Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.12.2022 18:22
  • A-
  • A
  • A+

Mərkəzi Nəbatat Bağı illik hesabat verib

Mərkəzi Nəbatat Bağı illik hesabat verib

Mərkəzi Nəbatat Bağının Elmi şurasının 2022-ci ildə aparılan elmi-tədqiqat işlərinin yekunlarına həsr olunan hesabat iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova 2022-ci ilin Mərkəzi Nəbatat Bağı (MNB) üçün keçid dövrü olduğunu xatırladıb və il ərzində MNB-nin elmi və elmi-təşkilati fəaliyyətinin yekunları haqqında təqdimatla çıxış etmək üçün sözü Mərkəzi Nəbatat Bağının baş direktoru v.i.e., biologiya elmləri doktoru, dosent Həsən Babayevə söz verib.

Həsən Babayev rəhbərlik etdiyi müəssisədə 2022-ci ildə yerinə yetirilən elmi-tədqiqat işlərinin nəticələrini təqdim edib. O, məruzəsində cari ildə Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, habelə Dövlət Proqramlarının icrası ilə əlaqədar müəssisədə yerinə yetirilmiş işlər haqqında ətraflı məlumat verib. Natiq cari ildə MNB-də elmi-tədqiqatların 1 problemin həlli üzrə 5 mövzunu əhatə edən 11 iş və 20 mərhələdə yerinə yetirildiyini bildirib. Hesabat ilində Bağın əməkdaşları tərəfindən ümumilikdə 29 elmi əsərin, o cümlədən 16 məqalə və 13 tezisin yerli və xarici mətbuatda, bunlardan 2 məqalənin isə impakt faktorlu jurnallarda dərc edildiyi vurğulanıb. Bağın əməkdaşlarının həm respublikada, həm də xaricdə çoxsaylı tədbirlərdə iştirak etdiyi haqda məlumat diqqətə çatdırılıb.

Həsən Babayev qeyd edib ki, Mərkəzi Nəbatat Bağının canlı bitki kolleksiyalarının zənginləşdirilməsi məqsədilə dünyanın bir sıra ölkələrinin nəbatat bağları ilə toxum mübadiləsi işləri həyata keçirilib. Bağın nəzdində fəaliyyət göstərən Şamaxı Dayaq Məntəqəsinin ərazisində müxtəlif növ dərman, efiryağlı, nektarlı və digər faydalı bitkilərin kolleksiyası yaradılıb.

İcraçı direktor tərəfindən aparılan elmi tədqiqat işlərinin nəticələrinin istehsalata tətbiqi məqsədilə Mərkəzi Nəbatat Bağında seleksiya və hibridləşdirmə üsulu ilə yetişdirilmiş bağ qızılgüllərinin 5 sortunun (Abşeron şıltaqlığı, Aysel, İpək yolu, Köhnə Bakı, Ulduzlu Xəzər) Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə təqdim olunduğu qeyd edilib.

Sonra hesabat ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb, təkliflər verilib.

Həmçinin hesabatda laboratoriya müdirlərinin, məruzəçilərin cari ildə aparılmış elmi tədqiqatlar, onların əsas nəticələri, kadr hazırlığı, laboratoriya əməkdaşlarının yerli və xarici elmi tədbirlərdə iştirakı və sosial sferada fəaliyyəti ilə bağlı məlumatları dinlənilib.

Sonda Akademik İradə Hüseynova müzakirələrə yekun vuraraq Bağın elmi fəaliyyəti ilə bağlı öz tapşırıq və tövsiyələrini bildirib, kollektivi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib.

Yekunda müəssisənin fəaliyyəti ümumən müsbət qiymətləndirilərək illik hesabatın qəbul olunmasına dair qərar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: