AR Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Elmi şurasının elmi müəssisənin illik hesabatına həsr olunan iclası keçirilib.
İclasda AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, AMEA-nın Biologiya və Tibb Bölməsinin üzvləri – AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, AMEA-nın müxbir üzvü Novruz Quliyev, AMEA-nın Rəyasət Heyəti aparatının Elmi, texniki və innovativ fəaliyyətin təşkili şöbəsinin müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov, institutun rəhbərliyi, Elmi şuranın üzvləri, o cümlədən akademik Məhərrəm Babayev və AMEA-nın müxbir üzvü Amin İsmayılov, müvafiq laboratoriya və şöbələrin əməkdaşları iştirak ediblər.
İclasa sədrlik edən akademik İradə Hüseynova Torpaqşünaslıq və Aqrokimya İnstitutunun 2022-cı il üzrə elmi və elmi-təşkilati fəaliyyəti barədə məruzəsini təqdim etmək üçün sözü institutun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyevə verib.
Əlövsət Quliyev Torpaqşünaslıq və Aqrokimya İnstitutunda aparılan tədqiqatların Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamları, AR Nazirlər Kabinetinin qərar və sərəncamları, habelə Dövlət proqramlarındakı tapşırıqlar əsasında həyata keçirildiyi barədə məlumat verib.
O, institutun elmi-tədqiqat işlərinin mövzu planına müvafiq institutun elmi istiqamətinə uyğun 2 problem, 17 mövzunu əhatə edən 83 iş və 110 mərhələ üzrə elmi-tədqiqat işlərinin yerinə yetirildiyini qeyd edərək, 2 mühüm nəticənin əldə olunduğunu qeyd edib.
Əlövsət Quliyev bildirib ki, cari ildə 76-sı xaricdə olmaqla 115 məqalə, 54 tezis (24-ü xaricdə), 1 biblioqrafiya, 1 kitab-dərslik, 7 monoqrafiya, 1 proqram, 1 metodik tövsiyə nəşr olunub. Məqalələrin 25-i yüksək impakt farktorlu “Web of Science”, “Scopus”, “Agris” bazalarında indeksləşən beynəlxalq jurnallarda dərc edilib. İnstitut alimlərinin nəşrlərinə 212 istinad olunub.
Həmçinin alim qeyd edib ki, hesabat ilində institutda Türkiyə, Qazaxıstan, Ukrayna, Belarus, Sinqapurla əməkdaşlıq əlaqələri uğurla davam etdirilib.
Ə.Quliyev Kür-Araz ovalığında Baş Mil Qarabağ, Baş Mil Muğan, Baş Şirvan kollektorlarının müasir vəziyyəti haqqında məlumat verərək bildirib ki, kollektorlardan axıdılan suyun minerallığı çox aşağıdır, hətta suyun minerallığı 3.0 q/l-dən az olan yerlərdə sulardan suvarma üçün istifadə edilir.
Alim Azərbaycanda etibarlı su sistemləri – kəhrizlər barədə görülən işlərdən bəhs edərək qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə kəhrizlər bizim alimlərin və mütəxəssislərin köməyi ilə bərpa olunaraq içməli suya olan tələbatı ödəməklə yanaşı, kənd təsərrüfatının suvarma əkinçiliyinin inkişafına da təkan verə biləcəkdir.
Ə.Quliyev, həmçinin institutun kadr hazırlığı, doktorantura və dissertantura təhsili, ali məktəblərlə əlaqələr, magistratura, elmlə təhsilin inteqrasiyası, beynəlxalq əlaqələr, xarici ölkələrə elmi səfərlər, yerli və beynəlxalq səviyyəli konfrans və digər tədbirlər, kütləvi informasiya vasitələrində nümayiş etdirdikləri elmi-populyar fəaliyyətdən ətraflı şəkildə bəhs edib. Alim Torpaqşünaslıq və Aqrokimya İnstitutu və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə keçirilmiş “Torpaq elmi: dünəni, bu günü və sabahı” adlı 5 dekabr - Dünya Torpaq Gününə həsr ediən beynəlxalq elmi konfrans haqqında geniş məlumat verib.
İnstitutun dayaq məntəqələrində aparılmış işlər, maddi-texniki təchizat və sosial məsələlərlə bağlı müvafiq məlumatlar təqdim olunub.
Daha sonra hesabat ətrafında geniş müzakirələr aparılıb, məruzəçiyə ünvanlanan suallar ətraflı cavablandırılıb.
Sonda akademik İradə Hüseynova müzakirələri yekunlaşdıraraq təklif və tövsiyələrini bildirib. Açıq səsvermə keçirilərək hesabat Elmi şura üzvləri tərəfindən yekdilliklə qəbul olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.