Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.12.2022 10:04
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunun 2022-ci il üzrə hesabat iclası keçirilib

İdarəetmə Sistemləri İnstitutunun 2022-ci il üzrə hesabat iclası keçirilib

AR Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Elmi şurasının cari il üzrə elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabat iclası keçirilib.

Tədbirdə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin üzvləri akademik Fikrət Əliyev və AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev, institutun rəhbərliyi, Elmi şura üzvləri, müvafiq laboratoriya və şöbə əməkdaşları iştirak ediblər.

İclası giriş nitqi ilə açan İSİ-nin baş direktoru, akademik Əli Abbasov rəhbərlik etdiyi müəssisənin 2022-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı təqdim edib. Akademik institutun cari il üzrə müəyyənləşdirilmiş idarəetmənin nəzəri və tətbiqi problemləri, süni intellekt texnologiyaları və sosial-iqtisadi sistemlərin tədqiqi kimi əsas elmi istiqamətlər üzrə görülən işlərdən ətraflı şəkildə bəhs edib, əldə olunan mühüm elmi nəticələr və potensial tətbiqi layihələrdən söz açıb. Alim qeyd edib ki, cari il ərzində 7 elmi tədqiqat işinin nəticələri müxtəlif sahələr üzrə praktiki olaraq uğurla tətbiq edilib. Bildirib ki, 2022-ci ildə, 6-sı Avrasiya və 1-i respublika olmaqla, ümumilikdə 7 patent alınıb, elmi-tədqiqat proqramlarının müsabiqələrinə müxtəlif layihələr tədqim olunub.

Elmi nəşriyyat fəaliyyətini diqqətə çatdıran baş direktor institut əməkdaşları tərəfindən 2022-ci ildə 285 məqalə (onlardan 85-i “Web of Science” və 51-i “Scopus” bazalarında), 210 tezis, 2 kitab (2-si xaricdə), 5 dərs vəsaiti və 5 monoqrafiyanın (1-i xaricdə) çap olunduğunu, onların əsərlərinə 2200-dən çox istinad edildiyini bildirib.

Ə.Abbasov, həmçinin cari ildə alınmış qrantlar, təltif və mükafatlar, yerli və beynəlxalq elmi qurumlarla əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, kadr hazırlığı, institutda təşkil edilən konfrans və seminarlar, elmlə təhsilin inteqrasiyası istiqamətində həyata keçirilən əməli tədbirlərdən bəhs edib. İnstitut rəhbəri elmin populyarlaşdırılması istiqamətində görülən işlərdən söz açıb, www.isi.az saytının cari il üzrə müsbət inkişaf dinamikasını nəzərə çatdırıb.

Tədbirdə AMEA-nın müşaviri, akademik Telman Əliyev çıxış edərək son illər ərzində İSİ-də həyata keçirilən elmi və elmi-təşkilati fəaliyyəti, o cümlədən institut alimləri tərəfindən aktual elmi problemlərin həlli istiqamətində aparılan tədqiqatları, əldə olunan qrantları, dünyanın nüfuzlu qurumları ilə qurulan mühüm əməkdaşlıq əlaqələrini təqdirəlayiq hesab edib. Akademik elmin kommersiyalaşdırılması, gənc kadr potensialının inkişafı istiqamətində atılan addımları, İSİ-də həyata keçirilən quruculuq işlərini xüsusi vurğulayıb, təqdim olunan hesabatı yüksək qiymətləndirərək institutun kollektivinə növbəti ildə müvəffəqiyyətlər arzu edib. 

Sonra akademik Fikrət Əliyev və AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev çıxış edərək hesabatda qeyd olunan aktual elmi tədqiqatlar, gələcək prioritetlər barədə tövsiyələrini səsləndirib, cari ildə əldə olunan yüksək elmi statistik göstəriciləri müsbət qiymətləndirərək birgə əməkdaşlıq əlaqələrinin inkişaf etdiriləcəyinə əminliklərini ifadə ediblər.

Daha sonra hesabat ətrafında geniş müzakirələr aparılıb, rəy və təkliflər səsləndirilib. Müzakirələrdə AMEA-nın müxbir üzvləri Əminağa Sadıqov, Kamil Ayda-zadə, Ağası Məlikov, Qorxmaz İmanov və professor Abbas Rzayev iştirak edərək institutda həyata keçirilən elmi-tədqiqat işlərini yüksək qiymətləndirib, rəy və təkliflərini səsləndiriblər. Sonra açıq səsvermə keçirilərək hesabat Elmi şura üzvləri tərəfindən yekdilliklə qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: