Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.01.2023 17:25
  • A-
  • A
  • A+

“Müasir düşüncələrdə 20 Yanvar faciəsi-milli yaddaş günü kimi” mövzusunda dəyirmi masa keçirilib

“Müasir düşüncələrdə 20 Yanvar faciəsi-milli yaddaş günü kimi” mövzusunda dəyirmi masa keçirilib

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib.

Bu münasibətlə institutda 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş “Müasir düşüncələrdə 20 Yanvar faciəsi-milli yaddaş günü kimi” mövzusunda dəyirmi masa keçirilib.

Əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə institutun baş direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun zirehli texnika və müasir silahlarla təchiz olunmuş əsgərləri dinc insanları - qocaları, gəncləri, qadınları və uşaqları qətlə yetirdiyini, bunun xalqımızın qan yaddaşında əbədi yaşayacağını bildirib.

İlham Məmmədzadə onu da qeyd edib ki, 20 Yanvar faciəsindən 33 il vaxt keçsə də biz o günü heç unutmadıq. 20 Yanvar Azərbaycan xalqının tarixinə milli birliyimizin və milli özünüdərkin, xalqımızın müstəqillik uğrunda apardığı mübarizənin qəhrəmanlıq səhifəsi kimi daxil olub. Bu hadisə Azərbaycan xalqının milli birliyi və həmrəyliyini təsdiqləyən ən mühüm hadisədir. Bu xalqımızın qəhrəmanlıq salnaməsidir. Dövlətimiz və xalqımız var olduqca 20 Yanvarı unudulmayacaq.

Alimin fikrincə tariximizdə baş verən hadisələrin fəlsəfi mahiyyətini yetişməkdə olan gənc nəslə aşılamaq baxımından alimlərimiz bu yöndə tədqiqatlarını daha da genişləndirməlidir.

Sonra institutun əməkdaşları icraçı direktor, tarix elmləri doktoru Eynulla Mədətli , f.ü.f.d. Hüseyn İbrahimov, f.ü.f.d. Şölət Zeynalov, f.ü.f.d. Faiq Ələkbərli, f.ü.f.d., Anar Qafarov, f.ü.f.d. Məhəmməd Cəbrayılov, f.e.d., professor Rəfail Əhmədov və digər natiqlər çıxış edərək sovet imperiyasının törətdiyi bu qanlı cinayəti bəşəriyyətə, insanlığa qarşı yönəldilən terror aktı kimi səciyyələndirərək qeyd ediblər  ki, 1990-cı ilin Qanlı Yanvar faciəsi heç vaxt unudulmayacaq. Bu yolda canlarından keçən şəhidlərimiz isə daim qəlblərdə yaşayacaq, hörmət və ehtiramla yad ediləcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: