Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.01.2023 13:13
  • A-
  • A
  • A+

Akademik Cəmil Quliyevin 95 illiyinə həsr olunmuş elmi sessiya keçirilib

Akademik Cəmil Quliyevin 95 illiyinə həsr olunmuş elmi sessiya keçirilib

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda akademik Cəmil Quliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş elmi sessiya keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, professor Kərim Şükürov Cəmil Quliyevin beynəlxalq elmi forumlarda Azərbaycanı dəfələrlə təmsil etdiyini deyib. Bildirib ki, C.Quliyevin ölkəmizdə ictimai elmlər sahəsində araşdırmaların daha geniş miqyas alması və Azərbaycan tarixinin yeni mənbələr əsasında öyrənilməsində xidmətləri danılmazdır.

Tədbirdə Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyevin məruzəsi dinlənilib. Alim qeyd edib ki, 1970-1980-ci illər Cəmil Quliyevin ən zəngin yaradıcılıq dövrü olub. Bu dövrdə müəllifin iki monoqrafiyası nəşr edilib. Bu monoqrafiyalar bolşeviklərin Azərbaycanda milli siyasətinə toxunurdu. Cəmil Quliyev əsərlərinin adında milli siyasət ifadəsindən istifadə edən və ümumiyyətlə bu məsələni araşdırmağa çalışan ilk və yeganə Azərbaycan sovet tarixçisi idi: “Öz xatirələrinə görə, bu mövzu ilə çox maraqlandı və doktorluq dissertasiyası üzərində işləyərkən onu davam etdirməyə qərar verdi. Cəmil Quliyev müstəqillik dövründə Azərbaycan tarixinin bir çox məsələlərinə baxışlarını əhəmiyyətli dərəcədə yenidən nəzərdən keçirib”.

İlqar Niftəliyevin sözlərinə görə, tarixçi alim Cəmil Quliyevin yarım əsrdən artıq dövrü əhatə edən elmi fəaliyyəti daim yüksək qiymətləndirilib. O, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatları “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilib.

Daha sonra professorlar İradə Bağırova, Tofiq Mustafazadə, tarix üzrə fəlsəfə doktorları Hacı Həsənov, Allahverdi Əlimirzəyev və Kamran İsmayılov görkəmli tarixçi alim C.Quliyevin Azərbaycan elminə verdiyi böyük töhfələrdən danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

Qeyd edək ki, C.Quliyev 1972–1978-ci illərdə Azərbaycan SSR EA Tarix İnstitutunun direktoru, 1976-1990-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti, 1975-1988-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru, 1989-1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) rektoru, 1997-ci ildən ömrünün sonunadək isə AMEA-nın Rəyasət Heyətinin üzvü olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: