Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.01.2023 17:25
  • A-
  • A
  • A+

İqtisadiyyat İnstitutunun elmi seminarında Azərbaycanda ekoloji vergilərin tətbiqi müzakirə olunub

İqtisadiyyat İnstitutunun elmi seminarında Azərbaycanda ekoloji vergilərin tətbiqi müzakirə olunub

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilib.

İnstitutunun baş direktoru, i.e.d., professor Nazim İmanovun sədrliyi ilə keçirilən tədbirə bir sıra ali təhsil müəssisələrinin əməkdaşları da qatılıblar.

Seminarda İqtisadiyyat İnstitutunun Monetar və fiskal tənzimləmə problemləri şöbəsinin müdiri, i.e.d., dosent Yaşar Məmmədov “Azərbaycan Respublikasında ekoloji vergilərin tətbiqi” mövzusunda təqdimatla çıxış edib. Məruzəçi bildirib ki, ekoloji vergilərin tətbiqi ilə bağlı müddəalar son on ildə ölkəmizdə qəbul edilən bir sıra dövlət proqramları və strateji sənədlərdə öz əksini tapıb. Azərbaycanda Dünya Bankının “Əlverişli biznes mühiti” layihəsinin “Vergitutma” indikatoru üzrə Yol Xəritəsinin (2022) 1.2.3. maddəsində (Ekoloji vergitutma haqqında qaydlara dəyişikliklərin tezliyi) ekoloji və yaşıl vergilərin tətbiq dairəsinin müəyyən edilməsi üzrə qabaqcıl beynəlxalq təcürbənin öyrənilməsi və onların ölkədə tətbiqi üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Y.Məmmədov təqdimatda ekoloji vergilərin tətbiqi xüsusiyyətlərinə və bu sahədə əldə edilən elmi nəticələrə xüsusi yer ayırıb. Bu vergilərin Azərbaycanda tətbiqi məsələləri ilə bağlı aparılan araşdırmaların nəticələrini diqqətə çatdırıb. Habelə Azərbaycanda ekoloji problemlər, ətraf mühitinin çirkləndirilməsi və buna görə ekoloji cərimələrin tədbiqi, ölkəmizdə ekoloji vergilərin tətbiqi imkanları, onun nəzəri və praktiki cəhətləri, bu sahədəki dünya təcrübəsindən danışıb. Ekoloji vergilərin tətbiqi sahəsindəki başlıca problemlər qeyd olunub, onların həlli ilə bağlı təkliflər səsləndirilib, müvafiq qanunvericilikdə dəyişikliklərin aparılması əsaslandırılıb.

Sonra seminarda Azərbaycanda ekoloji vergilərin tətbiqi məsələləri ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: