Payızın əvvəlindən İranda insan haqları və milli bərabərlik şüarları ilə başlanmış ciddi etiraz dalğası səngimək bilmir. Azərbaycanlıların, kürdlərin, farsların, lorların, bəlucların yaşadığı ərazilərdə təhlükəsizlik qüvvələri ilə qarşıdurma şəraitində kütləvi etiraz aksiyaları keçirilir. Görkəmli tarixçi-alim, AMEA-nın müşaviri, akademik Yaqub Mahmudovla söhbətimizin də mövzusu qonşu olkədəki siyasi durum, Güney Azərbaycanda milli-ayrı seçkiliyə qarşı mübarizə və İranın ifrat ermənipərəst mövqeyi ilə bağlı oldu.
– Yaqub müəllim, İranı çalxalandıran böhranın səbəbi nədir?
– İran çoxmillətli, hətta deyərdim çoxkonfessiyalı ölkədir. Orada müxtəlif dil qruplarına, fərqli dinlərə və məzhəblərə məxsus əhali rəngarəngliyi mövcuddur. Bu baxımdan, İranı idarə etmək tarixən o qədər də asan olmamışdır və indi də çətindir. Hər şeydən öncə, onu qeyd edim ki, İran hakimiyyətinin etdiyi haqsızlıqlar, əhalini boğaza yığan qərar və addımlar burada ciddi faktor kimi qəbul edilməlidir. Şübhəsiz ki, İrandakı hadisələrin dərinləşməsində Qərb ölkələrinin də barmağının olduğu istisna deyil.
İranda demokratik azadlıqların qarşısında duran əngəllər, dövlətin sərt və amansız inzibati üsullarla idarəçilik metodu əks reaksiya doğurur. Hadisələrdən də görürük ki, bir şəhərdə qarşısı alınan kütləvi etiraz digər şəhərdə vüsət alır. Deməli, İran hökumətinin proseslərin xaricdən qaynaqlandığını iddia etməsi bəhanədir və problemin kökünü özlərində axtarmalıdırlar. İran hakimiyyəti xalqın tələblərini yerinə yetirməlidir.
– Bir sıra Güney Azərbaycan şəhərlərində də aksiyalar keçirilir. Güneylilər milli haqları uğrunda mübarizə aparırlar.
– Bu, Güneydə yaşayan soydaşlarımızın təbii insanlıq haqqı və indiki şəraitdə yeganə çıxış yoludur. Çünki əvvəlki şah rejimi və indiki dini hakimiyyət davamlı olaraq bu ölkədəki türk çoxluğuna qənim kəsilib. Bu proseslərin qan tökülmədən bitməsini arzulayardım. Lakin bəzən qan tökülmədən də heç nə qazanmaq olmur. İran polisinin etirazçılarla amansız davranışı əhalini daha da qəzəbləndirir, hadisələri məcrasından çıxarır. İranda yaşayan bütün soydaşlarımız milli mücadiləyə qalxmalıdır. Onlar dil, məktəb və başqa hüquq və azadlıqlarını axıradək müdafiə etməlidirlər.
Tarixən, indiki İran məmləkətində Azərbaycan türkləri söz sahibi olublar. Sacilərdən üzü bəri Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar və digər sülalələr İranda böyük xanədanlar qurublar və uzun müddət bu böyük ölkəni idarə ediblər. Üstəlik, İranın əhəmiyyətli hissəsi tarixi Azərbaycan əraziləridir. Bir sıra orta əsr tarixçiləri də Azərbaycanın Həmədandan Dərbəndədək böyük bir ərazi olduğunu mənbələrdə təsdiqləyirlər.
Bilirsiniz, Azərbaycan türkləri İrana həmişə yenilik, tərəqqi gətiriblər. Səttar xan hərəkatının nəticəsi olaraq İranda konstitusiyalı monarxiyanın yaranması Güney Azərbaycan türkünün adı ilə bağlıdır. 1920-ci ildə Şeyx Məhəmməd Xiyabani hərəkatı İranın ictimai-siyasi həyatına daha bir yenilik gətirdi. Hərəkatın şüarlarından biri “İrana demokratiya, Azərbaycana muxtariyyət!” olub. Bu, ölkə həyatına fərqli bir idarəetmə formasının təqdim olunması demək idi. Bu hərəkat həm də İranda milli hüquqların demokratik yolla həllini göstərirdi. Xiyabani hərəkatı o vaxt Yaxın və Orta Şərq üçün örnək hadisə idi.
Xatırladaq ki, dünyanın aparıcı dövlətləri regionda bu addımı həmin hadisələrdən yarım əsr sonra atmağa başladı. Həmin dönəmdə beynəlxalq ictimaiyyət, dünyanın aparıcı gücləri “Azadistan” uğrunda fəaliyyəti dəstəkləyib, yardımlar etsəydi, heç şübhəsiz, indiki İranda baş verən hadisələr yaşanmazdı. AXC-nin qurucularından olan, mütəfəkkir-siyasətçimiz M. Ə. Rəsulzadənin də İrandakı demokratik hərəkatda mühüm iştirakı olub. Onun həmin vaxt Səttar xanın yanında olması demokratiya uğrunda mübarizəyə müəyyən təkan verib.
Sonra Güney Azərbaycanda yenidən milli hüquqlar uğrunda azadlıq hərəkatı başlayıb. 1945-ci il dekabrın 12-də (İran təqvimi ilə azər ayının 21-də) Seyid Cəfər Pişəvərinin başçılığı altında Azərbaycan Milli Hökuməti yaranıb. Buna bir çox hallarda “21 Azər hərəkatı” da deyirlər. Azərbaycan Milli Hökuməti mövcud olduğu bir il ərzində Güney Azərbaycanda milli hüquqları bütün sahələrdə təmin edib. Azərbaycan türkcəsi dövlət dili elan olunub. Ana dilində məktəblər açılıb. Milli mədəniyyət sahələrinin inkişafına diqqət ayrılıb. Türkcə mətbuat, radio fəaliyyət göstərib, konservatoriya və milli teatr açılıb. Ordu quruculuğu sahəsində işlər görülüb. Ana dilində ali təhsil müəssisəsi açılıb.
Bir sözlə, bir il müddətində milli dövlət quruculuğu ilə bağlı bütün istiqamətdə işlər görülməyə başlayıb. Təəssüf ki, milli hökumətə xəyanət edildi. Sonra fars əsilli Məhəmməd Rza Pəhləvi hakimiyyətə gətirildi. Onun da zamanında türklərə münasibət çox mənfi olub. İslam inqilabından sonra millətlərin hüquqlarını özünə qaytarmaq konstitusiyada əks olunsa da, bu baş vermədi. Və nəticə də göz qabağındadır. Bu gün İranda türk, kürd, fars, bəluc, ərəb və s. etnosların hamısında hakimiyyətə qarşı narazılıq var. Təbii olaraq bunun qarşısını almaqda İran hakimiyyəti çətinlik çəkir.
– Bəzi İran rəsmiləri ara-sıra Azərbaycana qarşı ərazi iddiaları irəli sürən bəyanatlar verirlər.
– Bunun heç bir siyasi-hüquqi əsası yoxdur. Guya, bura Şimali İrandır və s. tipli sərsəm fikirlər səslənir. Bura heç zaman İran olmayıb. Bura Azərbaycan olub, tarixən. Hətta Güneylə Quzey vahid orqanizm olub. Bütün tarixi dövlətlərimizdə demək olar ki, bu belə olub. Əgər bura İrandırsa, onda 1918-ci ildə ermənilər Azərbaycanı oda qalayanda Tehran bunu niyə sakitcə seyr edirdi? Ermənistan Qarabağı 30 il işğal altında saxladı, İran isə susdu. Həqiqət budur ki, tarixən indiki İran ərazilərində mövcud olmuş dövlətlərin tərkibinə Bütöv Azərbaycan da daxil olub. Bu, çox zaman türk xanədanlarının hakimiyyəti dövründə olub. Lakin bu o demək deyil ki, bura İrandır. İndi də Güney Azərbaycanda inzibati ərazi vahidi sayılan ostanlıq Azərbaycan adlanır. Bu yüzillər, minillərdir ki, belədir.
28 il idi ki, Azərbaycan torpaqları işğalda idi, onun dini-mənəvi ziyarətgahları ermənilərin müdafə istehkamlarına, donuz saxlanan fermalarına çevrilmişdi. Bu illər ərzində sərhədlərin ermənilər tərəfindən dəyişilməsinə dözən İran, indi Azərbaycana yönəlik bəyanat verir ki, biz sərhədlərin dəyişilməsinə dözməyəcəyik. Axı, bu absurddur. Ona döz, bizə gələndə isə sərhəddən dəm vur.
Müstəqilliyin ilk illərində “Ata yurdu” adlı dərslik hazırlamışdım. İran səfiri Əhəd Qəzayi iddia edirdi ki, guya, mən iki ölkə arasında münasibətlərə ziyan vuran xəritə ilə kitab buraxmışam. Ümummilli lider Heydər Əliyevə də şikayət etmişdilər. Ulu öndər onları yerində oturdaraq demişdi ki, əlbəttə, iki ölkənin bir-birinə ərazi iddia etməsini qəbul etmirəm. Bu barədə yazılan kitabları da məqbul hesab etmirəm. Lakin mən tarixçinin də işinə qarışa bilmərəm. Tarix nə cürdürsə, elə də yazılmalıdır.
O xəritədə dəhşətli heç nə yox idi. Azərbaycanın şimalı və cənubu bir yerdə ata yurdu kimi təqdim olunmuşdu. Burada heç bir ərazi iddiası yox idi. Olan tarixi faktı vermişdim. Bir xalqın Arazın o tayında və bu tayında dədə-baba yurdunu təqdim etmişdim. Burada qəbahət görənlər, sadəcə, tarixdən bixəbər adamlar idi.
O ki qaldı İran rəhbərliyinə, niyə Xocalı soyqırımını törədən bir ölkəyə münasibət müsəlman Azərbaycana olandan dəfələrlə artıqdır? Niyəsini sorğulayanda belə cavab verirlər ki, guya, biz azərbaycanlılarla qardaşıq, İranın sahibiyik, ermənilər isə azlıqdır. Əgər həqiqətən belədirsə, onda necə olur ki, ötən 30 il ərzində Azərbaycanın başına gələn faciələrdə İran konkret mövqe ortaya qoymadı? Əvəzində, ikibaşlı bəyanatlar verdi, qeyri-səmimi münasibət sərgilədi. Ermənistanı Azərbaycanla bir tərəziyə qoydu. Axı haqsızla haqlını necə bir tərəziyə qoymaq olar?
– İran Zəngəzur dəhlizinin açılmasının əleyhinə olduğunu da gizlətmir. Bu isə açıq düşmənçilik deməkdir.
– Əlbəttə, hər şey bizə gün kimi aydındır. İranın Azərbaycanla bağlı narahatçılığı həm də Zəngəzur məsələsinə görədir. İran tərəfi bu dəhlizin açılması ilə sərhədlərin dəyişəcəyini bildirir. Halbuki bizim elə bir niyyətimiz yoxdur. Biz, sadəcə, tarixi torpağımız Zəngəzurdan digər tarixi torpağımız olan Naxçıvana dəhliz istəyirik. Bu, Arazın İrandan bu tərəfinə aid yoldur. Bunu ölkə rəhbəri də dəfələrlə bəyan edib ki, Zəngəzur dəhlizi məsələsi regionun inkişafında müstəsna əhəmiyyət daşıya bilər.
İran qorxur ki, bu dəhlizin açılması ilə Azərbaycan və Türkiyə tandemi daha da qüdrətlənəcək. Bundan Ermənistan və ona hər bir addımında qahmar çıxan Fransa da narahatdır. Halbuki bu yol bizim halal haqqımızdır. Ötən əsrin 20-ci illərində qədim türk yurdu olan Zəngəzur Azərbaycandan zorla qoparılıb və bu faciəvi hadisə nəticəsində Türk dünyasının vahidliyi pozulub. Araya erməniləşdirilmiş bufer ərazi daxil ediblər. Təəssüf ki, ermənilərə Laçından dəhliz verilməsini tələb edənlər bizim Naxçıvana çıxışımızı əngəlləyirlər. Öndə gedən isə tarix, din və dil ortağı saydığımız İrandır.
Sonda dövlət başçısı cənab İlham Əliyevə bir alim kimi təşəkkür etmək istəyirəm ki, heç zaman siyasi masada olmayan Zəngəzur məsələsini gündəmə gətirdi. Bu böyük tarixi uğurdur. Əlbəttə, Vətən müharibəsində bizim tarixi qələbəmiz regiondakı bütün reallıqları Azərbaycanın xeyrinə dəyişdi. Bu günü yaşadığımıza, bu zəfəri gördüyümüzə görə məmnunuq, xoşbəxtik.
Fürsətdən istifadə edib, anadan olmasının ildönümü münasibətilə sevimli Prezidentimiz İlham Əliyevi səmimi təbrik edir, dövlət başçımıza Azərbaycanın bundan sonrakı tərəqqisi yolunda möhtəşəm fəaliyyətində yeni uğurlar arzulayıram.
Müsahibəni qələmə aldı:
Anar TURAN,