Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.05.2024 18:35
  • A-
  • A
  • A+

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyevin rəhbərlik etdiyi Avropa Komissiyasının Horizon Avropa Tədqiqat və İnnovasiya Proqramı üzrə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin iştirakı ilə azərbaycanlı alim və mütəxəsisslərin beynəlxalq layihələrə cəlb edilməsi üzrə AMEA-nın Rəyasət Heyəti Aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsi tərəfindən təşkil edilən tədbirlər müsbət nəticələr verir. Bu istiqamətdə Avropa Komissiyasının əhəmiyyətli proqramlarından biri olan COST (Elm və Texnologiyada Avropa Əməkdaşlığı) fəaliyyəti üzrə göstəricilər xüsusi ilə fərqlənib.

Yaxın qonşu ölkələrinin COST fəaliyyətində iştirakı üzrə vəziyyətin, tədqiqat və innovasiya əlaqələrinin gücləndirməsinin müzakirəsi məqsədilə Brüsseldə toplantı keçirilib. Tədbirdə COST fəaliyyəti üzrə milli əlaqələndirici şəxs (MƏŞ), Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin üzvü, Keyfiyyət təminatı departamentinin direktoru İlham Hümbətov iştirak edib. COST rəsmiləri tərəfindən ölkələr üzrə iştirak göstəriciləri təqdim edilib. Azərbaycanlı alim və mütəxəssislərin bu proqramda iştirakının layihələrin və bu layihələr çərçivəsində nəşr olunmuş kollaborativ məqalələrin sayına görə ilk yerdə olduğu diqqətə çatdırılıb. Belə ki, 2019-cu ildə Azərbaycan bu layihələrdə 4 iştirakçı ilə təmsil olunurdusa, 2023-cü ildə bu göstərici 176 olub. Son illərdə ümumilikdə, 80 layihədə Azərbaycanın iştirakı qeydə alınıb, onlardan 67-si hazırda davam etdirilir. 2014-2024-cü illərdə COST proqramı çərçivəsində həyata keçirilən layihələr üzrə Azərbaycanlı alim və mütəxəssislərin həmmüəllifliyi ilə 50-dən çox məqalə yüksək impakt faktorlu jurnallarda dərc edilib və bu göstərici üzrə Azərbaycan Yaxın qonşu ölkələr olan Mərakeş, Liviya, Misir və digərlərindən üstünlük təşkil edərək birinci yerə yüksəlib.

Azərbaycanlı MƏŞ İlham Hümbətov ölkə üzrə belə müsbət dinamikanın əldə edilməsinə dair təcrübəni bölüşüb. Qeyd edilib ki, Azərbaycanın müxtəlif elm, təhsil və səhiyyə müəssisələrində, dövlət və özəl qurumlarında Horizon proqramı üzrə təşkil edilən bütün məlumat günlərində, seminar və vebinarlarda COST Fəaliyyətinə xüsusi yer ayrılır. Məruzəçi bildirib ki, bu proqrama qoşulmaq üzrə təlimatları əyani nümayiş etdirmək üçün AMEA-nın Rəyasət Heyəti Aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsi ilə birlikdə onun iştirakı ilə video material hazırlanıb və AMEA-nın rəsmi səhifəsi və sosial şəbəkələr vasitəsilə yayılıb, həmçinin bütün müraciət edənlərə ünvanlanıb. Bununla yanaşı, Avropa Komissiyasının COST Assosiasiyasının ekspertlərinin iştirakı ilə Azərbaycanın alim və mütəxəssisləri üçün bir dəfə Bakıda, bir dəfə isə onlayn tədbir keçirilib.

Toplantıda, həmçinin Azərbaycan Tibb Universitetinin II Uşaq Xəstəlikləri kafedrasında assistent, tibb üzrə fəlsəfə doktoru, Səhiyyə üzrə MƏŞ Püstə Orucova COST layihələrində iştirak üzrə təcrübəni təqdim edib, bu proqram çərçivəsində əldə edilmiş nəticələri iştirakçıların diqqətinə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: