Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.02.2023 09:49
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutunda Gənclər Günü qeyd olunub

Aşqarlar Kimyası İnstitutunda Gənclər Günü qeyd olunub

Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda 2 Fevral – Gənclər Günü ilə əlaqədar tədbir keçirilib.

İnstitutun baş direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü ilə 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib.

V.Fərzəliyev qeyd edib ki, Azərbaycan dövləti gənclərimizin qayğısına qalır və onların inkişafı üçün hər bir sahədə köməklik göstərir. Bunlardan biri də “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradıb. Bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyub. Bundan əlavə, institutun yaşlı nümayəndələri də gənc nəslin problemlərinin həlli üçün bütün köməkliklərini əsirgəmirlər.

Sonra institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günya İsmayılova Gənclər Gününə həsr olunan maraqlı təqdimatla çıxış edib.

Tədbirdə çıxış edən institutun icraçı direktoru, kimya elmləri doktoru Əfsun Sucayev əvvəlcə özünün Gənc Alim və Mütəxəssislər Şurasının sədri olduğu dövrdən danışıb və vurğulayıb ki, müasir dövrdə elmin və texnologiyanın sürətli inkişafı ilə bağlı olaraq, indiki gənclər daha fəaldılar.

Ə.Sucayev bildirib ki, 44 günlük Vətən müharibəsində gənclərimiz ön sırada olub, mətinlik və cəsarət nümayiş etdiriblər. O, bütün gəncləri bu gün münasibətilə təbrik edib və onları daha da fəal olmağa çağırıb.

Sonra institutun qocaman alimlərindən olan Nüsrət Əliyev gənclərə məsləhətlərini verib.

Tədbirdə Aşqarlar Kimyası İnstitutunun gənc mütəxəssisləri Günay İsmayılova, Həcər Behbudova və Leyla İsrafilova sertifikatla təltif olunub.

“Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq”, - deyə akademik Vaqif Fərzəliyev sonda vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: