Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜSAHİBƏLƏR

18.01.2023 12:55
  • A-
  • A
  • A+

AXC dövründə Ermənistanın Zəngəzur və Qarabağ iddiaları

AXC dövründə Ermənistanın Zəngəzur və Qarabağ iddiaları

1917-ci ilin oktyabrında baş vermiş qanlı bolşevik çevrilişi  ilə 3 əsrlik Rusiya imperiyasının süquta uğradıldıqdan sonra  onun milli ucqarlarında, o cümlədən Cənubi Qafqazda  yaranmış dövlətlər arasında  ən böyük ziddiyyət sərhədlərin qarşılıqlı tanınmaması zəminində yaranmışdı. Bunun əsas səbəbi yeni siyasi sərhədlərin  son 1 əsrdə regionda formalaşmış   etnik və  təsərrüfat xüsusiyyətlərinin  nəzərə alınmaması idi. Bundan başqa, yeni cümhuriyyətlərin  siyasi təşəkkülü, onların ərazilərinin  təsbiti prosesi müxtəlif vaxtlarda Cənubi Qafqaz  bölgəsi ətrafında yaranmış beynəlxalq konyuktura, böyük dövlətlərin  münaqişə tərəflərinə  təsir    proseslərə  müdaxilə etmək imkanlarından asılı olmuşdu.

AMEA-nın Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent İlqar Niftəliyev növbəti müsahibəsində tarixi türk torpaqları olmuş Qərbi Azərbaycanda Ermənistan adlı oyuncaq dövlətin yaradılması ilə nəticələnmiş həmin zorakı və faciəli proseslərə aydınlıq gətirərək bildirdi:

–1918-ci il may–oktyabr aylarında bu aparıcı prosesi bölgədə bərqərar olmuş  türk–alman hegemonluğu müəyyən edirdi.  Təsadüfi deyil ki, Cənubi Qafqaz respublikalarının ilkin sərhədlərini məhz 1918-ci ilin iyun ayının 4-də  Batumda Osmanlı komandanlığının   hər 3  dövlətin nümayəndələri  ilə ayrılıqda  imzaladığı müqavilələr  müəyyənləşdirmişdi. Lakin həmin müqavilələr daha çox Cənubi Qafqaz respublikalarının Türkiyə ilə sərhədlərini  təsbit etmişdi. Respublikalar arasında isə qarşılıqlı sərhədlərin müəyyən olunmasında tərəflərin hər biri öz prinsiplərindən çıxış etmişdi.

Azərbaycan  tərəfi sərhədlərin çəkilməsi məsələsində tarixi-etnik  prinsipdən çıxış etdiyi halda, Ermənistan “ermənilər yaşadığı ərazilər  erməni torpağıdır” məntiqinə üstünlük verirdi. Daşnak Ermənistanı bu prinsipi hətta erməni əhalisinin sayca azlıq təşkil etdiyi və artıq Azərbaycan Xalq Cümhuriyyətinin nəzarətində olan  bölgələrə     tətbiq   etməyə  çalışırdı.

Ermənistan ilə Azərbaycan arasında qarşılıqlı sərhədlərin tanınması yolunda  ilkin  addım kimi  Batumda əldə olunmuş şifahi razılaşmaya əsasən, İrəvanın Ermənistana güzəşt edilməsi əvəzində, sonuncunun Yelizavetpol quberniyasının dağlıq hissəsinə olan iddialarından əl çəkməsini  hesab etmək olar. Lakin artıq konfrans bitdikdən sonra Ermənistan tərəfi burada əldə olunmuş razılaşmaların kifayət etmədiyini, onların  Cənubi Qafqazın 3 müstəqil dövləti üçün deyil, Zaqafqaziya federasiyası üçün nəzərdə   tutulduğunu bildirmişdi.

1918-ci il iyulun 8-də İstanbul konfransında Ermənistan nümayəndə heyətinin rəhbəri A.Aqaronyan xarici işlər naziri A.Ohancanyana göndərdiyi teleqramda qeyd etmişdi ki, artıq Ermənistanın minimum sərhədlərinə Qarabağ, Zəngəzur, Sürməli, Dərələyəz, Naxçıvan, Şərur əraziləri daxil edilməlidir. Sonrakı hadisələr göstərdi ki, əslində, bu teleqramda öz əksini tapmış fikirlər 1918–1920-ci illərdə  Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiaları üçün bir növ təlimat rolunu oynamışdı.

1918–1920-ci illərdə Ermənistan ilə Azərbaycan arasında ən çox mübahisəyə  səbəb olan bölgələr arasında Qarabağ və Zəngəzur xüsusi yer tuturdu. Hələ İstanbul konfransına hazırlıq dövründə  Azərbaycan nümayəndə heyətinin rəhbəri M.Rəsulzadənin 1918-ci il avqustun 4-də xarici işlər naziri M.Hacınskiyə göndərdiyi teleqramda bildirilirdi ki, Ermənistan nümayəndələri Osmanlı hökumətinə göndərdikləri xəritələrlə, statistik məlumatlarla  zəngin olan çoxsaylı   layihələrdə  həmin  ərazilərin əhalisinin 70 faizinin ermənilər olduğunu subut  etməyə çalışırlar.

Bu dövrdə Ermənistan Qarabağ və Zəngəzur uğrunda fəal diplomatik səylərini həmin bölgələr ətrafında öz hərbi hissələrinin, o cümlədən xəyanətkar Osmanlı paşası Andranikın quldur dəstələrinin  cəmləşməsi  və bu ərazilərdə 1918-ci ilin yay–payız aylarında müsəlman əhalisinə qarşı apardığı etnik təmizləmə siyasəti ilə  tamamlayırdı.

– Daşnak hakimiyyətinin Qərbi Azərbaycanı əhatə edən İrəvan quberniyası ilə kifayətlənməyərək Azərbaycanın içəri vilayətləri olan Qarabağ və Zəngəzura qarşı iddia irəli sürməsi nəyə əsaslanırdı və necə ortaya atılmışdı?

– Müstəqilliyini elan etmiş Azərbaycan hökuməti ilk dövrlərdə kifayət qədər hərbi qüvvəyə malik olmadığından və  yalnız  mərkəzdə  öz  dövlətçiliyini  möhkəmləndirməyə  imkan tapdığından, ölkənin bir sıra regionları ilə hərtərəfli əlaqələr saxlamaq imkanından məhrum idi. Bunun nəticəsində  Qarabağ və Zəngəzur bögələrində yaşayan erməni əhalisi arasında  separatçılıq meyilləri Ermənistan təbliğatının qüvvətlənməsi nəticəsində daha məqsədəuyğun xarakter almışdı. Onlar təcrid olunmaq və özlərinin xüsusi inzibati vahidlərini yaratmaq istiqamətində fəal işə başlamışdılar.

1918-ci il iyulun 22-də çağırılmış Qarabağ ermənilərinin I qurultayı bölgənin ermənilər yaşayan dağlıq hissəsini müstəqil siyasi-inzibati vahid elan etmiş və öz hökumətlərinin yaradılmasını bəyan etmişdilər. İkinci qurultaydan etibarən (1918-ci il 15 sentyabr) erməni separatçılarının yaratdıqları hökumət “Erməni Milli Şurası” adlandırılmışdı.

1918-ci ilin sonlarında “Dördlər ittifaqının” dünya müharibəsində  məğlubiyyəti ilə regionda,  təqribən, ilyarım davam etmiş Antanta hegemonluğu dövrü başlamışdı. Onun bölgədə əsas təmsilçisi rolunda çıxış edən ingilis komandanlığı Ermənistan ilə Azərbaycan arasında Qarabağ və Zəngəzur ətrafında gedən ərazi münaqişəsinin  həlli yolunda 1919-cu ilin yanvarında   ilk kon­kret addım ataraq, bu bölgələrin  Azərbaycanın tərkibində qalmaq şərti ilə, xüsusi siyasi-inzibati vahidə – general-qubernatorluğa ayırmış və  doktor Xosrov bəy Sultanovu onun rəhbəri təyin etmişdir.

Əslində,  bununla çar Rusiyası işğalı dövründə onun tərkibində olan və müxtəlif inzibati bölgülər nəticəsində tarixi inzibati-siyasi mənasını itirmiş “Qarabağ” anlayışı AXC dövründə əvvəlki mənasını yenidən özünə qaytarmışdı. İngilis komandanlığının bölgənin məhz Azərbaycanın hüdudları çərçivəsində general-qubernatorluğa  ayrılması, onun kimə mənsub olmasından daha çox bu dövrdə ingilis qoşunlarının məhz Azərbaycanda yerləşdirilməsi, bu  isə  bölgəyə nəzarətin daha effektiv olacağı fikrindən irəli  gəlirdi.

Qarabağ general-qubernatorluğunun yaradılması və Xosrov bəy Sultanovun onun başçısı təyin olunması yerli erməni separatçılarını və onlara dəstək verən Ararat Respublikası hökumətini xeyli təşvişə salmış, etirazlarına səbəb olmuş və daşnakların fəallıqlarını artırmışdı. Ermənistan hökuməti özünün 1919-cu il 21 yanvar tarixli iclasında Qarabağın və Zəngəzurun ermənilər yaşayan   dağlıq hissəsini ölkənin ayrılmaz hissəsi elan etmiş və həmin ərazilərdə müvəqqəti  olaraq ali hakimiyyəti oyuncaq Erməni Milli Şurasına tapşırmışdı. Ermənistan hökuməti bölgədə vəziyyətə nəzarət etmək üçün hətta ali komissar vəzifəsi təsis etmiş və bu posta Arsen Şaxmazyanı təyin etmişdi.

1919-cu il aprelin 3-də ingilis qoşunlarının Şuşadakı nümayəndəsi polkovnik Şatelvort xüsusi əmri ilə Azərbaycan hökuməti tərəfindən yaradılmış Qarabağ general-qubernatorluğunun bölgədə ali hakimiyyət orqanı olduğunu təsdiq etmiş və onun əmrlərinin bütün əhali üçün məcburi olduğunu bildirmişdir. Burada xüsusi ilə vurğulanırdı ki, general-qubernator Sultanovun qanuni fəaliyyəti bölgədə yerləşən ingilis komandanlığı tərəfindən tam dəstəklənəcək.

– Şübhəsiz erməni millətçiləri bu mövqe ilə razılaşmamışdılar.

– Bəli, ingilis komandanlığının bu qətiyyətli mövqeyi erməni separatçıları üçün gözlənilməz olmuşdu. Ermənistanın Qarabağı və Zəngəzuru etnik prinsip əsasında bölərək, bu yolla ermənilər yaşayan əraziləri Azərbaycandan ayıraraq, burada  müvəqqəti erməni idarəçiliyinin yaradılması, bölgədə yerləşən ingilis qoşunlarından ayırıcı qüvvə kimi istifadə edilməsi planlarının iflasa uğramasına  baxmayaraq, ingilis komandanlığı bölgələrin gələcək mənsubiyyəti  məsələsində Ermənistanın mövqeyindən çıxış edərək, bunun Paris konfransında həllinə tərəfdar idi.

Bunlarla yanaşı, Qarabağ və Zəngəzur məsələsi 1919-cu ildə Azərbaycanın və Ermənistanın  iştirakı ilə çağırılmış bir neçə konfransda əsas müzakirə mövzusu olmuşdu. Bu dövrdə Azərbaycan rəsmiləri verdikləri bəyanatlarda Ermənistan ilə sərhəd münaqişəsinin birdəfəlik həll olunmasında maraqlı olduqlarını bildirmişdilər. 1919-cu ilin dekabrın 14-dən 21-dək Bakıda keçirilmiş növbəti sülh konfransı zamanı Azərbaycan tərəfinin sərhəd münaqişələrin həlli üçün Cənubi Qafqaz respublikalarının konfederasiyasının yaradılması təklifinə Ermənistan etiraz edərək,  demarkasiya xətti haqqında ilkin sazişin bağlanmasını üstün tutmuşdu.

Əslində, Ermənistanın məsələnin həllindən boyun qaçırması Parisdə davam edən danışıqlarla sıx bağlı idi. Ermənistan ümid edirdi ki, onun nümayəndələrinin böyük dövlətlər qarşısında irəli sürdüyü memorandumda öz əksini tapmış, Qarabağ və Zəngəzur daxil olmaqla,  Azərbaycana, Türkiyəyə və Gürcüstana qarşı maksimum ərazi iddiaları tezliklə öz müsbət həllini tapacaq.

Lakin sonrakı hadisələr, yəni böyük dövlətlərin yeni yaranmış Cənubi Qafqaz respublikaları arasında olan ərazi ixtilaflarının  aradan qaldırılmasına  dair  müəyyən vahid xətt seçə bilməməsi, digər tərəfdən isə gündən-günə  şimaldan artmaqda olan Sovet Rusiyasının hərbi təzyiqi regionu yeni geosiyasi hüdudlara parçalanmaq təhlükəsi qarşısında qoymuşdu. 1920-ci ilin aprelində Şimali Azərbaycanın sovetləşməsi Antantanın Cənubi Qafqazda hegemonluğuna son qoymuşdu.

Bundan sonra Ermənistan – Azərbaycan  ərazi  münaqişəsində aparıcı subyektə bolşevik Rusiyası çevrilmişdi. Bu proses isə Qərbi Zəngəzurun itirilməsi, Qarabağın dağlıq hissəsində, Azərbaycanın tərkibində saxlanılsa da, heç bir əsas olmadan erməni muxtariyyəti yaradılması ilə nəticələnmişdi.

“Xalq qəzeti”

  • Paylaş: