Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

22.07.2015 07:31
  • A-
  • A
  • A+

Sankt-Peterburqda Nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü, akademik Jores Alfyorovla görüş keçirilib

Sankt-Peterburqda  Nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü, akademik Jores Alfyorovla görüş keçirilib

AMEA Rəyasət Heyətinin qərarına əsasən akademiyanın 70 illik yubileyi ilə əlaqədar “Azərbaycanın elm məbədi” adlı sənədli film çəkilir. Akademiyanın tarixi ənənələrini və müasir inkişafını əks etdirəcək filmin elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik Akif Əlizadədir.

Filmi hazırlayan yaradıcı qrupun rəhbəri və ssenari müəllifi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin verdiyi məlumata görə, çəkilişlər əsasən başa çatmaq üzrədir. “Salnamə” studiyasının çəkdiyi filmin baş rejissoru tanınmış kino xadimi Ayaz Salayev, operatoru Moskva Dövlət Kinomatoqrafiya İnstitutunu bitirmiş Yuri Varnovskidir.

Yaradıcı qrup AMEA-nın əhatə etdiyi əksər elmi-tədqiqat institutlarında çəkilişlər aparıb, müsahibələr alıb.  Bundan başqa, Foto-Kino Sənədləri Arxivindən nadir materiallar əldə olunub. Eyni zamanda, Ukrayna Elmlər Akademiyasının prezidenti, akademik Patondan, Rusiya Elmlər Akademiyası Dünya Ədəbiyyatı İnstitutunun direktoru, akademik Aleksandr Kudelindən də Azərbaycanda elmin və Elmlər Akademiyasının inkişafı ilə əlaqədar müsahibələr alınıb.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və çəkiliş qrupunun üzvləri bu günlərdə film üçün müsahibə almaq məqsədilə Sankt-Peterburq şəhərində Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, Nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü, akademik Jores İvanoviç Alfyorovla görüşüb. Sankt-Peterburq Elmi Mərkəzinin rəhbəri, akademik J.Alfyorov Azərbaycanda çətin şəraitdə Elmlər Akademiyasının qorunub saxlanılmasını və ölkədə elm sahəsində həyata keçirilən islahatları yüksək qiymətləndirib. Vurğulanıb ki, Azərbaycanda Elmlər Akademiyası inkişaf etdirilir, islahatlar uğurla həyata keçirilir, ən başlıcası isə ölkənin rəhbərliyi elmin inkişafına dəstək verir və qayğı göstərir.

Nobel mükafatçısı onun elmi fəaliyyətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dövlət səviyyəsində yüksək qiymətləndirilməsini dərin minnətdarlıq hissi ilə qarşıladığını bildirib.

Akademik Jores Alfyorov Azərbaycanla olan çoxillik elmi əlaqələrindən, həmkarları ilə münasibətlərindən söz açıb, qarşılıqlı əlaqələrin dərin köklərindən və ənənələrindən, habelə dünyada Elmlər Akademiyaları sistemində gedən müasirləşmə proseslərindən danışıb, elmin inkişaf etdirilməsinin əhəmiyyətindən bəhs edib.

Görüşdə yeni tarixi mərhələdə AMEA ilə Peterburq Elmi Mərkəzi və onun institutları arasında əlaqələrin yenidən qurulması, əməkdaşlığın inkişaf etdirilməsi zərurəti xüsusi vurğulanıb.

Akademik J.Alfyorov AMEA-nın 70 illik yubileyi tədbirlərində iştirak etmək dəvətini razılıqla qarşılayıb.

Görüşdə Nobel mükafatçısına AMEA-nın xatirə hədiyyəsi təqdim olunub.

Növbəti aylarda “Azərbaycanın elm məbədi” filminə dair əldə edilmiş tarixi materialların və yeni çəkilmiş videolentlərin montajı işi aparılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: