Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.02.2025 09:54
  • A-
  • A
  • A+

Lənkəran Regional Elmi Mərkəzində “Qadınlar və qızlar elmdə” mövzusunda elmi seminar keçirilib

Lənkəran Regional Elmi Mərkəzində “Qadınlar və qızlar elmdə” mövzusunda elmi seminar keçirilib

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzi və Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Qadınlar və qızlar elmdə” mövzusunda elmi seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Mehman Əliyev bildirib ki, BMT-nin 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnaməyə əsasən fevralın 11-i “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü təsis edilib. Günün təsis edilməsinin əsas səbəbi 2030-cu ilə qədər müxtəlif istedadlı tədqiqatçıların əhatəsini genişləndirmək, qadınlar və qızların elmi-texnoloji sahələrdə rolunu, həmçinin onların müxtəlif elm sahələrinin inkişafında iştirakını gücləndirməkdir.

Elmi seminarın moderatoru, Lənkəran REM-in Qadınlar Şurasının sədri Fəranə Mikayılova çıxışında qeyd edib ki, bu gün Azərbaycanda qadınların savadlılıq səviyyəsi yüksəkdir. Onlar ölkəmizdə ali təhsil ocaqlarında magistrlərin 54 faizini, fəlsəfə doktorlarının 51 faizini, elmlər doktoru dərəcəsinə malik olanların 46 faizini, ümumilikdə tədqiqatçıların 56 faizini təşkil edir. Azərbaycan Milli Elmlər Akademiyasının ümumi kollektivinin 59 faizi qadınlardan ibarətdir.

Sonra  Lənkəran REM-in əməkdaşı Həzən Fərəczadə “Elmdə və həyatda örnək olan görkəmli Azərbaycan qadını: Aida İmanquliyeva”, Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Aygün Əkbərova “Qadın və elm: inkişafa doğru”, Lənkəran REM-in əməkdaşlarından Nəzrin Əlizadə “Elmi innovasiyalarda qadınların rolu”, Gözəl Əlizadə “İslam və Şərq mədəniyyətində qadın alimlər” və Validə Seyfullayevanın “Qadınlar elmdə: keçmişdən gələcəyə” mövzularında məruzələri dinlənilib.

Bildirilib ki, dünyada elm, texnologiya, mühəndislik və riyaziyyat fənləri üzrə təhsil alanların 35 faizi qadınlardır. Azərbaycanda bu rəqəm 40 faizdir, yəni orta dünya göstəricisindən artıqdır. Azərbaycanın qadın və qızların maarifləndirilməsi istiqamətindəki səyləri, eləcə də qadın və qızların elm və təhsil sahəsində aparıcı mövqe tutması nəzərə alınaraq, RASIT tərəfindən Bakı şəhəri bir il müddətinə (sentyabr 2024 - sentyabr 2025) “Elmdə qadın və qızların dünya paytaxtı” elan olunub.

Məruzə və çıxışlarda, həmçinin Azərbaycanın görkəmli alimləri Zərifə Əliyeva, Aida İmanquliyeva, İzzət Orucova, Zəhra Quliyeva, Validə Tutayuq, İradə Hüseynova, Gövhər Baxşəliyevanın və başqalarının elm sahəsində əldə etdikləri nailiyyətlərdən bəhs olunub, uzun illər Lənkərana rəhbərlik etmiş Dilrubə Camalovanın ictimai-siyasi fəaliyyətindən söz açılıb. Eyni zamanda, Lənkəran şəhər Osman Mirzəyev adına 5 saylı Uşaq evi sosial xidmət müəssisəsində tərbiyə alan bir qrup qızların Lənkəran şəhər Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən rəssamlıq və digər dərnəklərə təmənnasız qəbul olunması təqdirəlayiq hal kimi vurğulanıb, Lənkəran REM-də Ümummilli Liderin 100 illiyi adına kitabxanada qadın alimlərimizin və yaradıcı xanımların kitablarından ibarət xüsusi guşənin yaradılması məqsədəmüvafiq hesab edilib.

Məruzələr ətrafında müzakirələrdə Lənkəran REM-in əməkdaşlarından Sərraf Talıbov, İltifat Əhmədov və Cəmil Quliyev çıxış edərək mülahizələrini bölüşüblər.

Sonda xatirə şəkilləri çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: