Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

A mənim ucalıq taxtım, Təbrizim!
09.12.2022 10:14
  • A-
  • A
  • A+

A mənim ucalıq taxtım, Təbrizim!

İlk dəfə Təbrizə ayağım 2005-ci ildə dəymişdi. O zaman şəhəri susqun, sakit görüb, az qala, havalanmışdım. Mənə elə gəlmişdi ki, Təbrizdə türk yaşamır. Yollarda, xiyabanlarda, divarlardakı banerlərdə hələ o qədər də bələd olmadığım, ərəb əlifbasının hərflərini görəndə özümü yazıq, yalqız hiss eləmişdim. Mənim nəzərimdə Təbriz belə olmamalı idi. Heç təbrizlilər də belə olmamalı idilər. Bu taydan gedənlərə yad kimi baxmamalı, gendən dolanmamalı  idilər...

O vaxt Təbrizdən ötüb Urmiya Universitetində keçirilən xaqanişünaslıq konfransına gedirdik. Urmiyada da bir az qəribə qarşılandıq. Müəllimlərin, elm adamlarının ehtiyatlı davranışını tələbə gənclərin sevgi dolu baxışları, şirin sözləri əvəzləyəndə, sanki içimizə bir işıq doldu. Onda dəqiq bildik ki, Urmiya Azərbaycandır!

Sonralar anladım ki, ayaq saxladığımız Təbriz, ötəri söhbətləşdiyimiz təbrizlilər ilk baxışda niyə belə soyuq, biganə gəlibmiş mənə. Çünki İran fars rejimi hər zaman anamız Təbrizin məhz türklərin Vətəni, türklərin yurdu olmasından təşviş keçirib, əndişələnib. Belə olmasaydı, nümayəndə heyətimizin, az qala, hər üzvünün ətrafında bir agent dolandırmazdı.

Hansı günahın yiyəsi, yaxud naqis əməlin sahibi idik ki, bu qədər qorxunc, vahiməli görünmüşdük türk düşmənlərinin gözlərinə? Türk olmaq, millətini sevmək, soyunu-kökünü tanıyıb qürur duymaq bu qədərmi yasaq olunmalı məsələ imiş? Əgər niyyətləri saf deyilsə, nədən Türk adı gələndə bu qədər xoflanırlar? Niyə quzeyli-güneyli Türk qardaşların bir-biri ilə doğmalaşması fars qaragüruhunu bu qədər göynətməlidir?

O vaxtdan illər ötüb. Dəfələrlə güneyə, anamız Təbrizə səfərlərimiz olub. Qonaq kimi də getmişik, elmi ezamiyyətdə də olmuşuq. O qədər xoş simalar görmüş, o qədər şirin avazlara qulaq kəsilmişik ki... Sən demə, təpədən-dırnağa Türk şəhəri olan qədimdən-qədim Təbrizdə ilk dəfə keçirdiyimiz anlaşılmaz  hisslər ətrafımızda qəsdən yaradılmış soyuqluğun nəticəsi imiş. Yad pərdələri aradan qaldırdıqca ana Təbrizin və onun doğmadan-doğma insanlarının - canbir-qanbir qardaş-bacılarımızın Bütöv Azərbaycan idealları uğrunda mübarizlik ruhunun kükrəyən ümmandan seçilmədiyinin şahidi olmuşuq. Bir-birinə qucaq açmış qardaş-bacıların Təbriz sevgisi birlik-bütövlük himni kimi səslənib:

Azərbaycan əyilməz!

Azərbaycan bölünməz!

Bir kərə qalxan bayraq

Bir daha enməz, enməz!

Yaşa!!! Yaşa!!!

Yaşa, mənim xalqım!!!

Yaşa, Azərbaycan!!!

Dəfələrlə şahidi olmuşam ki, qonaq olduğumuz bütün məclislərdə soydaşlarımız “Yaşa, Azərbaycan!” nidalı bu qardaşlıq himnini ayaq üstə, nisgilqarışıq sevinc içərisində, göz yaşları ilə bir nəfər kimi qürurla, ucadan səsləndiriblər. “Səsləndiriblər” demək günahdır, yaşayıblar, yaşadıblar, qanlarına, canlarına hopdurublar. Belə məclislərdə biz də könül duyğularımızı misralara çevirmişik:

Vətən nədir? Vətən kimdir?

Atam, qardaşım, Anam, bacım...

İnsan oğlu insandır – Vətən!

Çölüm, çayım, dağım, düzüm, axan göz yaşım,

Qucaq-qucaq sevgi dolu ümmandır – Vətən!..

Ümman sevgilərlə qarşılanıb, elə bu qədər də nisgilləri yaşadan ürəklərin qəm ortağına, qəlb sirdaşına çevrilmişik. Ana dilində məktəbi olmayan, doğma dilinə, söz azadlığına, milli-mənəvi dəyərlərinə sahib çıxmasına əngəllər qoyulan soydaşlarımızın sonsuz üzüntülərinin şahidi olmuşuq hər dəfə. Zaman-zaman körüklənən ağrı-acılar simləyib artıq, səbr kasaları dolub-daşıb 3 aydır. Güneydə Vətən, Azadlıq, Türklük ideallarına sadiqlik həmvətənlərimizi zindanlara aparsa da, edam kürsülərinə gətirib çıxarsa da tarixi kimliyinə, soyuna-kökünəta tapınmaq, Vətəninə, dilinə sahiblənmək kimi müqəddəs amallardan bircə an da olsa geri çəkilməyiblər. Elə budur fars ağaların, onlara nökərçilik edənlərin xoşuna gəlməyən! Getdikcə dərinləşən türklük ideallarını, azərbaycançılıq amalını beşikdəcə boğmaq istəsələr də, bu xəbis niyyətləri alınmayıb. Məqsədlərinə çata bilməyiblər... Bilməyəcəklər də!

Təbriz sevgisini hərə bir cür yaşadır ürəyində. Kiminin sinəsini “Qaragilə” dağlayıb: “Təbrizin küçələri dolanbadolan, qaragiləm, dolanbadolan...”. Kimi də illər uzunu xəyal körpüləri qurub:

Qar yağıbdı dizəcən,

Bu düzdən o düzəcən.

Qəlblərdə körpü olum,

Uzanım Təbrizəcən...

Könüllərdə taxt qurmuş ana Təbrizə doğru yürüdükcə yürüyən sevgimizi biz də “Can Təbriz” harayı ilə od tutub yanan duyğu-düşüncələrlə yaşadıq.

Can Təbriz

Sənə ürəyimdə məbəd ucaltdım,

Yaşa, anam Təbriz, yaşa, can Təbriz!

Zikr etdim, ucalıq qəsrinə çatdım,

Qoxladım gülünü daşacan, Təbriz!

Hara ayaq basdım, ruhum: “Qalx!” – dedi,

“Baş vur tarixlərə, bir də bax”, – dedi.

Ürək “Amin!” dedi, dillər “Haqq!” dedi,

Səni belə gördüm başacan, Təbriz!

Hər qarış torpağın can içrə candı,

Suyun abi-zəmzəm, havan dərmandı.

O tay da, bu tay da Azərbaycandı,

Sən türksən kiprikdən-qaşacan, Təbriz!

A mənim ucalıq taxtım, Təbrizim,

A mənim yığvalım, baxtım, Təbrizim.

Ruh idim, qanına axdım, Təbrizim,

Soğuldum kiprikdə yaşacan, Təbriz!

Mən bir türk qızıyam, aç mənə qoynun,

Öpüm gözlərindən, oxşayım boynun.

Tarix səhnəsində oynanan oynu –

Dəf edək Bakımla qoşa, can Təbriz!

Yaşa, anam Təbriz, yaşa, can Təbriz!

Qiymət MƏHƏRRƏMLİ, AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

“Xalq qəzeti”

  • Paylaş: