nəşrə hazırlanıb.
İnstitutun əməkdaşları il ərzində ölkəmizdə, Türkiyə, Almaniya, Fransa, Yaponiya və ABŞ-da keçirilən beynəlxalq konfrans, konqres və seminarlarda iştirak ediblər. Qeyd olunub ki, il ərzində Fizika İnstitutunun təşkilatçılığı ilə bir çox elmi seminarlar da keçirilib.
Müəssisənin həyata keçirdiyi digər tədbirlər barədə də məlumat verən baş direktor vurğulayıb ki, hesabat ilində Fizika İnstitutunun təşkilatçılığı ilə Şuşa şəhərində görkəmli ictimai-siyasi xadim Lətif İmanovun 100 illik yubileyinə və görkəmli ictimai-siyasi xadim Məhəmmədəmin Şahtaxtinskinin 90 illik yubileyinə həsr olunan 2 beynəlxalq konfrans keçirilib. Eyni zamanda 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar anım tədbiri, həmçinin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə, “44 günlük Qələbə” və “Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illik yubileyi” mövzularına həsr edilən tədbirlər və s. keçirilib.
İl ərzində qurumun əməkdaşlarının mütəmadi olaraq mediada çıxış etdiyini, müsahibələr verdiyini qeyd edən A.Həşimov bildirib ki, müəssisənin fəaliyyəti sosial şəbəkələrdə və KİV-də intensiv işıqlandırılıb, KİV-lə əməkdaşlıq davam etdirilib, institutun veb-saytı (http://physics.az) mütəmadi olaraq yenilənib.
Sonra institutun icraçı direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Hüseyn İbrahimov, akademiklər Nazim Məmmədov, Cavad Abdinov və AMEA-nın müxbir üzvü Vəli Hüseynov çıxış edərək hesabatla bağlı fikirlərini bölüşüblər.
Müzakirələrdən sonra institutun 2022-ci il üzrə fəaliyyəti qənaətbəxş hesab olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.