27 sentyabr 2024-cü il tarixində İdarəetmə Sistemləri İnstitutunda (İSİ) 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkənin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Anım Gününə həsr olunan tədbir keçirilib.
İclasda institutun rəhbərliyi, şöbə və laboratoriya müdirləri, alim və mütəxəssislər iştirak ediblər.
İclası İSİ-nin baş direktoru akademik Əli Abbasov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə 27 sentyabrın Azərbaycan Respublikasında “Anım Günü” kimi qeyd edildiyini vurğulayıb. Akademik Ermənistanın 2020-ci il sentyabrın 27-dən başlayan təxribat xarakterli növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi ilə işğal altındakı torpaqların azad edilməsi uğrunda həyata keçirilən Vətən müharibəsinin şanlı tarixinə nəzər salıb. 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının tarixində mühüm qələbəsi olduğunu qeyd edən Ə.Abbasov işğal altında olan torpaqların azad edilməsinin məhz Ali Baş Komandanın uzaqgörən siyasəti və Azərbaycan Ordusunun qətiyyəti sayəsində mümkün olduğunu vurğulayıb.
Müharibə dövrünün özünəməxsus çətinliklərindən bəhs edən akademik Azərbaycanın üstünlüyü qarşısında aciz qalan düşmənin müxtəlif təxribatlara əl ataraq günahsız mülki insanları hədəfə alıb müharibə cinayətləri törətdiyini, beynəlxalq hüquq normalarını kobud şəkildə pozduğunu qeyd edib. Müharibə nəticəsində 2908 hərbi qulluqçu və 100 mülki şəxsin həlak olduğunu bildirən Ə.Abbasov Vətən uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində daim yaşayacağını bildirib, şəhidlərimizi ehtiramla yad edib.
Ə.Abbasov Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən 10 noyabr 2020-ci il tarixində imzalanan və faktiki olaraq Ermənistanın kapitulyasiya aktı hesab olunan bəyanatı xatırladaraq müharibənin nəticələrindən danışıb. Akademik bildirib ki, ötən ilin sentyabrın 19-da Azərbaycan Ordusunun antiterror tədbirləri nəticəsində Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və Əsgəranda Dövlət Bayrağımızın ucaldılması ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olundu.
Müharibədən sonrakı dövrdə həyata keçirilən quruculuq işlərindən və əldə olunan mühüm elmi nailiyyətlərdən bəhs edən Ə.Abbasov ölkənin bir çox qurumları sırasında İSİ-də həyata keçirilən tədqiqatlardan və əməkdaşlıq əlaqələrindən söz açıb, qarşıda duran hədəfləri nəzərə çatdırıb.
Sonra professor Knyaz Məmmədov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın qabaqcıl ölkələri üçün nümunə rolu oynayan Böyük Qayıdış proqramından söz açıb, şəhid ailələri, müharibə veteranları və qazilərə göstərilən yüksək diqqət və dövlət qayğısından bəhs edib. Qarabağın və Şərqi Zəngəzurun yüksək inkişaf etmiş regiona çevrilməsi məqsədilə həyata keçirilən mühüm layihələri nəzərə çatıdran alim uzun illər doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlərin geri qayıdış proqramından danışıb, Qarabağla bağlı öz xatirələrini bölüşüb.
Daha sonra AMEA-nın müxbir üzvü Qorxmaz İmanov çıxış edərək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlər, bütövlükdə xalqın bir yumruq kimi Prezident cənab İlham Əliyevin ətrafında birləşərək birlik və həmrəylik göstərdiyini vurğulayıb. Alim erməni təcavüzkarlarının törətdiyi saysız-hesabsız dağıntıları təəssüf hissi ilə qeyd edib, Qarabağla bağlı xatirələrini bölüşüb.
Sonra professor İlqar Məmmədov çıxış edərək 44 günlük Vətən müharibəsindən, xüsusən də hərb tariximizin parlaq səhifəsi olan Şuşa əməliyyatından bəhs edib, xatirələrini bölüşüb.
Qeyd edək ki, tədbir iştirakçıları saat 12:00-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərancamı ilə Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə ölkə ərazisində elan olunan bir dəqiqəlik sükuta qoşulublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.