Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.01.2023 09:40
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Əsgər Abdullayevin həyat və yaradıcılığına həsr olunmuş konfrans keçirilib

AMEA-nın müxbir üzvü Əsgər Abdullayevin həyat və yaradıcılığına həsr olunmuş konfrans keçirilib

AR Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun (İSİ) və Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatının dəstəyi ilə AMEA-nın müxbir üzvü Əsgər Abdullayevin həyat və yaradıcılığına həsr olunmuş konfrans keçirilib.

Onlayn formatda baş tutan tədbirdə müvafiq təşkilatların alim və mütəxəssisləri, dəvət olunmuş qonaqlar iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan İSİ-nin baş direktoru, akademik Əli Abbasov keçirilən konfransın önəminə toxunaraq görkəmli alim Ə.Abdullayevin həyat və yaradıcılığından, zəngin elmi fəaliyyətindən bəhs edib. Akademik qeyd edib ki, elmi fəaliyyətinin əsas istiqamətləri neft, qaz, neft-kimya, neft emalı obyektləri üçün avtomatik idarəetmə sistemlərinin (AİS) yaradılması olmuş Ə.Abdullayev ilk dəfə olaraq neft sənayesinin avtomatlaşdırılmasının vahid texniki, informasiya və təşkilati təminatlı çoxsəviyyəli və çoxkonturlu sistem prinsipini təklif edib.

Ə.Abbasov bildirib ki, təkcə Azərbaycanda deyil, eyni zamanda dünya miqyasında avtomatika və telemexanika sahəsində tanınmış alimin ölkəmizdə neft və neft-kimya sənayesinin avtomatlaşdırılmış idarəetmə sistemlərinin işlənib hazırlanması və tətbiqində mühüm töhfələri olub. Akademik sözügedən sahədə müasir dövrdə Ə.Abdullayevin təməlini qoyduğu model əsasında fundamental tədqiqatların aparıldığını, yeni yanaşmaların, o cümlədən SCADA tipli beynəlxalq standartlara əsaslanan intellektual idarəetmə sistemlərinin və s. meydana gəldiyini vurğulayıb. Qeyd edib ki, 50 illik elmi fəaliyyətində avtomatik idarəetmə elminin və texnikasının inkişafında müstəsna xidmətləri olan Ə.Abdullayevin əmək fəaliyyəti uzun illər onun rəhbərliyilə yaradılan “Neftkimyaavtomat” Elmi Tədqiqat və Layihə İnstitutu ilə sıx bağlı olub.

Akademik bildirib ki, Azərbaycanı dünyanın qabaqcıl ölkələrində layiqincə təmsil edən, elmi və pedaqoji fəaliyyəti ilə yüksək ixtisaslı kadr potensialının inkişafında önəmli rol oynayan Ə.Abdullayev bir çox mükafatlara layiq görülüb.

Əldə olunan mühüm elmi nəticələrin istehsalatda tətbiqi, elmin kommersiyalaşdırılması və kadr potensialının artırılması istiqamətlərində Ə.Abdullayevin müstəsna xidmətlərindən bəhs edən Ə.Abbasov yüksək insani keyfiyyətlərə malik görkəmli alimin əziz xatirəsini dərin ehtiramla yad edib.

Sonra Bakı Ali Neft Məktəbinin Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru, t.e.d. Ramiz Hümbətov çıxış edərək Ə.Abdullayevin mənalı ömür yolundan bəhs edib, xatirələrini bölüşüb. R.Hümbətov qeyd edib ki, 1 yanvar 1927-ci ildə Qubadlı rayonunda dünyaya göz açan Ə.Abdullayevin əsas qayəsi məhz Azərbaycan elminin inkişafı ilə bağlı olub. Yüksək elmi və pedaqoji təcrübəyə, təşkilatçılıq qabiliyyətinə malik alim ölkədə neft və kimya sənayesində xüsusi avtomatlaşdırılmış idarəetmə sistemlərinin yaradılması və uğurla tətbiqinə nail olub.

Daha sonra AMEA-nın müşaviri, akademik Telman Əliyev çıxış edərək dəyərli alimin zəngin elmi fəaliyyətindən bəhs edib. Qeyd edib ki, Ə.Abdullayev keçmiş Sovet İttifaqında neftayırma müəssisələrinin avtomatlaşdırılmış idarəetmə sistemlərinin yaradılması prinsiplərini təklif etmiş görkəmli alimlərdəndir. Onun neftayırma və neft-kimya sənayesindəki elmi fəaliyyəti texnoloji proseslərin avtomatlaşdırılmasının bütün məsələlərini əhatə edir. T.Əliyev bildirib ki, Ə.Abdullayevin yaratdığı məktəbin nümayəndələrinin neftayırma və neft-kimya sənayesinin avtomatlaşdırılmasında irəli sürdüyü mürəkkəb istehsal sistemlərinin modelləşdirilməsinin və optimallaşdırılmasının üsulları mühüm elmi əhəmiyyətə malikdir. Azərbaycanda kibernetika və informatikanın inkişafında həlledici xidmətləri olan görkəmli alimlə bağlı xatirələrini bölüşən akademik Ə.Abdullayevin əziz xatirəsinin hər zaman qəlblərdə yaşayacağını vurğulayıb.

Tədbirdə AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək Azərbaycan neft sənayesinin inkişafında mühüm xidmətləri olan Ə.Abdullayevin elmi və pedaqoji fəaliyyətinə nəzər salıb. Akademik qeyd edib ki, Ə.Abdullayevin rəhbərliyi ilə ölkədə neft mədənlərinin kompleks avtomatlaşdırılması işinin təməli qoyulub. XX əsrin 50-60-cı illərində Ə.Abdullayevin rəhbərliyi ilə neft sənayesində xüsusi avtomatlaşdırılmış idarəetmə sistemləri yaradılması və tətbiqindən ətraflı şəkildə söz açan R.Əliquliyev bildirib ki, onun yaratdığı elmi məktəb ölkənin hüdudlarından kənarda da müstəqil elmi istiqamət kimi öz təsdiqini tapıb, multidissiplinar tədqiqatların həyata keçirilməsinə rəvac verib.

Azərbaycan elminin inkişafında müstəsna xidmətləri olan görkəmli alimlərin həyat və yaradıcılığının, elmi və pedaqoji fəaliyyətinin işıqlandırılması və təbliğinin ölkədə elmin inkişafı, kadr potensialının artırılması, prioritet sahələrdə yeni elmi tədqiqatların həyata keçirilməsi baxımından önəmini vurğulayan R.Əliquliyev bu istiqamətdə qarşıda duran gələcək hədəflərdən bəhs edib.

Sonra görkəmli alim Ə.Abdullayevin həyat və yaradıcılığına həsr olunmuş, Eldarə Əliyevanın rejissorluğu ilə ərsəyə gələn “Əsgər” sənədli filmi nümayiş olunub.

Sonda tanınmış alimlər Ə.Abdullayevlə bağlı xatirələrini bölüşüb, həyat və yaradıcılığından bəhs ediblər. Müzakirələrdə AMEA-nın müxbir üzvü Kamil Aydazadə, professorlar Nadein Vladimir, Asim Kazımov, Mais Fərhadov, Fuad Ələsgərov, dosentlər Asif Rzayev, Həşim Əliyev, Çingiz Hacızadə, Fərid Ağayev, Ə.Abdullayevin ailə üzvləri Zemfira Abdullayeva və Gülər Abdullayeva iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: