Fevralın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclası keçirilib.
Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, elmi müəssisə və təşkilatların baş direktorları, aidiyyəti şəxslər və KİV-in əməkdaşları iştirak ediblər.
Əvvəlcə AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin alimlərinin 2022-ci ildə əldə etdikləri mühüm nəticələri əks etdirən sərgiyə baxış keçirilib.
Tədbiri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq iclasın gündəliyi barədə məlumat verib.
İclasda müzakirəyə çıxarılan ilk məsələ AMEA-da “İlin gənc alimi” mükafatının təsis edilməsi haqqında olub. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini deyən akademik İsa Həbibbəyli bu gün Azərbaycan gəncliyinin ölkəmizin əsas aparıcı qüvvəsinə çevrildiyini və onlara etimad göstərilərək dövlət vəzifələrində aparıcı vəzifələrə irəli çəkildiklərini söyləyib.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşı Mehriban Nağıyevanın 2023-cü il Gənclər üçün Prezident mükafatına layiq görüldüyünü diqqətə çatdıran AMEA rəhbəri bu mükafatın ölkəmizdə gənclərə bəslənən inamın növbəti təzahürü olduğunu bildirib.
Ölkəmizdə aparılan gənclər siyasətinə Akademiyanın öz dəstəyini verdiyini, onlara daim diqqət və qayğı göstərildiyini qeyd edən akademik İsa Həbibbəyli Gənclər Günü çərçivəsində AMEA-da “Akademiyanın elmi gəncliyi: reallıqlar və perspektivlər” mövzusunda böyük elmi konfransın keçirildiyini xatırladıb. Vurğulayıb ki, Türkiyə Elmlər Akademiyası ilə əldə olunmuş razılığa əsasən, AMEA-nın 5 gənc tədqiqatçısı hər il İstanbulda keçiriləcək yay məktəbinə göndəriləcək. Həmçinin tanınmış alimlərin məruzəçi qismində iştirakı ilə Akademiyanın özünün də gənclər üçün yay məktəbi təşkilinin qarşıdakı hədəflərdən olduğunu deyib. Bundan əlavə, AMEA rəhbəri gənclərin xarici ezamiyyələrə və beynəlxalq elm mərkəzlərinə təcrübəyə göndərilməsinin əhəmiyyətini bildirib.
Akademiyada gənclərə göstərilən diqqətin məntiqi davamı olaraq “İlin gənc alimi” nominasiyası üzrə xüsusi mükafatın veriləcəyini diqqətə çatdıran akademik İsa Həbibbəyli mükafatın 29 yaşa qədər gənc alimlər üçün nəzərdə tutulduğunu, bu addımın gənc elmi kadrların hazırlanması işinə töhfə verəcəyini söyləyib. Eyni zamanda AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təsisçiliyi ilə ildə 2 dəfə nəşr olunan “Gənc tədqiqatçı” jurnalının bu il 4 nömrəsinin çap olunacağını, 1 nömrənin isə ingilis dilində işıq üzü görəcəyini vurğulayıb.
Sonra AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev və 2023-cü il Gənclər üçün Prezident mükafatçısı Mehriban Nağıyeva çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə başçısına və Akademiya rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Rəyasət Heyəti tərəfindən AMEA-da “İlin gənc alimi” mükafatının təsis edilməsi haqqında qərar qəbul olunub və müvafiq tapşırıqlar verilib.
İclasda müzakirəyə çıxarılan növbəti məsələ Akademiyanın Ümumi yığıncağının keçirilməsi haqqında olub. Akademik İsa Həbibbəyli Ümumi yığıncağın mart ayının ortalarında keçirilməsinin nəzərdə tutulduğunu və elmi nəticələrin ictimaiyyətə daha geniş şəkildə çatdırılması məqsədilə hesabatların yığcam və müasir metodlarla hazırlanaraq təqdim ediləcəyini bildirib.
Sonra Rəyasət Heyəti tərəfindən müvafiq qərar qəbul olunub.
Daha sonra iclasda AMEA-nın Naxçıvan Bölməsinin 2022-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib. Hesabatı təqdim edən bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, 2022-ci ildə ölkə başçısının Fərman və sərəncamları, Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Naxçıvan MR Nazirlər Kabinetinin, AMEA Rəyasət Heyətinin qərar və sərəncamları, eləcə də Dövlət proqramlarından irəli gələn tapşırıqlar çərçivəsində tədqiqatlar aparılıb.
Qeyd edib ki, elmi-tədqiqat işləri plana uyğun olaraq, 6 istiqamətdə 6 prоblemi əhatə edən 7 mövzuya daxil оlan 36 işin 93 mərhələdə yerinə yetirilməsi nəzərdə tutulub, 87 mərhələ üzrə tədqiqatlar tamamlanıb və 6 mühüm elmi nəticə əldə olunub.
Akademik İsmayıl Hacıyev vurğulayıb ki, bölmədə əsasən Naxçıvanın tarixi, etnoqrafiyası, epiqrafikası, arxeologiyası, maddi mədəniyyəti, ədəbi mühiti, folkloru və əlyazmalarının toplanılması və tədqiqi, o cümlədən təbii sərvətlərinin, ekocoğrafi şəraitinin, pоtensial enerji mənbələrinin, səma cisimlərinin, flоra, fauna, tоrpaq örtüyünün, iqtisadi inkişafının öyrənilməsi istiqamətində araşdırmalar aparılıb. 15 adda dərman bitkiləri qarışığı, gülab, çaytikanı yağı, alma sirkəsi, meyvə məhsulları, zəfəran qurusu, Şorsu palçığı və quru qalığı, Gildən məişətdə işlədilən paraşok və Propolis (bərəmum) məhlulu istehsal olunub.
Həmçinin Əhməd Cavadın 130, Hüseyn Cavidin 140 illik yubileyləri, eləcə də “Şuşa İli”ndən irəli gələrək keçirilmiş konfranslar və işıq üzü görmüş nəşrlər barədə məlumat verib, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” və “Heydər Əliyev İli” çərçivəsində tədbirlərin nəzərdə tutulduğunu söyləyib.
Hesabat ilində bölmə əməkdaşlarının 12 monoqrafiyası (2-si xaricdə), 24 kitabı, 2 metodik vəsaiti, 402 məqaləsi (66-sı xaricdə), 183 konfrans materialı (73-ü xaricdə), 3 tezisi olmaqla 626 elmi əsəri çap olunub, 1 buklet və bir xəritə tərtib edilib. Məqalələrin 40-ı impakt faktorlu jurnallarda olmaqla, 14-ü “Web of Science”, “Scopus” və s. elmi bazalarının siyahısına daxildir. Əməkdaşların əsərlərinə 969 istinad qeydə alınıb.
Bölmənin kadr potensialı barədə də danışan İ.Hacıyev Naxçıvan Bölməsinin tərkibində 2 akademik, 4 müxbir üzv, 5 elmlər və 48 fəlsəfə doktorunun fəaliyyət göstərdiyini, 13 doktorant və 31 dissertantın təhsil aldığını söyləyib.
Hesabatda, həmçinin elmlə təhsilin inteqrasiyası, beynəlxalq əlaqələr, kadr hazırlığı, müəssisələrdə fəaliyyət göstərən beynəlxalq laboratoriyalar, elektron elmin vəziyyəti, keçirilmiş konfranslar, seminarlar və yubileylər, təltiflər və s. barədə məlumat verilib.
Akademik İsa Həbibbəyli bölmənin alimlərinin tətbiqi işlərinin genişləndirilməsini, beynəlxalq qrant layihələrində aktiv iştirakını, impakt faktorlu jurnallarda məqalələrinin sayının artmasını, ədəbiyyat, dilçilik və arxeologiya sahəsindəki tədqiqatlarını yüksək qiymətləndirib.
AMEA-nın Rəyasət Heyəti Naxçıvan Bölməsinin 2022-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı qənaətbəxş hesab edib və müvafiq qərar qəbul olunub.
Daha sonra AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev bölmənin 2022-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı diqqətə çatdırıb. Qeyd edib ki, bölmənin institutlarında hesabat ilində 15 problemə aid 26 mövzu üzrə 32 elmi iş, 47 mərhələ üzrə tədqiqatlar aparılıb, 1 mövzu, 25 iş və 44 mərhələ tamamlanıb, 1 patent və 8 mühüm nəticə alınıb.
Belə ki, Naftalan nefti və tullantıları yerli bentonit-seolit əsasında hazırlanmış adsorbentlərlə kanserogen birləşmələrdən təmizlənib, gildən, lil fraksiyasından, ağac qırıntıları və yağ qarışığından alınan keramzitdən doldurucu kimi istifadə etməklə polimer kompozisiya materialı hazırlanıb, təbii bitki növlərindən və aqrosənaye tullantılarından boya maddələri və alternativ enerji mənbəyi kimi yağlar alınıb, Eldar şamı Dövlət Təbiət Qoruğunda məhvolma təhlükəsinə məruz qalan nadir növlərin tərkibi və yayılma qanunauyğunluqları müəyyənləşdirilib, Bioresurslar İnstitutunda təbii bitki növlərindən və aqrosənaye tullantılarından boya maddələrinin və alternativ enerji mənbəyi kimi yağların alınması tədqiq edilib.
Bundan əlavə, Qərb bölgəsində fəaliyyət göstərən aqrosənaye sahələri, onların məhsulları və istehsal sahəsində yaranan tullantılar araşdırılıb və alınan triqliserid, efir yağları təmizlənib, müvafiq Dövlət Standartlarına uyğun keyfiyyət göstəriciləri təyin edilib. Alunit emalının lil fraksiyası əsasında keramzit alınıb və ondan doldurucu kimi istifadə etməklə keyfiyyətli (dartma qüvvəsi 14,96 Mpa, nisbi uzanma 16 %) kompozisiya materialı hazırlanıb (30 %İPE: 70 % keramzit).
Kür çayının transsərhəd sularından - Xram çayı, Qanıxçay, Qabırrı çaylarının ekoloji göstəriciləri tədqiq olunub və kənd təsərrüfatında istifadə edilməsi araşdırılıb. Bu suların tərkibində üzvi, qeyri-üzvi və yad maddələrin parçalanmasında, neytrallaşmasında, çevrilməsində və bioloji məhsulun formalaşmasında mikrobiotanın təsiri öyrənilib.
Eyni zamanda Nizami Gəncəvi yaradıcılığının folklor qaynaqları araşdırılıb və sübut edilib ki, Azərbaycan ədəbiyyatının ən böyük nümayəndəsi olan Nizami Gəncəvinin bütün əsərləri türk milli-mənəvi dəyərləri əsasında qurulub. Nizami Gəncəvi Mərkəzində “Nizami Gəncəvinin şəcərə tarixi” kitabında dahi şairin Şeyxzamanlılar şəcərəsinə mənsub olduğu və bu nəslin tarixən Gəncədə yaşayıb-yaratdığı, onun bir çox nümayəndələrinin dünyanın müxtəlif ölkələrində görkəmli alimlər, dövlət və mədəniyyət xadimləri kimi çalışdıqları qeyd olunub.
Həmçinin Qərb bölgəsinin arxeoloji və etnoqrafik abidələri tədqiq olunub, folkloru toplanaraq sistemləşdirilib, dialekt və şivələri araşdırılıb.
Hesabat ilində AMEA-nın Gəncə Bölməsi tərəfindən 3 kitab, 3 monoqrafiya, 1 dərslik, 113 məqalə (32-si xaricdə), 95 tezis (23-ü xaricdə) dərc edilib, əməkdaşların əsərlərinə beynəlxalq elmi bazalarda 36 dəfə istinad olunub.
Akademik Fuad Əliyev bildirib ki, hazırda bölmənin müəssisələrində 1 akademik, 7 elmlər və 20 fəlsəfə doktoru fəaliyyət göstərir, elmlər doktoru hazırlığı üzrə 5, fəlsəfə doktoru hazırlığı üzrə 8 dissertant elmi tədqiqatlarını davam etdirirlər.
Hesabatda, həmçinin elmlə təhsilin inteqrasiyası, beynəlxalq əlaqələr, kadr hazırlığı, müəssisələrdə fəaliyyət göstərən beynəlxalq laboratoriyalar, elektron elmin vəziyyəti, keçirilmiş konfranslar, seminarlar və yubileylər, təltiflər və s. barədə məlumat verilib.
İl ərzində bölmə alimlərinin sistemli tədqiqatlar apardıqlarını və real nəticələr əldə etdiklərini bildirən akademik İsa Həbibbəyli nizamişünaslıq sahəsində, xüsusilə ədibin şəcərəsi istiqamətindəki tədqiqatları, eləcə də Qərb bölgəsinin folkloru, arxeologiyası, etnoqrafiyası ilə bağlı araşdırmaları yüksək qiymətləndirib.
AMEA-nın Rəyasət Heyəti Gəncə Bölməsinin 2022-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı qənaətbəxş hesab edib və müvafiq qərar qəbul olunub.
İclasda təqdim olunan hesabatlar ətrafında akademiklər – Arif Həşimov, Dilqəm Tağıyev, Rasim Əliquliyev, İradə Hüseynova, Vaqif Abbasov, professor Elton Məmmədov və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.