Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.12.2022 14:10
  • A-
  • A
  • A+

“Şuşa torpağında doğulan dilçi alim Yusif Vəzir Çəmənzəminli” adlı kitabın təqdimatı keçirilib

“Şuşa torpağında doğulan dilçi alim Yusif Vəzir Çəmənzəminli” adlı kitabın təqdimatı keçirilib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda filologiya üzrə fəlsəfə doktoru, dosent Şəlalə Ana Hümmətlinin tərtib etdiyi  “Şuşa torpağında doğulan dilçi alim Yusif Vəzir Çəmənzəminli” adlı kitabın təqdimatı keçirilib.

Təqdim olunan kitabda Azərbaycanın görkəmli ziyalısı, ictimai-siyasi xadim, böyük yazıçı və alim Yusif Vəzir Çəmənzəminlinin (1887-1943) dilçilik görüşlərini, lüğətçilik fəaliyyətini özündə əks etdirən əsərləri, əlyazmaları toplanıb.

Tədbiri giriş sözü ilə açan elmi müəssisənin baş direktoru, professor Nadir Məmmədli  bildirib ki,  kitab Azərbaycan Respublikası Prezidentinin “2022-ci ilin “Şuşa İli” elan olunması barədə” 5 yanvar 2022-ci il tarixli Sərəncamına müvafiq olaraq hazırlanıb.  Şuşa Azərbaycanın qədim şəhəri, mədəniyyət paytaxtıdır. Nadir Məmmədli qeyd edib ki, ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edilmiş və 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunmuşdur. Şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılmış, bərpa işlərinə başlanılmışdır.

Professor qeyd edib ki, Yusif Vəzir Çəmənzəminli parlaq şəxsiyyəti, zəngin ədəbi, elmi yaradıcılığı ilə XX əsr ədəbiyyat tariximizdə özünəməxsus şərəfli yeri olan Yusif Vəzir Çəmənzəminli Azərbaycanın böyük ruhlu, yüksək mənəviyyatlı ictimai-siyasi xadimlərdən biridir. Y.V.Çəmənzəminli ömrü boyu əsərlərini sadə və aydın dildə yazmış və ana dilinin saflığı uğrunda yorulmaz mübarizə aparıb. Onun hələ ilk gəncliyindən mətbuat səhifələrində dərc etdiyi məqalələrin hər biri əsl vətənpərvərlik, milli qeyrət və təəssübkeşliyinin nümunələridir.

Tədbirdə professorlar Sayalı Sadıqova “Şuşanın görkəmli ziyalısı Yusif Vəzir Çəmənzəminli” və Mayıl Əsgərov “Şəlalə Ana Hümmətlinin “Şuşa İli”nə hədiyyəsi” adlı məruzələrlə çıxış ediblər.

Sonra institutun icraçı direktoru, dosent Baba Məhərrəmli, professsor İlhami Cəfərsoy, dosentlər Şəlalə Abdullayeva və Qətibə Quliyeva vurğulayıblar ki, xalqımızın ədəbiyyat və mədəniyyət salnaməsinin səhifələrində yeri olan Y.V.Çəmənzəminli eyni zamanda Türk dünyasının böyük ruhlu, yüksək mənəviyyatlı ziyalılarındandır.

Sonda Yusif Vəzir Çəmənzəminlinin nəvələri professor Leyla Vəzirova və Yusif Vəzirov tədbirin təşkilatçılarına və kitabın müəllifinə öz təşəkkürünü bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: