Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.01.2023 16:15
  • A-
  • A
  • A+

20 Yanvar faciəsi xalqımızın yaddaşında qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb

20 Yanvar faciəsi xalqımızın yaddaşında qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb

Botanika İnstitutunda 20 Yanvar hadisələrinin 33-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri institutun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva açaraq bildirib ki, Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən artıq 33 il ötür. 20 Yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər, eyni zamanda qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərin qanı ilə Azərbaycanın yeni tarixi yazılıb. Həmin hadisə xalqımızın qəhrəmanlıq dastanına ən parlaq səhifələrdən biri kimi daxil olub. Dövlət müstəqilliyimizin bərpası, azadlığımız üçün ilk növbədə 20 Yanvar şəhidlərinə borcluyuq. Keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı qətliam törədib. Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciədə yüzlərlə Azərbaycan vətəndaşı şəhid olub, yaralanıb və xəsarət alıb, həmçinin qanunsuz həbs edilib. Bununla insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulub. Ümummilli Lider Heydər Əliyev ölkəmizdə siyasi hakimiyyətə qayıtdıqdan sonra Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib.

İnstitutun icraçı direktoru, b.e.d. Şakir Qasımov, b.ü.f.d. Ələddin Qədimov, b.ü.f.d. Şəkər Muxtarova və b.ü.f.d. Rəşad Səlimov 20 yanvar hadisələrinin səbəblərini, həmin hadisələr ərəfəsində Azərbaycanda yaranmış gərgin ictimai-siyasi vəziyyəti, keçmiş sovet rəhbərlərinin xalqımıza qarşı məkrli siyasətini və digər mühüm məqamları diqqətə çatdırıblar.

Tədbirdən sonra Botanika İnstitutunun kollektivi Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərimizin məzarları üzərinə gül dəstələri qoyublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: