Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Akademik Ömər Eldarovun 95 yaşı tamam olur
21.12.2022 10:28
  • A-
  • A
  • A+

Akademik Ömər Eldarovun 95 yaşı tamam olur

Dekabrın 21-də görkəmli heykəltəraş, “İstiqlal” və “Heydər Əliyev” ordenli, Dövlət mükafatı lau­reatı­, Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Həsən oğlu Eldarovun 95 yaşı tamam olur.

Akademik Ömər Eldarov 1941-1945-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbinin Helkəltəraşlıq bölməsində, 1945-1951-ci illərdə Rusiya Rəssamlıq Akademiyasının İlya Repin adına Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun Heykəltəraşlıq fakültəsində təhsil almışdır. 1967-ci ildə SSRİ (hazırda Ru­siya) Rəssamlıq Aka­de­mi­ya­sının müxbir üzvü, 1988-ci ildə həqiqi üzvü, 2001-ci ildə Azərbaycan Milli Elm­­­lər Akademiyasının həqiqi üz­vü­ seçilmişdir. 2007-ci ildən Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvüdür.

Ömər Eldarov 1951-ci ildən həm peda­qoq, həm də sənətkar kimi intensiv fəaliy­yət göstərmiş, Bakı Rəssamlıq məktəbində müəl­lim, SSRİ Rəs­samlıq Akademiyasının Yaradıcılıq emalatxanasının rəh­bəri kimi gənc kadr­­ların yetişməsində mühüm rol oynamışdır. 2000-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru vəzifəsini uğurla həyata keçirir.

Görkəmli sənətkarın zəngin yaradıcılığı bütöv­lük­də vətənpərvər ziyalı amalının məh­su­lu­dur. Bu cür əsərlər sırasında Bakı şəhərində ucaldılmış şairə Natəvanın, şair Məhəmməd Füzulinin, şair-dramaturq Hüseyn Cavidin, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün, məşhur mühəndis Nikola Teslanın, maestro Niyazinin heykəllərini, bəstəkar Üzeyir Hacıbəylinin, rəssam Əzim Əzimzadənin, yazıçı Süleyman Rəhimovun, akademik Ziya Bünyadovun, müğənni Rəşid Behbudovun, akademik Həsən Əliyevin, yazıçı Yusif Səmədoğlunun və başqalarının qəbirüstü abidələrini göstərmək olar. Eyni zamanda sənətkar bir sıra kamera xarakterli, kiçik həcmli əsər­lərin müəllifidir. Bu qəbildən olan “Qızım Lalənin portreti”, “Oğ­lum Müs­lü­mün portreti”, “Analıq”, “İlin dörd fəsli”, “Bacılar” əsərləri, şair Nasiri Xos­­ro­vun və yazıçı Rabindranat Taqorun heykəl port­retləri müxtəlif vaxtlar­da nüfuzlu res­pub­li­ka və beynəlxalq sərgilərdə uğurla nümayiş olunmuşdur.

Ümummilli Lider Heydər Əliyevin Fəxri Xiyabandakı Xatirə Kompleksi və Türkiyənin Qars şəhərindəki heykəli görkəmli heykəl­təraşın yaradıcılığında xüsusi yer tutur.

Ömər Eldarovun yaratdığı heykəllər təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində milli incəsənətimizi yüksək səviyyədə təmsil edir. Vyananın Donau parkında Üzeyir Hacıbəylinin büstü, Cənubi Koreyanın açıq səma altındakı məşhur muzeyində “Parçalanmış vətən” büstü, Düşənbə şəhərindəki İbn Sina və Sədrəddin Ayninin büstləri, Sevastopolda Şapun-dağda 77-ci Azərbaycan diviziyası döyüşçülərinin şərəfinə qoyulmuş Xatirə Büstü, Mahaçqala şəhərində görkəmli alim Əziz Əliyevin büstü tanınmış heykəltəraşın sənətinin milliliklə yanaşı, bəşərililiyini isbat edir.

Akademik Ömər Eldarov məhsuldar yaradıcılıqla yanaşı, həm də Azərbaycanın ictimai və mədəni həyatında fəal iştirak etmişdir. Azərbaycan SSR Ali Sovetinin (1969-1973) Azərbaycan Respublikasının ali qanunvericilik orqanı olan Milli Məclisin (1995-2000) deputatı seçildiyi illərdə öz vəzifəsinin öhdəsindən layiqincə gəlmişdir.

Tanınmış rəssam və heykəltəraş sənətkarın xidmətləri ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. O, “Əmək­dar in­cə­sənət xadimi” (1963), Azərbaycan Res­publikasının Xalq rəs­samı fəxri adlarına (1982) layiq görülmüş, SSRİ (1980) və Azərbaycan Respublikasının (1982) Dövlət Mükafatı lau­reatı­dır. “Şərəf ni­şa­nı” (1959, 2012), “Qırmızı Əmək Bayrağı” (1986), “İstiqlal” or­den­ləri ilə təltif edil­miş­ (1997), Heydər Əliyev Mükafatına layiq görülmüşdür (2009). “Birliyin ulduzları” və AMEA-nın akademik Üzeyir Hacıbəyli mükafatını alan rəssam (2014) “Heydər Əliyev” ordeni ilə təltif edilmişdir (2017).

2015-ci ildə Bakı şəhərində keçirilmiş Avropa Oyunlarının məşəli məhz Ömər Eldarov tərəfindən Heydər Əliyev Mərkəzinə gətirilmişdir.

Ölkəmizdə mədəniyyətin və incəsənətin inkişafında əvəzsiz xidmətləri olan akademik Ömər Eldarovu 95 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, fəaliyyətində daha böyük uğurlar arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: