Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

26.01.2023 18:30
  • A-
  • A
  • A+

Rəyasət Heyəti aparatının Elektron Akademiya şöbəsinin müdiri MEK-in vikipediyaçıları ilə görüşüb

Rəyasət Heyəti aparatının Elektron Akademiya şöbəsinin müdiri MEK-in vikipediyaçıları ilə görüşüb

AMEA-nın Rəyasət Heyəti aparatının yeni yaradılan Elektron Akademiya şöbəsinin təşkilatçılığı ilə sözügedən şöbənin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranovun Mərkəzi Elmi Kitabxananın (MEK) Elektron resurslar şöbəsinin əməkdaşları ilə görüşü keçirilib.

Elektron əməkdaşlıq sahəsinin inkişaf etdirilməsi məqsədilə keçirilən görüşdə kitabxananın baş direktoru, professor Məmməd Əliyev, Elektron resurslar şöbəsinin müdiri Reyhan Əhmədova və şöbənin əməkdaşları, “Elm” nəşriyyatının direktoru, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk iştirak ediblər.

MEK-in baş direktrou, professor Məmməd Əliyev kitabxananın Elektron resurslar şöbəsinin fəaliyyət istiqamətləri haqqında məlumat verib. Baş direktor bu yöndə həyata keçirilən və planlaşdırılan layihələrdən danışıb. Bildirilib ki, 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində sözügedən şöbə tərəfindən dahi lider Heydər Əliyevə həsr olunmuş, həmçinin Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibəti ilə yüz məqalənin “Vikipediya”da yerləşdirilməsi qarşıya qoyulan mühüm layihələrdəndir. Bundan əlavə, diqqətə çatdırılıb ki, “Qorqud” Vikipediya Metodik Klubu, YAP Yasamal rayon təşkilatının dəstəyi ilə şöbənin əməkdaşları tərəfindən mütəmadi olaraq AMEA-nın institutlarının, o cümlədən bir sıra yerli qurumların əməkdaşları üçün təlimlər həyata keçirilir.

“Vikipediya” açıq ensiklopediyası 2001-ci il yanvarın 15-də fəaliyyət göstərməyə başlayıb və artıq dünyanın 318 dilində mövcuddur. Yanvarın 15-i dünyada Beynəlxalq Vikipediya Günü kimi qeyd olunur.

“Vikipediya”nın Azərbaycan dilində bölməsi 2002-ci il yanvarın 13-də fəaliyyət göstərməyə başlayıb. Ötən bu illər ərzində “Vikipediya”nın Azərbaycan dilində bölməsi geniş inkişaf edərək ölkəmizdə kütləvi oxunan, zəngin virtual ensiklopedik mənbə kimi tanınıb. Bundan əlavə, bu, ən çox oxucusu olan saytlardandır. Belə ki, “Vikipediya”nın Azərbaycan dilindəki səhifələrinin oxucularının illik sayı artıq 300 milyonu ötüb.

Ölkədə “Vikipediya”nın inkişafında Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarının böyük rolu olub. Bu gün də həmin potensialı özündə saxlayır və bu istiqaməti inkişaf etdirmək üçün yetərincə baza mövcuddur. Akademiyanın institutlarında gənc və orta yaşlı alimlərin elmi imkanları ilə “Vikipediya”da məzmunlu məqalələrin yaradılması və zənginləşdirilməsi mümkündür. Hər institut öz sahəsi üzrə məqalələr yazaraq öz töhfəsini verə bilir. Bu sahədə çoxlu işlər görülüb və fəaliyyətimiz davam etdirilir.  

“Vikipediya”nın xarici dil bölmələrində Azərbaycanla bağlı məqalələrin yaradılmasını və etibarlı mənbələrlə zənginləşdirilməsini reallaşdırmaq olar. Bu, həm də ölkəmizin informasiya təbliğatında güclü arqument kimi əhəmiyyətlidir.

AMEA-nın Elektron Akademiya şöbəsinin müdiri, r.ü.f.d., dosent Fariz İmranov MEK-in Elektron resurslar şöbəsinin işini yüksək qiymətləndirib, görülən işə dəstək olmaq və səmərəliliyini artırmaq üçün mərkəzləşdirilmiş birgə əməkdaşlığın önəmini vurğulayıb.

Görüş çərçivəsində mümkün əməkdaşlıq istiqamətində müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: