Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.12.2022 15:58
  • A-
  • A
  • A+

Tarix İnstitutunda “Atropat-2350” mövzusunda respublika elmi konfransı keçirilib

Tarix İnstitutunda “Atropat-2350” mövzusunda respublika elmi konfransı keçirilib

AMEA-nın Tarix İnstitutunun Atropatena-Albaniya (Qafqaz) tarixi şöbəsinin təşkilatçılığı ilə “Atropat-2350” mövzusunda respublika elmi konfransı keçirilib.

Tədbirdə respublikanın müxtəlif elmi müəssisə və universitetlərindən qədim dövr tarixi ilə məşğul olan mütəxəssislərin mövzu ilə bağlı məruzələri dinlənilib.

Konfransı giriş sözü ilə Tarix İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov açaraq bildirib ki, belə bir konfransın keçirilməsi günümüzün şərtidir. Azərbaycan tarixinin daha ciddi tədqiqatlara ehtiyacı olan sahələrindən biri kimi atropatenaşünaslığa öz töhfəsini vermək, bu sahədəki boşluqları müəyyən etmək üçün Tarix İnstitutu belə bir konfransı təşkil edib. Kərim Şükürov qeyd edib ki, bu Tarix İnstitutu üçün çox böyük bir hadisədir və yaxın gələcək üçün institutun elmi tədqiqat istiqamətləri içərisində ən mühüm qollardan birini təşkil etməli, atropatenaşünaslıqda yeni səhifələr açmalıyıq.

Sonra tarix elmləri doktoru Həsən Həsənovun “Atropat və Makedoniyalı İsgəndər”, institutun Qədim dövr tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Allahverdi Əlimirzəyevin “Karibtu-Kerefto: Atropatenada Heraklın kult mərkəzi” və “Makedoniyalı İsgəndərin müasiri olan iki Atropat: şəxsiyyətin indentifikasiyası ilə bağlı problemlər”, tarix üzrə fəlsəfə doktoru Ramil Ağayevin “Cənubi Azərbaycan III-IX əsrlərdə (Suriya mənbələri əsasında)” adlı məruzələri dinlənilib. Eyni zamanda arxeoloq alimlərdən tarix üzrə fəlsəfə doktoru Əkbər Bədəlovun “Atropatena tarixinin öyrənilməsində Naxçıvan arxeoloji abidələrinin rolu”, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurovun “Arpaçay vadisinin Atropatena dövrü abidələri”, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminlinin “Atropatenanın dəfn formaları (Piboz nekropolu tədqiqatları əsasında)” adlı məruzələri dinlənilib. İnstitutun gənc əməkdaşlarından Ramin Əlizadənin “Zəngəzur e.ə. IV - b.e. III əsrlərində”, Aysel Kərimovanın “Atropatena Polibi və Strabonun qeydlərində”, İradə Səfərovanın “Flavi Arrian Atropat haqqında” adlı məruzələri də konfransda səsləndirilən tezislərdən idi.

Sonda mövzu ətrafında müzakirələr və məruzəçilərə verilən suallar əsasında elmi diskussiya aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: