Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.12.2022 17:34
  • A-
  • A
  • A+

Seysmoloji Mərkəzin şöbələri illik hesabat verib

Seysmoloji Mərkəzin şöbələri illik hesabat verib

AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) Elmi-Texniki Şuranın iclası keçirilib.

İclasda 2022-ci ildə aparılmış elmi-istehsalat işlərinin nəticələrinə dair müvafiq şöbələr üzrə hesabatlar təqdim olunub.

RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli bildirib ki, 2022-ci il mərkəzdə aparılan elmi-istehsalat işləri və əldə olunmuş nəticələr baxımından səmərəli il olub. Bu il beynəlxalq qrant layihəsi çərçivəsində ölkəmizə gətirilmiş seysmik stansiyaların quraşdırılması prosesinin başa çatdığını qeyd edən baş direktor dünyada ilk dəfə olaraq palçıq vulkanlarının seysmik stansiyalar vasitəsi ilə Azərbaycanda izlənilməyə başladığını və bu məqsədlə Abşeron yarımadasından palçıq vulkanları ətrafında 12 seysmik stansiyanın quraşdırıldığını bildirib.

2022-ci ilin mərkəzdə elmi-təşkilati, eləcə də kadr potensialının yüksəldilməsi baxımından da uğurlu olduğunu qeyd edən baş direktor Zəlzələ ocaqlarının dinamikası şöbəsinin böyük elmi işçisi Şirin İslamovanın fəlsəfə doktorluğu üzrə elmi iş müdafiə etdiyini bildirib. İclasda Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Yer Elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi haqqında diplomu Şirin İslamovaya təqdim olunub.

Sonra Zəlzələlərin tədqiqatı bürosunun rəis müavini Ruqiyyə Kərimova “Azərbaycan və ətraf bölgələrin seysmikliyinin xüsusiyyətləri”, Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri,  geologiya - mineralogiya üzrə fəlsəfə doktoru, dosent  Səbinə Kazımova Zəlzələ ocaqlarının tədqiqi, palçıq vulkanlarının monitorinqi və Beynəlxalq Seysmotomoqrafiya laboratoriyasının fəaliyyəti, Geodinamika şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov 2022-ci ildə aparılan geodinamiki tədqiqatlar, Makroseysmik tədqiqatlar şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev Makroseysmik, mühəndisi-seysmoloji və episentral tədqiqatlar, Maqnitometriya şöbəsinin böyük elmi işçisi Nadirşah Xanbabayev 2022-ci ildə aparılmış maqnitometrik tədqiqatlar, Qravimetriya şöbəsinin müdiri Elçin Bağırov qravimetrik tədqiqatlar, Kompleks geokimyəvi tədqiqatlar şöbəsinin elmi işçisi Aybəniz Kərəmova il ərzində aparılmış geokimyəvi tədqiqatların nəticələri, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov xarici ölkə və beynəlxalq seysmoloji təşkilatlarla əməkdaşlıq, İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı informasiya təminatı və sənədlərlə iş sahəsində görülən işlər, Tədris şöbəsinin müdiri Gülnarə Alxanova kadr potensialının yüksəldilməsi məqsədi ilə keçirilən ixtisas dərsləri və xarici dil kurslarının nəticələrinə dair hesabatlarla çıxış edərək, təqdim olunmuş mövzular üzrə sualları cavablandırıblar.

İclas hesabatların Elmi-Texniki Şura tərəfindən qəbul edilməsi ilə yekunlaşıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: