Fevralın 10-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Qadınlar və Qızlar Elmdə Beynəlxalq Günü münasibətilə “STEM sahəsində karyera imkanlarının üzə çıxarılması: elmdə qadının səsi” mövzusunda konfrans keçirilib.
AMEA Rəyasət Heyətinin və AMEA Qadınlar Şurasının birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə Akademiyanın və Elm və Təhsil Nazirliyinin tabeliyindəki müəssisələrin qadın əməkdaşları iştirak ediblər.
Əvvəlcə görkəmli qadın alimlərimizə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Konfransı giriş nitqi ilə AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova açaraq Qadınlar və Qızlar Elmdə Beynəlxalq Gününün təsis olunması barədə danışıb, əlamətdar gün münasibətilə iştirakçıları təbrik edib. O, BMT Baş Assambleyasının 2015-ci ildə qəbul etdiyi qətnamə ilə fizika və kimya sahələri üzrə iki dəfə Nobel mükafatı almış görkəmli alim Mariya Kürinin doğum gününün - 11 fevral tarixinin “Qadınlar və Qızlar Elmdə Beynəlxalq Günü” elan edildiyini bildirib. Bu günün qeyd edilməsində əsas məqsədin dayanıqlı inkişaf kontekstində qadın və qızların cəmiyyətdə rolunun, həmçinin onların elmi və texnoloji sahələrdə fəal iştirakının təmin edilməsi olduğunu söyləyib.
Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi və bu istiqamətdə həyata keçirilən mühüm tədbirlərin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyən akademik İradə Hüseynova Prezident İlham Əliyevin qayğısı və təşəbbüsü ilə qadınların aktiv fəaliyyəti naminə yaradılmış real imkanlar nəticəsində müstəqil Azərbaycanın bugünkü həyatında qadınların əvəzolunmaz yerinin olduğunu bildirib. O, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətini xüsusi vurğulayaraq qeyd edib ki, onun ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir.
“Ölkəmizdə ictimai həyatın bütün sahələrində qadınların rolu ildən-ilə daha da artır, ictimai, sosial-iqtisadi, elmi və mədəni sahələrdə qadınlar fəal təmsil olunurlar”, - deyən akademik İradə Hüseynova Azərbaycan qadınlarının elm və təhsildə də yeni hədəflərə doğru irəlilədiyini söyləyib. Qeyd edib ki, ölkənin elm tarixində xüsusi yeri olan alim-oftalmoloq akademik Zərifə Əliyeva, görkəmli şərqşunas professor Aida İmanquliyeva, kimyaçı alim akademik Rəfiqə Əliyeva və digərləri yeni dövr Azərbaycan elmində önəmli izlər buraxıblar.
Görkəmli qadın alimlərimizin elmə bəxş etdiyi yeniliklərdən danışan vitse-prezident Azərbaycanda gender bərabərliyini əks etdirən statistik məlumatları diqqətə çatdırıb. O, qadınların çalışdıqları hər sahədə uğur qazanmaları üçün ölkəmizdə bütün şəraitin yaradıldığını bildirib.
Akademik İradə Hüseynova çıxışının sonunda ömrünü elmlə, təhsilə bağlamış qadınlara həsr olunan tədbirin əhəmiyyətini qeyd edib, konfransın işinə uğurlar arzulayıb.
Sonra AMEA-nın vitse-prezidenti v.i.e. akademik Gövhər Baxşəliyeva Azərbaycan qadınlarının, xüsusilə elmdə və təhsildə fərqlənən xanımlarımızın cəmiyyətimizin aparıcı qüvvəsi olduqlarını söyləyib. O, Azərbaycan qadınını əxlaqi dəyərlərin simvolu, cəmiyyətin inkişafının aparıcı qüvvəsi, vətənpərvər, fədakar, ismətli ana kimi xarakterizə edib.
Akademik Gövhər Baxşəliyeva Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldığını qeyd edib. Vurğulayıb ki, ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ulu Öndər Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Dahi rəhbər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırır, onların hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradırdı. Bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi isə Azərbaycan qadınlarının məsuliyyətini daha da artırır.
O, dünyada qadınların elmi uğurlarından, bütövlükdə elmdə gender bərabərliyindən, Azərbaycanda bu sahədə olan vəziyyətdən və dövlətin yaratdığı geniş imkanlardan danışaraq bildirib ki, elm, mədəniyyət və digər sahələrdə qazanılan uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.
Daha sonra AMEA Qadınlar Şurasının sədri, Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri professor Rəna Mirzəzadə çıxış edərək bu gün ölkəmizdə qadınların bütün sahələrdə inkişafına, o cümlədən elmi fəaliyyətdə uğur qazanmasına xüsusi diqqət yetirildiyini deyib. O, AMEA-da və Elm və Təhsil Nazirliyinin tabeliyində olan elmi müəssisələrdə çalışan qadın əməkdaşları Qadınlar və Qızlar Elmdə Beynəlxalq Günü münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb.
Professor Rəna Mirzəzadə bugünkü tədbirin məramı, AMEA Qadınlar Şurasının yaradılmasının əhəmiyyəti və ümumilikdə, Azərbaycan qadınının cəmiyyətdəki fəal rolu haqqında fikirlərini bölüşüb. 2018-ci ildə yaradılmış AMEA Qadınlar Şurasının həyata keçirdiyi silsilə işləri diqqətə çatdıran Rəna Mirzəzadə biologiya elmləri doktoru, dosent Tubuxanım Qasımzadə və fəlsəfə üzrə fəlsəfə doktoru Mahrux Nəcəflinin şuranın sədrinin müavinləri seçildiklərini bildirib.
Şura sədri, həmçinin ölkəmizi dünyada tanıdan qadın alimlərimizin fəaliyyətindən söz açıb. Vurğulayıb ki, Azərbaycan qadınları gözəl ana kimi gənclərimizin Vətənə və torpağa bağlılıq, müstəqil dövlətçiliyimizə, istiqlal ideallarına və azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda formalaşmaları üçün bütün qüvvəsini sərf edirlər.
Konfransda Tarix və Etnologiya İnstitutunun şöbə müdiri akademik Nərgiz Axundovanın “İctimai elmlərin inkişafında qadınların rolu”, Radiasiya Problemləri İnstitutunun icraçı direktoru fizika üzrə fəlsəfə doktoru Rəvan Mehdiyevanın “Texniki elmlərdə qadınlar: qazanılan uğurlar, qarşıya çıxan maneələr”, Dilçilik İnstitutunun Qadınlar Təşkilatının sədri filologiya elmləri doktoru Şəbnəm Həsənli-Qəribovanın “Yeni elmi çağırışlar fonunda Azərbaycanın qadın alimləri: humanitar sahədə dəyişən mühit və yeni öhdəliklər” mövzusunda məruzələri dinlənilib.
Tədbirdə, həmçinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun şöbə müdiri kimya üzrə fəlsəfə doktoru, dosent Esmira Quluzadə “Azərbaycanın tanınmış kimyaçı alimləri”, Molekulyar Biologiya və Biotexnologiyalar İnsitutunun əməkdaşı Lalə İbadullayeva “Biologiyanın rəqəmsal transformasiyasında yeni era: süni intellekt, maşın və dərin öyrənmənin inqilabi nəticələri” və Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli “Süni intellektin texnoloji aspekti fəlsəfi prizmada” adlı məruzələrlə çıxış ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.