Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.02.2023 16:30
  • A-
  • A
  • A+

Alim və mütəxəssislər üçün “Horizon Avropa” proqramı üzrə məlumat günü keçirilib

Alim və mütəxəssislər üçün “Horizon Avropa” proqramı üzrə məlumat günü keçirilib

Fevralın 6-da Avropa İttifaqı və Azərbaycan arasında Tədqiqat və İnnovasiya Əməkdaşlığı çərçivəsində Avropa Komissiyası (AK) və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən AK-nın “Horizon Avropa” Proqramı üzrə məlumat günü keçirilib.

“Zoom” platforması üzərindən keçirilən görüşə Azərbaycanın müxtəlif dövlət təşkilatları və AMEA-nın elmi müəssisələrindən 200-ə yaxın mütəxəssis qatılıb.

Tədbirin açılış mərasimində çıxış edən AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva tədqiqatçı və mütəxəssislərin “Horizon Avropa” Proqramı ilə bağlı məlumatlandırılmasına həsr olunmuş görüşün əhəmiyyətindən danışıb. Bildirib ki, məlumat günündə AK-nın ekspertləri tərəfindən “Horizon Avropa” Proqramının imkanları, Mariya Sklodovska-Kürinin fəaliyyəti, eləcə də Avropa Tədqiqat Mərkəzi, iqlim və enerji klasteri və tibb istiqaməti üzrə təqdimatlar dinləniləcək.

E.Əlirzayeva tədqiqatçıları, dövlət və özəl sektorlardan olan mütəxəssisləri “Horizon Avropa” Proqramında yaxından iştirak etməyə, proqramın imkanlarından aktiv istifadəyə və tədqiqat qruplarına qoşulmağa dəvət edib.

Sonra Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Petr Mixalko çıxış edərək “Horizon Avropa” Proqramı üzrə məlumat günündə çıxış etməkdən məmnunluğunu ifadə edib və tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. AK-nın Azərbaycan üçün müxtəlif istiqamətlər üzrə əhəmiyyətli tərəfdaş olduğunu deyən P.Mixalko əlavə edib ki, Avropa Komissiyası dayanıqlı inkişaf hədəflərinə nail olmaq, ətraf-mühit və iqlim dəyişikliyi problemləri ilə yanaşı, enerji səmərəliliyi və s. məsələlər üzrə tədqiqatların aparılmasında və innovasiyaların həyata keçirilməsində Azərbaycana dəstək verir. Bu baxımdan “Horizon Avropa”nın önəminə toxunan P.Mixalko proqramın kreativlik, inklüziv cəmiyyət, rəqəmsal, sənaye, kosmos, mobillik, bioiqtisadiyyat, milli resurslar və s. kimi sahələri əhatə etdiyini və gənclər üçün geniş imkanlar açdığını diqqətə çatdırıb. O, bu istiqamətdə əlaqələrin daha da möhkəmləndirilməsinin əhəmiyyətini qeyd edib.

Daha sonra AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini, yer elmləri üzrə fəlsəfə doktoru Aytən Hüseynova AMEA-nın vitse-prezidenti, “Horizon Avropa” Tədqiqat və İnnovasiya Proqramı üzrə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin (MƏŞŞ) koordinatoru, akademik İbrahim Quliyevin çıxışını səsləndirib. Bildirilib ki, fəaliyyətini təkmilləşdirmək məqsədilə 2022-ci ildə şəbəkə yenilənib və müxtəlif dövlət qurumları, elm və təhsil müəssisələrindən aparıcı mütəxəssislər daxil edilib və hazırda şəbəkə 25 üzvlə Azərbaycanda fəaliyyətini davam etdirir. Vurğulanıb ki, MƏŞŞ-in fəaliyyətinin nəticələrinə əsasən, bu gün COST Proqramı üzrə 30-a yaxın layihədə azərbaycanlı alim və mütəxəssislərin iştirakının müsbət dinamikasını qeyd etmək olar. Məlumat gününün keçirilməsinin bu proqram haqqında geniş məlumatın əldə olunması, prosesdə iştirak və tələblərin anlaşılması, eləcə də elmi əlaqələrin inkişafı və möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi bildirilib. Qeyd olunub ki, bu kimi tədbirlər proqramın müxtəlif çağırışlarında Azərbaycan elminin inteqrasiya səviyyəsinə və alimlərin iştirak göstəricilərinin yüksəlməsinə töhfə verəcək.

Tədbirdə Azərbaycan Respublikası elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli çıxış edərək hazırda nazirliyin AMEA ilə birgə elmin inkişafına məsul qurumlardan biri olduğunu və artıq Azərbaycan dövləti tərəfindən Avropa Komissiyası ilə əlaqələrin daha da gücləndirilməsi istiqamətində əhəmiyyətli tədbirlərin görüldüyünü diqqətə çatdırıb. O, dövlət başçısının insan kapitalının artırılması ilə bağlı tapşırıqlarına müvafiq olaraq bir sıra layihələrə, o cümlədən Azərbaycanın dünyada yaşıl enerji ixracatçılarından birinə çevrilməsi istiqamətində layihəyə başlanıldığını deyib. N.Məmmədli ölkəmizin alim və tədqiqatçılarını “Horizon Avropa” Proqramında daha fəal iştirak etməyə çağırıb. Əlavə edib ki, alimlərimiz təşəbbüskarlığı artırmaqla daha yüksək nəticələrə nail ola bilərlər. O, Elm və Təhsil Nazirliyinin müxtəlif istiqamətlər üzrə bu kimi təşəbbüsləri dəstəkləməyə hər zaman hazır olduğunu da qeyd edib.

Daha sonra tədbir işini sessiya iclasları ilə davam etdirib.

İclaslarda Avropa Komissiyası tərəfindən Marija Fedotovaite “Mariya Sklodovska-Kurinin fəaliyyəti”, Elena Volpi “Avropa Tədqiqat Şurası: missiyalar, nailiyyətlər və maliyyə imkanları”, Philippe Schild “Horizon Avropa” Proqramı çərçivəsində iqlim və enerji üzrə çağırışlar – iqlim neytrallığına nail olmaq üçün yaşıl və rəqəmsal keçidlərə diqqət yetirmək”, Soren Bovadt “2023-2024-cü illər iş porqramında səhiyyə üzrə çağırışlar”, Manuel Gonzalez Evangelista “Şərq Tərəfdaşlığı ölkələrində Ağıllı ixtisaslaşma. Azərbaycanda biliyə əsaslanan iqtisadi əməkdaşlıq imkanları” mövzularında məruzələrlə çıxış ediblər.

Məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: