“Musiqi bir ilahi eşq, bəyanagəlməz sevgidir...” - deyə düşünən, bütün dəyərli ömrünü çox sevdiyi möcüzəvi Azərbaycan musiqisinə bağlayan güneyli sənətkar Əli bəy Haqşünas ABŞ-ın Texas ştatında yaşayır. Bu yaxınlarda bu ölkədəki soydaşlarımız “ürəkşəkilli qarmonun ürəkli ifaçısı” Əli bəyin yubileyini təntənə ilə qeyd ediblər.
Milli musiqimizə olan sevgisini sevimli qarmonunun dili ilə dinləyicilərinə çatdıranda Əli bəy özünü xoşbəxtlərin xoşbəxti sanır. Elə dinləyiciləri də özü kimi Azərbaycan milli musiqisinin, muğam sənətimizin vurğunlarıdır. Uzaq Amerikada, yaşadığı Hyuston şəhərində yaxın günlərdə bu dəyərli sənətkarın şərəfinə təşkil olunan yaradıcılıq gecəsi də elə bu ümummilli sevginin bariz təcəssümü idi.
Məlumat üçün deyək ki, Əli Əhməd oğlu Haqşünas Təbriz şəhərində, çoxuşaqlı ailədə dünyaya gəlib. 2000-ci ildən sevimli ömür-gün yoldaşı Rübab xanımla birlikdə ABŞ-a gələrək, Texas ştatının Hyuston şəhərində yaşamağa başlayıb. Özü peşəcə kondisioner mütəxəssisi olsa da, klassik musiqimizin, bəstəkar və xalq mahnılarımızın vurğunu, məşhur qarmon ifaçısıdır.
Əli bəy 1989-1995-ci illərdə Təbriz şəhərində Əli Fərşbafın məktəbində qarmon dərsi deyərək, bu ecazkar musiqi alətinin, zəngin xalq musiqimizin sirlərini gənclərə öyrətməklə məşğul olmuşdur. Eyni zamanda, 200 səhifəlik “Qarmon məktəbi” adlı kitab yazaraq, tərtib etdiyi bu əsərdən özü dərs dediyi məktəbdə istifadə etmişdir...
Bütün bunlar haqda 2019-cu ildə Əli bəyin Bakıya növbəti səfəri zamanı onunla görüşüb müsahibə götürərkən xəbər tutmuş, uzaq diyarda, okeanın o tayında belə bir mahir ifaçımızın olduğundan qürur duymuşduq. Bunu da öyrənmişdik ki, Təbriz şəhərində dünyaya göz açan Əli bəyin atası Əhməd Haqşünas Həştərxanda doğulub. Sonra Təbrizə gələrək, orada məskunlaşıb. Anası Südabə xanımın isə əsli Gəncədəndir. Onun da babaları Təbrizdən gəlmədirlər.
Görüşümüz zamanı bildirdi ki, əsl peşəsi başqa olsa da, əslində, ən sevimli işi musiqi ifaçılığı ilə məşğul olmaqdır:
–Mən elə doğulandan, özümü tanıyandan musiqi vurğunuyam. Musiqi mənim üçün ötəri bir həvəs, yaxud hobbi deyil. Bu, bir ilahi eşqdir, izaholunmaz sevgidir. Qarmon müəllimim olmayıb mənim. Özüm öyrənmişəm bu alətdə çalmağı, özü də çox qısa müddətə. Təbrizdə o zaman qarmon deyilən bir alət yoxuydu, ancaq biz televiziyalarda görürdük onu. O boyda Təbrizdə bircə dənə də olsun qarmon tapammazdın. Bir akkordeon çalan vardı bizim zamanda. Qarmona sevgi o qədər güclü idi ki, həvəskarlar akkordeonu qarmon kimi çalırdılar. Səsi düzgün olmasa belə, onu yamsılayırdılar.
–Bəs sonra? Necə oldu ki, məhz qarmonu seçdiniz? Hiss olunur ki, bu ecazkar musiqi alətinin sizin həyatınızda önəmli yeri var...
–Həqiqətən də, qarmona mənim mənəvi ehtiyacım vardı – o zaman da, indi də. Onu ifa edəndə ruhən sakitləşirəm, aram oluram. Gündüz gedib işləyirəm, işləyə-işləyə başımdan bir hava keçir. İşləyəndə də elə beynimdəcə çalıram. Qayıdıb evə, tez qarmonu götürürəm ki, görüm gündüz beynimdə dolaşan havaları çala bilirəmmi?...
Böyük Üzeyir Hacıbəylinin musiqilərinin xəstəsiyəm. Tofiq Quliyev, Elza İbrahimova, Emin Sabitoğlu musiqilərinin vurğunuyam. Biz Üzeyir Hacıbəyli, Fikrət Əmirov musiqisi ilə bəslənmişik. Bu mahnılarla böyüyüb, bu musiqilərlə nəfəs almışıq. Bütün böyük bəstəkarların əsərlərini bilirəm, sevə-sevə ifa edirəm. Bəzi bilmədiklərimi isə öyrənirəm. Öz üzərimdə usanmadan çalışıram. İndiki mediada keçən musiqi ilə elə də maraqlanmıram.
Nədən? - İçimə sinmir, ona görə. Yəni zövqümü daha çox klassik musiqi, xalq mahnıları, lirik musiqi oxşayır. İndiki musiqilər də, bəstəkarlar da yaxşıdır, amma mənim içimi dindirmir. Ona görə əvvəlkilərlə daha çox maraqlanıram. Rəşid Behbudovu, Şövkət Ələkbərovanı, Rübabə Muradovanı, Hacıbaba Hüseynovu, İslam Rzayevi, Gülağa Məmmədovu və bütün digər klassikləri çox sevir, onların bənzərsiz ifalarını sevə-sevə dinləyirəm. Əlibaba Məmmədovun, Alim Qasımovun, Flora Kərimovanın və başqa ustad sənətkarların ifasının vurğunuyam...
Bu müsahibəmizdən xeyli müddət keçib. Əli bəylə, ABŞ-da yaşayan çox yaxın dostumuz, qardaşımız Nasir bəy Əlixani və Təbrizdən olan digər dostlarımızla olan o zamankı görüşlərimizi, respublikamızın gəzməli-görməli yerlərinə səyahətlərimizi indi də xoş xatirələrdə yaşadırıq. Nə qədər uzaqda yaşasaq da, könül bağlantılarımız davam etməkdə, dostluq, qardaşlıq münasibətlərimiz getdikcə möhkəmlənməkdədir.
Günlərin birində dostumuz Nasir bəy Hyustonda gözəl sənətkarımız Əli bəy Haqşünas üçün təntənəli yaradıcılıq gecəsi keçirilməsi ilə əlaqədar görülən hazırlıq işlərindən xəbər verdi. Təklif etdi ki, bu görüşə onlayn olaraq mən də qatılım, sənətkar dostumuza ürək sözlərimi, arzu və istəklərimi ünvanlayım. Əlbəttə ki, təklif ürəyimcə oldu. Belə bir gecənin təşkilinə çox sevindim. Ürəyində Azərbaycana, onun milli-mənəvi dəyərlərinə, xalq musiqimizə dünya boyda sevgi yaşadan sevimli sənətkarımızın səhhətində son zamanlar baş verən rahatsızlıqların dəf olunmasında belə bir tədbirin təşkili çox böyük əhəmiyyət daşıyan məsələ olacaqdı...
Nəhayət, yubiley gecəsi yetişdi və mən bu möhtəşəm tədbirə mahir sənətkarımıza həsr etdiyim “Möcüzə barmaqların” şeiri ilə qatıldım. Bakı ilə Hyuston arasında vaxt fərqi doqquz saatdır və tədbir Bakı vaxtilə gecə saat 23:00-da başladı. Proqramı internet vasitəsilə izlədim və Əli bəy Haqşünas sənətinin, şəxsiyyətinin pərəstişkarlarının – nəinki Hyuston şəhərində yaşayan, yaxud ABŞ-ın müxtəlif ştatlarından gələn, eyni zamanda dünyanın fərqli ölkələrində yaşayan güneyli soydaşlarımızın sevgi dolu təbriklərinin, canlı və internet üzərindən çıxışlarının şahidi oldum.
O gecəki möhtəşəm tədbiri izlədikcə, mənə elə gəlirdi ki, bütün dünya Azərbaycan muğamına, Azərbaycan milli musiqisinə köklənib. Haralardan qatılmamışdılar yubiley mərasiminə?! ABŞ-ın məşhur “Fort Bend Accordion Club”nun görkəmli musiqiçiləri – maestro Mario Pedone, maestro Vince Ramos, Liberty Palileo, “Limited edition” qrupunun üzvləri Lucie Myer, Riche Myer, Peter Price, məşhur ifaçılar Sevinc Zeynallı (piano/aparıcı), Behzad Kiasət (qarmon), Fuad Naci (gitara/vokal) öz canlı ifaları ilə gecənin möhtəşəmliyinə xüsusi rəng qatdılar. Eyni zamanda, Zoom proqramı vasitəsilə canlı bağlantı ilə Təbrizdən məşhur vokal ifaçısı Məsud Əmursepehr, Məmməd Tərrah (akkordeon və vokal), İstanbuldan skripka ifaçısı Deniz İbrahimoğlu, İsveçrədən Araz və Şərarə Nəsimi cütlüyü (vokal və rəqs), Bəhmən Ətapur (kaman), Almaniyanın Berlin şəhərindən Nasir Səhand (vokal), Manaf Rzayev (qarmon), Kanadanın Toronto şəhərindən Yusif Təqizadə (tar), ABŞ-ın Virginia ştatından Bəhruz Fərruxi, Nasir Kəmali, Məmməd Qocaei, Lətifə Həsənzadə (vokal/qarmon/nağara), Viskonsin ştatından Stas Venglevski (akkordeon), Texas ştatından Ashley Humphri (rəqs), Kaliforniya ştatından Vəhid Təyyar (piano) və digər çoxsaylı peşəkar musiqi ifaçılarının böyük sevgi ilə qoşulduğu həmin gecə uzun müddət yaddaşlardan silinməyəcək.
Yubiley tədbirinin əsas təşkilati işlərinin ağırlığını çiynində daşıyan, eyni zamanda özü də xalq musiqimizin peşəkarlardan heç də geri qalmayan ifaçısı Nasir bəy Əlixaninin Azərbaycan milli musiqisinə, onun dəyərli nümayəndələrinə, sənətkarlarımıza, ən başlıcası isə, milli-mənəvi dəyərlərimizə göstərdiyi böyük ehtiram və qayğı, fədakarlıq həmin tədbir zamanı bir daha hər birimizin qəlbini riqqətə gətirdi.
O gün yubilyarımız Əli bəy sevimli qarmonunda bir-birindən gözəl xalq və bəstəkar mahnıları ifa edərək, pərəstişkarlarına yenidən unudulmaz anlar yaşatdı.
“Sənətin dili olmur”, - deyirlər. Ancaq Əli Haqşünasın sənət dünyasının musiqi dili var: “Nazəndə sevgilim”, “Şeir deyilmi”, “Sən gəlməz oldun”, “İntizar”, “Ayrılıq”, “Qubalı qız”, “Qarabağ”, “Muğana ceyran”, “Məktəb illəri”, “Şikayətim var”, “Külək”, “Qarşımdan bir sona keçdi”, “Aldatmayaq bir-birimizi”, “Yar məndən incidi”, “Sənsiz”, “Sevgili canan”...
Sevimli sənətkarımıza bundan sonra da sağlam, mənalı, musiqili ömür yolu arzulamaqla, onu bir daha ürəkdən təbrik edirik.
Qiymət MƏHƏRRƏMLİ, AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru