Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.12.2022 15:58
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutu illik hesabat verib

Radiasiya Problemləri İnstitutu illik hesabat verib

AR Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun Elmi şurasının iclasında 2022-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib.

İclasda AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Elmi şurasının sədr müavini, akademik Cavad Abdinov, AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva və AMEA Rəyasət Heyəti aparatının Elmi, texniki və innovativ fəaliyyətin təşkili şöbəsinin baş mütəxəssisi Rəna Qasımova iştirak ediblər.

İclası institutun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev açaraq bildirib ki, 2022-ci hesabat ilində institutda Elmin İnkişafı üzrə Milli Strategiyaya müvafiq olaraq radiasiya materialşünaslığı, radiasiya texnologiyaları, radiasiya təhlükəsizliyinin elmi əsasları üzrə 4 problem, 10 mövzuya aid 21 elmi-tədqiqat işi aparılıb, nəzərdə tutulan bütün işlər yerinə yetirilib.

İ.Mustafayev qeyd edib ki, hesabat ilində institutun əməkdaşlarının 285 elmi işi çap olunub. Cari ildə 53-ü “Web of Science” nəşriyyatına daxil olan jurnallarda olmaqla  xarici jurnallarda 79, respublika mətbuatında 70 məqalə dərc edilib. 2022-ci ildə institut əməkdaşlarının məqalələrinə 5482 istinad olub, 4 kitab, 3 monoqrafiya, 2 dərslik nəşr edilib.

İnstitutun müxtəlif laboratoriyalarının əməkdaşları 2022-ci ildə 5 patent alıb, 4 patent “Sənaye Mülkiyyəti” Rəsmi Bülleteninə daxil edilib və 4 patentə ilkin ekspertizanın müsbət nəticəsi haqqında bildiriş alınıb.

Dövri nəşrlər sahəsində institutun ingilis dilində nəşr etdiyi “Journal of Radiation Researchers” jurnalının 1-ci nömrəsi (V.9, N1) çapdan çıxıb, 2-ci nömrəsi isə çapa hazırlanıb.

Kadrların hazırlanması istiqamətində 2022-ci ildə institut əməkdaşları 8 fəlsəfə doktorluq və 1 elmlər doktorluq dissertasiyası müdafiə ediblər. Hazırda institutun 8 əməkdaşı Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda tədqiqatlar aparır, 1 əməkdaş Norveçin Oslo Universitetində, 1 əməkdaş isə Vyanada Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə (AEBA) təhsil alır.

Elmi əsərləri dünyanın reytinqli və yüksək indeksli jurnallarında çap olunan 35 yaşlı gənc elmlər doktoru Elçin Hüseynovun və fizika üzrə fəlsəfə doktoru Mətləb Mirzəyevin adı “Elsever” nəşriyyatının 2022-ci il üçün təqdim etdiyi dünyanın ən yaxşı 2% alimlərinin siyahısına daxil edilib.

Hesabatda institutun beynəlxalq əlaqələri və elmi yeniliklərin tətbiqi sahələrinə də toxunulub. Bildirilib ki, Radiasiya Problemləri İnstitutunda cari ildə üç qurğu işlənib ki, onlardan biri 26-29 may tarixlərində Bakı şəhərində keçirilən “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında sərgilənib.

İnstitutda 2-si AEBA, 2-si SOCAR Elm Fondu, 1-i EİF-AzTürk olmaqla 5 qrant layihəsi həyata keçirilir. Bu il institut əməkdaşları “HORIZON 2020” qrantı qazanıblar.

Sözügedən müəssisənin beynəlxalq əlaqələri 2022-ci ildə daha da genişlənib. Çexiyanın Praqa şəhərində yerləşən Texniki Universitetlə əməkdaşlıq müqaviləsi bağlanıb və müqavilə çərçivəsində yeni detektor modulları hazırlanıb.

Sonda akademik C.Abdinov, AMEA-nın müxbir üzvü S.Mehdiyeva və R.Qasımova hesabatla bağlı fikirlərini bölüşüb və hesabatı yüksək qiymətləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: