Hörmətli həmkarlar!
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü müstəqil Azərbaycan Respublikasının tarixinin əlamətdar günləri sırasında xüsusi əhəmiyyətə malik olan, 70 ildən artıq müddətdə öz milli kimliyini qoruyub saxlamağa çalışan xalqımızın yenidən vahid amal uğrunda, azadlığa gedən yolda tək yumruq kimi birləşməsində önəmli rol oynamışdır.
Tarixi ədalətsizlik nəticəsində bir-birindən ayrı düşmüş xalqımızın 1989-cu ilin sonlarında bu həsrətə dözməyərək tikanlı sərhəd məftillərini yalın əllə dağıdaraq cənublu qardaşlarımızla birlik şüarları səsləndirməsi dünya azərbaycanlılarının həmrəyliyinin təməlini təşkil etmişdir.
Daim müdrikliyi və böyük uzaqgörənliyi ilə tarixi hadisələri qabaqlayan görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyev baş verənlərə ilkin siyasi qiyməti vermiş, onun təşəbbüsü ilə 16 dekabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi elan edilməsi haqqında qərar qəbul edilmişdir.
Dünya azərbaycanlılarının birliyinin yaradılmasının, Azərbaycançılıq ideologiyasının vahid aparıcı ideyaya çevrilməsinin Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında və güclənməsində müstəsna əhəmiyyətini qiymətləndirən Ümummilli Lider 2001-ci il noyabr ayının 9-10-da Bakı şəhərində “Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” Sərəncam imzalamışdır. “Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik”, - deyə Ulu Öndər Dünya Azərbaycanlılarının I Qurultayında bildirmişdir.
Ümummilli Liderin bütün ideya və arzularını müasir dövrün çağırışları kontekstində yeni mərhələyə qaldıran və dönmədən həyata keçirən Prezident İlham Əliyev də daim dünya azərbaycanlılarının birliyi və həmrəyliyinin daha da möhkəmləndirilməsi istiqamətində ardıcıl iş aparır. Dünya Azərbaycanlılarının 16 mart 2006-cı il tarixində keçirilmiş II Qurultayında dövlət başçımızın Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri seçilməsi ilə bağlı hərəkat daha geniş və davamlı xarakter almışdır.
Prezident İlham Əliyevin həmin Qurultayda tarixi nitqi isə hansı ölkədə yaşamasından asılı olmayaraq, qüdrətli Azərbaycan dövlətinin bütün soydaşlarımızın hüquqlarını qoruyacağının carçısı kimi səslənmişdir: “Bu gün bizim artan nüfuzumuz, gücümüz imkan verir ki, Azərbaycan tam şəkildə müstəqil siyasət aparsın. Bu siyasət Azərbaycan xalqının milli maraqlarının qorunmasına, dünya azərbaycanlılarının birliyinin möhkəmlənməsinə yönəldilibdir”.
Dünya azərbaycanlılarının həmrəyliyinin və birliyinin möhkəmlənməsinə yönəldilmiş siyasət, Ulu Öndərin təməllərini atdığı və Prezident İlham Əliyev tərəfindən gücləndirilərək daha da möhkəmləndirilmiş Azərbaycançılıq ideologiyası işığında xalqımızın dövlət başçımızın ətrafında “Dəmir yumruq” kimi birləşməsi Ümummilli Lider Heydər Əliyevin Qarabağla bağlı arzularının və Müzəffər Ali Baş Komandanın “Biz heç vaxt bu işğalla barışmayacağıq, nəyin bahasına olursa-olsun öz dədə-baba torpaqlarımızı işğaldan azad edəcəyik”, - sözlərinin gerçəkləşməsində mühüm rol oynamışdır. Beləliklə, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan tarixinə Qalib dövlət başçısı, xalqımız isə Qalib xalq kimi daxil olmuşdur.
2022-ci il aprel ayının 22-də keçirilən Dünya Azərbaycanlılarının V Qurultayının isə məhz Şuşa şəhərində baş tutması və Zəfər Qurultayı adlandırılması, Prezident İlham Əliyevin Qurultayda dərin məzmunlu çıxışı xalqımızın çoxəsrlik tarixinin ən qürurlu hadisələrindən biridir. Möhtərəm Prezidentimizin dediyi kimi, “Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, böyük xoşbəxtlikdir”.
Hazırkı tarixi mərhələdə Dünya Azərbaycanlılarının həmrəyliyi və birliyi məsələsinin ən müxtəlif cəhətlərdən tədqiq edilərək araşdırılması və elmi əsaslarla təbliğ edilməsi Akademiya əməkdaşlarının şərəfli və məsuliyyətli vəzifəsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti əsasında dünya azərbaycanlılarının ana dilini qoruyub saxlamaq, məktəblərdə elmi şəkildə öyrənmək hüququna malik olması, ana dilində məktəblərin və mətbuat orqanlarının fəaliyyət göstərməsi uğrunda mübarizə aparmaq müasir dövrdə həyata keçirilməsi zəruri olan aktual məsələlərdəndir.
Hörmətli Akademiya əməkdaşları, Sizi əlamətdar günlər - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edir, Yeni ildə hər birinizə sağlam və firavan günlər, elmi fəaliyyətinizdə uğurlar arzulayıram.
İsa HƏBİBBƏYLİ, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.