Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

06.02.2023 15:10
  • A-
  • A
  • A+

Ulu Öndər Heydər Əliyevin siyasətində Azərbaycanın tarixi abidələri

Ulu Öndər Heydər Əliyevin siyasətində Azərbaycanın tarixi abidələri

Avropa və Asiyanın qovşağında yerləşən Azərbaycan Respublikasının ərazisi bütün tarixi dövrlərə aid abidələrlə zəngindir. Bu abidələrə maraq hələ XIX əsrin ikinci yarısından başlansa da, yalnız Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində maddi-mədəni irsimizin qorunması, tədqiqi və təbliği işi yüksək inkişaf səviyyəsinə çatmışdır. Arxeoloq alimlərimizin apardıqları tədqiqatlar nəticəsində Azərbaycanın dünyada ən qədim insan məskənlərindən və sivilizasiya mərkəzlərindən biri olması elmi əsaslarla sübuta yetirilmişdir. Həmin dövrdə respublikamızın bütün bölgələrində arxeoloji ekspedisiyalar fəaliyyət göstərmiş, xalqımızın maddi-mədəni irsinə dair yüz minlərlə qədim nümunələr – arxeoloji materiallar toplanmışdır.

Zəngin tariximizin informasiya daşıyıcıları olan tarixi-arxeoloji abidələrlə bağlı ictimaiyyətin, xüsusilə də gənc nəslin geniş maarifləndirmə işlərinin əhəmiyyətini nəzərə alan Heydər Əliyevin göstərişi ilə böyük şəhərlərlə yanaşı, Azərbaycanın demək olar ki, bütün rayonlarında Tarix Diyarşünaslıq muzeyləri yaradılmış, qədim və yaxın tariximizin ən nəfis nümunələri təbliğ, nümayiş etdirmək, qorumaq və tədqiq etmək məqsədi ilə bu muzeylərdə toplanmışdır. Xalqımızın qədim tarixinin arxeoloji tədqiqinə xüsusi diqqət yetirilmiş, regionlarda arxeoloji qazıntı işlərinin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün arxeoloji bazalar yaradılmışdır. Heydər Əliyev tarixi abidələrə və arxeoloji qazıntı sahələrinə şəxsən səfərlər etmiş, qədim tariximizin yadigarları olan abidələrimizin tədqiqinin və təbliğinin zəruriliyini dəfələrlə qeyd etmişdi.

Sovet hakimiyyəti illərində Heydər Əliyevin Azərbaycanın tarixi abidələrinə göstərdiyi qayğının ən bariz nümunəsi qədim Qəbələ şəhərinin qalıqlarının məhv olmaqdan xilas etməsi olmuşdur. 1977-ci ildə SSRİ müdafiə nazirliyinin tabeçiliyində olan hərbçilər Qəbələ şəhərinin Orta əsrlərə aid ərazisində, qalıqları günümüzə qədər saxlanmış giriş darvazalarının yaxınlığında yüksək gərginlikli elektrik xəttinin və onun dayaq obyektlərinin tikintisini planlaşdırmışdılar. Həmin ilin noyabr ayında hərbçilər texnika vasitəsi ilə abidənin mədəni təbəqəsini dağıdaraq tikinti işlərinə başlamışlar. Bu tikinti layihəsinin həyata keçirilməsi qədim Azərbaycan dövləti Qafqaz Albaniyasının min ilə yaxın paytaxtı olmuş Qəbələ şəhəri qalıqlarının məhvi və burada arxeoloji tədqiqatların həmişəlik dayandırılması demək olardı. Arxeoloqların tikinti işlərini heç olmasa texnika vasitəsi ilə deyil, fəhlə qüvvəsi ilə aparılması barədə iradlarına da hərbçilər heç bir məhəl qoymurdular. “Qəbələ” arxeoloji ekspedisiyasının rəis müavini Firudin Qədirovun Elmlər Akademiyasına, görkəmli tarixçi alim İqrar Əliyevin respublika rəhbərliyinə müraciəti əsasında Heydər Əliyev dərhal bu məsələni nəzarətə götürmüşdür. Onun göstərişi ilə təcili olaraq Mərkəzi Komitənin Büro iclası təşkil edilmiş və burada İqrar Əliyevin problem barədə məruzəsi dinlənilmişdir. Bundan sonra Heydər Əliyevin tapşırığı əsasında hökumət komissiyası yaradılmış və bu komissiya Qəbələyə gedərək məsələni yerindəcə araşdırmışdır. Heydər Əliyev SSRİ-nin hərbi rəhbərliyi ilə yaranmış vəziyyəti çox kəskin şəkildə müzakirə etmiş və qətiyyətli mövqe göstərərək bütün tikinti işlərini qədim Qəbələ şəhərinin ərazisindən kənarlaşdırmışdır. SSRİ miqyasında böyük nüfuza malik Ulu Öndərin bu addımı ilə dövlətçilik tariximizin ən möhtəşəm abidələrindən biri olan qədim Qəbələ şəhərinin qalıqları birdəfəlik məhv olmaqdan xilas edilmişdir.

Əlbəttə, bu məsələni yalnız bir abidənin xilası kimi dəyərləndirmək düzgün olmazdı. Ulu Öndərin bu fəaliyyəti ümumilikdə Azərbaycan abidələrinin dövlət tərəfindən mühafizə edildiyinin bariz nümunəsi idi. Eyni zamanda Heydər Əliyevin bu addımı respublika ərazisindəki tarixi abidələrə həssaslıqla yanaşmağın vacibliyi barədə müvafiq qurumlara bir xəbərdarlıq idi.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin və Azərbaycan SSR Nazirlər sovetinin “Azərbaycan SSR-də şəhərsalma, memarlıq və arxeologiya abidələrinin qorunması, bərpası və istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 436 № li, 15 sentyabr 1981-ci il tarixli Qərarının qəbul edilməsi Heydər Əliyevin sovet hakimiyyəti illərində tarixi-arxeoloji abidələrin mühafizəsi və tədqiqatları ilə bağlı həyata keçirdiyi ən mühüm tədbirlərdən biri idi.

Bu qərar  Azərbaycanın tarixi abidələrinin qorunması, tədqiqi və təbliği ilə əlaqədar problemlərin həlli istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mükəmməl bir proqram sənəd olub, nəinki 80-ci illər üçün, eyni zamanda bu günümüz və gələcək fəaliyyət üçün aktuallığını saxlamaqdadır.

Qərarda Azərbaycandakı dini abidələrin – Naxçıvandakı Qarabağlar türbəsinin, Qusar rayonundakı Həzrə türbəsinin, Şamaxı Cümə məscidinin təmir-bərpa işlərinin vacibliyi qeyd edilmişdir. Halbuki həmin dövrdə sovet ideologiyasına əsasən dini abidələrə olduqca mənfi münasibət mövcud idi. Buna baxmayaraq, Heydər Əliyev böyük cəsarət nümayış etdirərək belə abidələrin qorunub saxlanması məsələlərini önə çəkmişdir. Qərarda eyni zamanda Qarabağda Azıx mağarası, Ordubad rayonundakı “Xaraba-Gilan”, Qax rayonu Ləkit kəndindəki alban monastırı, İçərişəhər, Qobustan, Qəbələ kimi tarixi-arxeoloji abidələrin qorunmasının zəruriliyi xüsusilə vurğulanmışdır.

Qərarda həm də abidələrin tədqiqatları, aparılan elmi işlərin genişləndirilməsi və bu işlərin nəticələrinin geniş ictimaiyyətə çatdırılması bir vəzifə olaraq qarşıya qoyulmuşdur. Eyni zamanda bu istiqamətdə təbliğat işlərinin aparılması üçün bütün nəşriyyat orqanlarına, kütləvi informasiya vasitələrinə tarixi abidələrin təbliği ilə bağlı müvafiq işlərin gücləndirilməsi və Azərbaycan və xarici dillərdə nəşrlərin daha da artırılması tapşırılmışdır. Qərara əsasən arxeoloji materialların saxlanması və sərgisi üçün müvafiq bina ayrılmışdır. İçərişəhərdə yerləşən həmin binada Arxeologiya və Etnoqrafiya Muzeyinin açılışında Ulu Öndər şəxsən iştirak etmişdir.

Qərarda Tarix İnstitutunun nəzdindəki Arxeologiya və Etnoqrafiya Sektorunun bazasında müstəqil elmi tədqiqat müəssisəsinin – Arxeologiya və Etnoqrafiya İnstitutunun yaradılması nəzərdə tutulsa da növbəti – 1982-ci ildə Heydər Əliyevin Moskvaya – SSRİ rəhbərliyinə yeni vəzifəyə təyin edilməsi səbəbindən bu məsələ öz həllini tapmamışdır. Arxeologiya və Etnoqrafiya İnstitutu isə yalnız 1993-cü ildə – müstəqillik  dövründə yaradılmışdır.

Müstəqillik illərində Heydər Əliyevin müdrik siyasəti sayəsində Azərbaycanın tarixi abidələrinin qorunması və elmi tədqiqatlarının hüquqi bazası yaradıldı. Ulu Öndərin imzası ilə “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” 1998-ci il 10 aprel tarixli və “Arxeoloji irsin qorunması haqqında” Avropa Konvensiyasına Azərbaycan Respublikasının qoşulması barədə” 1999-cu il 20 oktyabr tarixli respublika qanunları qəbul edilmişdir. Bu qanunlarda abidələrin qorunmasının, tədqiqatlarının, istifadəsinin hüquqi əsasları şərh edilmiş və bütün bunların mühüm dövlət əhəmiyyətli işlər olması göstərilmişdir. Bu qanunlarda həm də işğal olunmuş bölgədəki abidələrin vəziyyəti barədə daxil edilmiş xüsusi maddələrdə həmin ərazilərdəki abidələrin mühafizəsinə nəzarət üçün beynəlxalq təşkilatların qarşısında məsələ qaldırılmasının zəruriliyi göstərilmişdir.

“Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasına dair İkinci Protokola Azərbaycan Respublikasının qoşulması barədə 12 dekabr 2000-ci il tarixli Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi ölkəmizin tarixi abidələrin qorunması istiqamətində beynəlxalq ictimaiyyətlə birgə addımlamasını bir daha sübut etməklə yanaşı, Ulu Öndərin həm də gələcəyə hesablanmış uzaqgörən siyasətinin nəticəsi idi. Belə ki, İkinci Protokolu 1999-cu il martın 26-da Haaqa şəhərində imzalanmış bu Konvensiyaya əsasən işğal zonalarında hər hansı arxeoloji qazıntıların aparılması, mədəni mülkiyyətə dəyişikliklərin edilməsi, mədəni, tarixi və elmi dəlillərin gizlədilməsi və ya məhv edilməsi qadağan olunmuşdur.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusu ikinci Qarabağ müharibəsində torpaqlarımızı işğaldan etdi. Həmin ərazilərdə 30 ilə yaxın müddətdə erməni vandallarının tarixi-mədəni abidələrimizi məhv etməsi, qeyri-qanuni tədqiqat işləri aparmaları artıq çoxsaylı əyani faktlarla sübuta yetirildi. Yəni Ermənistan özünün də üzvü olduğu Haaqa Konvensiyasının İkinci Protokolunun tələblərini saymazcasına pozmuşdur. Bununla yanaşı, vaxtilə məhz Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində respublikamızın bu Konvensiyaya qoşulması indi Azərbaycana Ermənistanın abidələrimizə qarşı törətdiyi vəhşiliklər barədə ən yüksək beynəlxalq instansiyalarda öz hüquqlarının təmin olunmasını tələb etmək, daha yüksək tribunalardan çıxış etmək üçün tutarlı hüquqi dəstəkdir.

Heydər Əliyevin müdrik siyasəti nəticəsində XXI əsrin ilk illərində Azərbaycan artıq dünya dövlətləri sırasında öz mövqeyini möhkəmlətmiş, iqtisadi və siyasi inkişaf mərhələsinə daxil olmuşdur. 90-cı illərdə demək olar ki, tam dayanmış arxeoloji ekspedisiyaların fəaliyyəti məhz bu dövrdən başlayaraq yenidən bərpa edildi. Ulu Öndərin bilavasitə təşəbbüsü və göstərişi əsasında ilk genişmiqyaslı tədqiqatların Naxçıvan bölgəsində aparılmasına qərar verilmişdir. Bu məqsədlə Naxçıvan bölgəsinin seçilməsi heç də təsadüfi deyildir. İşğalçılar Ermənistan tərəfindən blokadaya alınmış Naxçıvanın guya ermənilərə məxsus olması barədə saxta təbliğatla məşğul olur və öz əməllərini tarixi faktları saxtalaşdırmaqla ört-basdır etməyə çalışırdılar. Eyni zamanda Naxçıvan bölgəsi Azərbaycan xalqının qədim tarixinin bütün mərhələlərini əks etdirən tarixi-arxeoloji abidələrlə zəngindir.

Bütün bunları dəyərləndirən Ulu Öndər məhz Naxçıvanı ilk geniş tədqiqat obyekti olaraq seçmişdir. Bu məqsədlə onun tərəfindən Naxçıvanda başlıca olaraq məhz hansı abidədə tədqiqatların aparılacağı barədə təkliflərin təqdim olunması barədə AMEA-ya göstəriş verildi. Hazırlanmasında bu sətirlərin müəllifinin də iştirak etdiyi həmin təkliflərdə II Kültəpə, Xaraba-Gilan, Gəmiqaya və s. abidələr barədə məlumatlar yer almışdır. Heydər Əliyev əsas tədqiqat obyekti kimi məhz Ordubad rayonundakı, Ermənistanla bilavasitə sərhəddə, Kiçik Qafqazın Azərbaycan Respublikası ərazisində ən hündür zirvəsi olan (3906 m) Qapıcıq yüksəkliyinin yamaclarında yerləşən Tunc dövrünə aid (e.ə. IV minilliyin sonları-II minillik) qayaüstü təsvirlərdən, yurd yerlərindən və qəbir abidələrindən ibarət Gəmiqaya kompleksini seçmişdir. Bu, digər səbəblərlə yanaşı, həm də onunla bağlı idi ki, Gəmiqayada xalqımızın yazıya qədərki qədim tarixi daha əyani vasitələrlə əks olunmuşdur. Bununla əlaqədar olaraq geniş tərkibli “Naxçıvan – Gəmiqaya” arxeoloji ekspedisiyası yaradılmış və bu ekspedisiya Naxçıvanın bütün ərazisində 2001-2003-cü illərdə ətraflı arxeoloji araşdırmalar aparmışdır. Nəticədə onlarla qədim yaşayış məskənləri və qəbir abidələri, çox çətin çıxılan relyefdə yerləşən Gəmiqaya kompleksində 1500-ə qədər qayaüstü təsvirlər və digər abidələr aşkara çıxarılaraq tədqiqata cəlb edilmişdir.

Ulu Öndərin müdrik siyasəti nəticəsində Bakı – Tbilisi – Ceyhan neft kəməri layihəsinin reallığa çevrilməsi ölkəmizin iqtisadi-siyasi qüdrətini artırmaqla yanaşı, maddi-mədəni irsimizin tədqiqatı işlərinə də böyük bir təkan verdi. Məhz bu kəmərin inşası ilə əlaqədar olaraq tikinti sahəsində aparılan arxeoloji qazıntı işləri zamanı Xalkolit dövründən (e.ə. V minilliyin sonu – IV minilliyin əvvəli) Orta əsrlərin sonlarınadək (XVII – XVIII əsrlər) bütün tarixi mərhələlərə aid onlarla yaşayış məskənləri, yüzlərlə qəbir abidələri arxeoloqlar tərəfindən qazılaraq tədqiq edilmiş, onminlərlə maddi mədəniyyət qalıqları aşkara çıxarılmışdır.

Heydər Əliyev Azərbaycanın müxtəlif bölgələrindəki mühüm elmi, tarixi əhəmiyyət daşıyan maddi mədəniyyət abidələrinin qorunması üçün zəruri tədbirlər həyata keçirmişdir. Eyni zamanda Ulu Öndər 2003-cü ildə “Şabran” və “Çıraqqala” qoruqlarının yaradılmasını və “İçərişəhər” qoruğunun fəaliyyətinin təkmilləşdirilməsini nəzərdə tutan sərəncamlar da imzalamışdı.

Ulu Öndərin Azərbaycanın tarixi abidələrinin qorunması, tədqiqi və təbliği istiqamətindəki müdrik siyasəti bundan sonra da uzun illər aktuallığını saxlayacaqdır.

Nəcəf MÜSEYİBLİ, tarix elmləri doktoru, professor

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: