Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib
10.01.2023 16:50
  • A-
  • A
  • A+

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib

Azərbaycanda Mössbauer spektroskopiyası ilə məşğul olan aparıcı alimlərdən biri, Fizika İnstitutunun baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru Qeyis Sultanov ömrünün 84-cü ilində vəfat edib.

Sultanov Qeyis Cümşüd oğlu 9 mart 1939-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsinə qəbul olmuş, 1960-cı ildə Xarkov Dövlət Universitetində (XDU) ali təhsilini davam etdirmiş və 1963-cü ildə oranı bitirmişdir.

1974-cü ildə fizika-riyaziyyat elmləri namizədliyini, 1989-cu ildə isə doktorluq dissertasiyasını müdafiə edərək elmlər doktoru elmi dərəcəsi almışdır. 1980-2018-ci illərdə Fizika İnstitutunda laboratoriya rəhbəri, ömrünün sonuna kimi isə baş elmi işçi vəzifəsində çalışmışdır.

Qeyis Sultanov Azərbaycanda Mössbauer spektroskopiyası ilə məşğul olan aparıcı alimlərdən biri olmuş, bu istiqamətdə elmi işlərin aparılmasının əsasını qoymuşdur. Bu sahədə geniş və yüksək səviyyəli tədqiqatlar yerinə yetirən tanınmış alim idi. Məhz onun rəhbərliyi altında hələ sovetlər dövründə Fizika İnstitutunda Mössbauer spektroskopiyası ilə məşğul olan laboratoriya təşkil edilmiş və 38 il həmin laboratoriyaya rəhbərlik etmişdir.

Qeyis Sultanov böyük əksəriyyəti nüfuzlu xarici jurnallarda dərc olunmuş bir çox elmi əsərin müəllifi olmuş, çox sayda elmi tədbirlərdə Azərbaycan elmini uğurla təmsil etmişdir. O, eyni zamanda uzun müddət pedaqoji fəaliyyətlə də məşğul olmuşdur.

Tanınmış alim, səmimi və qayğıkeş insan Qeyis Cümşüd oğlu Sultanovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: